Medianews.az
Azərbaycan hökuməti üçün təhlükə zəngi çalınır – <span style=color:red>AÇIQLAMA
244 baxış

Azərbaycan hökuməti üçün təhlükə zəngi çalınır – AÇIQLAMA

“Azərbaycanın müasir tarixində neft qiymətləri ilə bağlı hökumət üçün iki dəfə təhlükə zəngi çalınıb”. REAL Partiyasının sədri, ixtisasca iqtisadçı olan Natiq Cəfərli Medianews.az-a açıqlamasında belə deyib. O, vurğulayıb: “2008-ci ildə neft qiymətləri endi, maliyyə böhranı yaşandı, hökumət bəzi sahələrdə islahatların olacağını elan etdi, amma cəmi 8-9 ay sonra neft qiymətləri yenidən yüksəldi, islahat söhbətləri təxirə düşdü. Sonra 2015-ci ildə daha kəskin böhran gəldi, neft qiymətləri ucuzlaşdı, üçpilləli devalvasiyaya getmək məcburiyyəti yarandı (məzənnə əvvəl 1,05, sonra 1,55, sonda 1,70 manatda sabitləşdi), qiymətlər 2 ilə yaxın aşağı səviyyədə qaldı. Hökumət islahatların dərinləşdirilməsi ilə bağlı müzakirələr açdı, pambıq əkini artdı, aqrar sahədə müəyyən dəyişikliklər oldu (subsidiyalar artırıldı), amma 2017-18-ci illərdə yenə neft qiymətləri yüksəldi, yenə köklü islahatlara keçid baş vermədi”. N.Cəfərlinin sözlərinə görə, 2025-ci ildə neftlə bağlı üçüncü təhlükə zəngi çalınır: “Neft qiymətlərinin enmə ehtimalı yüksəkdir, amma bir problem də odur ki, bizdə hasilat da kəskin düşüb, düşür. Teatrda tamaşa başlamazdan öncə üç dəfə zəng çalınır, hamıya aydın olur ki, zala daxil olmaq lazımdır, tamaşaçılar üçüncü zəngdən sonra zala daxil olanlara yaxşı baxmırlar. Bu analogiyanı davam etdirsək, indi doğrudan da üçüncü zəngdir. Ümid edirəm ki, bu zəngdən sonra tamaşa deyil də, köklü, sistemli islahatlar başlanacaq. Bu, məmləkətimiz üçün, gələcəyimiz üçün çox vacibdir. Dövlətimizin güclü olması iqtisadiyyatdan çox asılıdır, hamımızın arzusu - “güclü dövlət, rifah içində yaşayan vətəndaş” formulunun məmləkətdə işlək olmasıdır”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun