10.06.2025, 09:54
75 baxış
Azad
Kosmosa növbəti missiya yola düşür
Amerikalı milyarder, “Space X” şirkətinin rəhbəri İlon Mask Beynəlxalq Kosmik Stansiyaya (BKS) növbəti missiya göndərir.
Bu, kosmosa yola düşən dördüncü özəl missiyadır. İyunun 10-nu “Axiom Mission 4” çərçivəsində dörd nəfərlik yeni astronavt qrupu”SpaceX”a məxsus “Dragon” kosmik kapsulu ilə Beynəlxalq Kosmik Stansiyaya doğru yol alacaq.
Buraxılış ABŞ-ın Florida ştatındakı NASA-nın Kennedi Kosmik Mərkəzindən “SpaceX”ın “Falcon 9” raketi ilə həyata keçiriləcək. Kapsulun BKS-ə birləşdirilməsi 11 iyuna planlaşdırılır.
Kosmik gəmidə olanlardan biri 65 yaşlı amerikalı Peggy Whitsondur. O, keçmiş NASA astronavtı və hazırda “Axiom Space” şirkətində pilotlaşdırılmış kosmos uçuşları üzrə direktordur. Missiyaya o rəhbərlik edəcək. Pilot kimi Hindistandan olan ISRO astronavtı 39 yaşlı Şubhanşu Şukla iştirak edir. Hindistanlı astronavtı “missiya mütəxəssisləri” olaraq Polşadan ESA layihə astronavtı 41 yaşlı Sławosz Uznański-Wiśniewski və Macarıstandan 33 yaşlı mühəndis və astronavt Tibor Kapu müşayiət edirlər.
NASA bildirir ki, Şubhanşu Şuklanın bu missiyada iştirakı ABŞ prezidenti Donald Tramp və Hindistanın baş naziri Narendra Modinin vurğuladığı vədin, ilk ISRO astronavtının kosmosdakı ön mövqeyə göndərilməsi razılaşmasının yerinə yetirilməsidir.
Astronavtların BKS-də təxminən 14 gün qalacağı və burada tibb, biologiya, biotexnologiya və mühəndislik sahələrində 13 elmi eksperiment aparacağı gözlənilir.
Bu dəfə yumşaq bir oyuncaq – “Joy” adlı qu quşu da onlarla birgə uçur. Bu oyuncaq “sıfır cazibə göstəricisi” rolunu oynayır, yəni astronavtlar onunla çəkisizlik şəraitinə keçidi müəyyən edə bilirlər.
Bu qu quşu hər astronavt üçün xüsusi məna daşıyır: Hindistanda saflıq və müdriklik simvoludur, Polşada dözümlülüyü təmsil edir, macarlar isə onun zərif və ləyaqətli hərəkətlərinə dəyər verirlər.
2022-ci ilin aprelində “Axiom Mission 1” ilə ilk dəfə tamamilə özəl bir missiya BKS-ə göndərilmişdi. ABŞ-ın Axiom şirkəti gələcəkdə kosmosda bir kosmik otel inşa etməyi də planlaşdırır.
Sarvan Səmədoğlu