Medianews.az
Toy sahibləri aldadılırmı? Şadlıq saraylarının görünməyən üzü – <span style=color:red>ARAŞDIRMA
274 baxış

Toy sahibləri aldadılırmı? Şadlıq saraylarının görünməyən üzü – ARAŞDIRMA

Son zamanlar bir çox şadlıq evlərində yeməklərlə bağlı ciddi narazılıqlar artır. Toy sahibləri yüksək məbləğlər ödəsələr də, qonaqlara təqdim olunan yeməklərin keyfiyyəti, vaxtında verilməsi və miqdarı məsələsində ciddi problemlər yaşanır. Əldə etdiyimiz məlumatlara görə, bəzi şadlıq evlərində isti yeməklər bilərəkdən gecikdirilir. Məqsəd isə sadədir: qonaqlar süfrədəki qəlyanaltı və salatlarla doyaraq əsas yeməyə ehtiyac duymasınlar. İsti yeməklər isə daha sonra az miqdarda gətirilir və süfrədə bolluq təəssüratı yaradılır. Beləliklə, həm toy sahibindən alınan böyük məbləğlər özlərini doğrultmur, həm də qonaqlar keyfiyyətsiz xidmətlə qarşılaşırlar. Bəs bu hallara qarşı hansı nəzarət tədbirləri görülür? Şadlıq evlərinin yemək keyfiyyəti və xidmət səviyyəsi kim tərəfindən yoxlanılır? Toy sahibləri hüquqlarını necə qoruya bilər? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Mansur Piriyevin Medianews.az-a açıqlaması zamanı bildirdi ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində xüsusilə kütləvi qidalanma məkanlarında qida təhlükəsizliyi tələblərinin gözlənilməsi, həmçinin xoşagəlməz hadisələrin baş verməməsi üçün davamlı olaraq ciddi tədbirlər həyata keçirilməkdədir: “Son günlər ərzində onlarla kütləvi qidalanma məkanlarında, restoran və şadlıq evlərində aparılan yoxlamalar zamanı aşkarlanmış nöqsanlar və bununla bağlı görülən inzibati cəza tədbirləri barədə ictimaiyyətə məlumatlar təqdim olunub. Nöqsanlar aşkarlanan və xoşagəlməz halların baş verməsinə birbaşa olaraq cavabdeh olan restoran sahiblərinə rəsmi xəbərdarlıqlar edilib, lakin təəssüf ki, hələ də öz işinin məsuliyyətini dərk etməyən sahibkarlıq subyektlərinə rast gəlinməkdədir. Aşkarlanan nöqsanların təhlili onu göstərir ki, bər-bəzəkli zallara, daha çox müştəri cəlb etmək üçün reklamlara diqqət ayıran bəzi şadlıq evləri sahibləri əsas diqqət olunmalı məsələyə, yəni məhsulların emal sahələrinə, xammalın qəbulu zamanı təhlükəsizlik tələblərinə, mətbəxlərə, sanitar gigiyenik vəziyyətə, işçi heyətin sağlamlığına dırnaqarası yanaşırlar. Təəssüf ki, belə yanaşma sonda xoşagəlməz halların yaşanmasına, kütləvi zəhərlənmələrin baş verməsinə şərait yaradır. Bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün istehlakçılar da diqqətli olmalı və xidmət zamanı hər hansı şübhəli məqam və ya nöqsan gördükləri zaman Agentliyin “1003” qaynar xəttinə məlumat vermələri xahiş olunur. Agentlik tərəfindən bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək”. Mövzu ilə bağlı iqtisadçı-ekspert Günay Hüseynova da saytımızla fikirlərini bölüşüb. Onun sözlərinə görə, ciddi narazılıqların artmasının əsas səbəbi ilk növbədə nəzarətin zəifliyidir: “Bu sahədə ciddi boşluqlar mövcuddur və sahibkarlar da, görünür, bu nəzarətsizliyə arxayındırlar. Məsələn, menyulardakı qiymətlər çox zaman qeyri-müəyyəndir — bəzən həddən artıq baha, bəzən isə ucuz olur ki, bu da xidmətin və məhsulun keyfiyyəti ilə əlaqəli deyil. Bir neçə il əvvəl bu sahədə niyə bu qədər nəzarətsizlik vardı? Gərək zəhərlənmə hadisəsi baş versin, ictimai qınaq formalaşsın ki, tədbir görülsün? Dövlət Vergi Xidməti və Antiinhisar Tənzimlənməsi və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sonuncu dəfə nə vaxt restoranlara ciddi şəkildə nəzarət edib? Hansı restoran cərimələnib, hansı şadlıq sarayı nə qədər vergi ödəyib? Toy sahiblərinə rəsmi faktura təqdim olunubmu? Niyə ofisiantlar və digər işçilər qanunsuz olaraq iş saatından artıq işlədilir? Bu gün bir vətəndaş öz bağından yığdığı məhsulu səyyar şəkildə, məsələn, metronun qarşısında satmaq istədikdə dərhal vergi orqanları və sahə müvəkkilləri müdaxilə edir. Bəs niyə “toy bazarında” bu qədər qanunsuzluğa göz yumulur? Hüquqi dövlətdə yaşayırıq və hər kəs qanun qarşısında eyni məsuliyyəti daşımalıdır. Vətəndaşların haqlı narazılığı var: ödəniş etdikləri xidmətin qarşılığını ala bilmirlər. Üstəlik, bəzi hallarda əvvəlki toydan qalan salat, qəlyanaltı və tərəvəzlər yenidən süfrəyə verilir. İlk əvvəl bu təamlar süfrəyə qoyulur, daha sonra əsas yeməklər — kabab, plov və digər isti yeməklər təqdim olunur. Ancaq ikinci dəfə istənildikdə isə, çox vaxt “qalmayıb” cavabı verilir”. Xanım ekspert qeyd etdi ki, rayon və bölgələrdə isə vəziyyət fərqlidir: “Burada çox zaman vətəndaşlar yalnız yer haqqını və ofisiantın pulunu ödəyir, süfrəyə qoyulan yeməkləri özləri hazırlayırlar. Bu üsul daha səmərəli və şəffaf görünür. Vətəndaşların hüquqlarının qorunması məsələsinə gəlincə, yaranan qanunsuzluq və hadisənin xarakterindən asılı olaraq Antiinhisar Xidmətinə, Dövlət Vergi Xidmətinə və ya mülki qaydada məhkəməyə müraciət etmək mümkündür”. Oğuz Ayvaz, Medianews.az

Bizə qoşulun