Medianews.az
Kartından pul oğurlanan adam danışdı – <span style=color:red>“Pulumu çəkəndən sonra dedilər ki, açığı, biz dələduzuq...”
157 baxış

Kartından pul oğurlanan adam danışdı – “Pulumu çəkəndən sonra dedilər ki, açığı, biz dələduzuq...”

Son vaxtlar Azərbaycan vətəndaşlarının bank kartlarından kiberdələduzluq yolu ilə pulların oğurlanması halları artmaqdadır. Dələduzların yararlandığı əsas üsullardan biri də populyar onlayn resursların oxşarını (əkizini) yaratmaq, insanların ehtiyatsızlığından, diqqətsizliyindən istifadə edib onları bu resurslarda bank kartları ilə əməliyyat həyata keçirməyə həvəsləndirmək, beləliklə, kart sahibinin öz əli ilə daxil etdiyi məlumatlar sayəsində pul çəkməkdir. Belə bir ehtiyatsızlığa yol verən, nəticədə pulu oğurlanan Azərbaycan vətəndaşlarından biri adının çəkilməməsi şərti ilə Medianews.az saytına danışmağa razılaşıb. O deyib: “Axşam saat 9 olardı. “İnstagram” şəbəkəsinə daxil olmuşdum. Gördüm “KontakHome” şirkətinin səhifəsini paylaşıblar. “KontakHome”un əsl səhifəsindən demək olar heç nə ilə fərqlənmirdi. 97 min izləyicisi, 7107 foto paylaşımı olan bir səhifə idi. Ən son paylaşımında da yazılmışdı ki, “İphone14 PRO” telefonuna əla endirim var, qiymət 1500 manatdan 999 manata düşüb. Yazılmışdı ki, sifariş vermək üçün linkə daxil olun. Linki açmamışdan qabaq elanın altındakı şərhlərə baxdım. Gördüm hamı yazıb ki, almışıq, razıyıq, əladır, superdir və sair və ilaxır. Vatsap nömrəsi vardı, həmin nömrə ilə də yazışdım, sifarişlə əlaqəli suallar verib, cavab aldım. Sonra linkə daxil oldum. Onlayn sifariş vermək üçün günün sonuna qədər vaxt var idi. Yəni endirim günün sonuna qədər qüvvədə idi. Mənim isə bir saatdan azca çox vaxtım qalmışdı. Çünki iki saata yaxın səhifəyə baxıb, araşdırıb, götür-qoy etmişdim, vatsapla yazışmışdım. Axşam saat 11-ə qalmış qərar verdim ki, telefonu alım. Linkə daxil olub ad-soyadımı, bank kartımın məlumatlarını – 16 rəqəmli kart nömrəsini, kartın bitmə tarixini, üçrəqəmli CVC təhlükəsizlik kodunu yazdım. Sonra əməliyyatı təsdiqləmək üçün mobil telefonuma bir dəfə istifadə üçün nəzərdə tutulmuş dörd rəqəmli təhlükəsizlik şifrəsi - OTP kodu gəldi. Onu da yazdım. Sistem fırlandı, fırlandı, yekunda “iks” (X) düşdü, bu da məntiqlə o deməkdir ki, əməliyyat həyata keçmədi. İkinci OTP kodu gəldi. Yazdım, yenə “X” düşdü. Üçüncü dəfə də proses bu qaydada təkrarlandı. Dördüncü dəfə isə baxdım ki, hesabımdan üç dəfə 999 manat pul çəkilib. Vatsapla onlara yazdım ki, pul məndən üç dəfə çıxılıb. Qayıtdı ki, çeki ata bilərsinizmi. Mən gec də olsa, artıq məsələni başa düşmüşdüm. Yazdım ki, yox, ata bilmirəm çeki, pul üç dəfə çəkilib – saat 22:51, 22:52, 22:55 radələrində. Eləcə saatları yazdım. Vatsapda mənimlə mesajlaşan adam bu dəfə yazdı ki, açığı, biz dələduzuq, sizin pulunuzu biz çəkmişik, amma 999 manat çəkmişik saat 22:51 olanda, saat 22:52 və 22:55-dəki çəkimlərdən xəbərimiz yoxdur. Baxdım ki, mənim “M10” hesabım da bloka düşüb. Bunu “M10”a bildirdim. Oradan dedilər ki, hüquq mühafizə orqanlarına müraciət edin, onlar bizə məhkəmə rəyi versə, sənin şəxsi məlumatlarını açıb deyə bilərik. Hüquq mühafizə orqanlarına müraciət etmişəm. Nəticəsini gözləyirəm”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun