29.04.2025, 15:00
181 baxış
Azad
Elmi dərəcələrlə bağlı yeni model - TƏKLİF
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi “Elmi dərəcələrin verilməsi haqqında yeni model” təklifi irəli sürüb.
Medianews.az-ın məlumatına görə, təklifdə deyilir:
- Hazırda Azərbaycanda elmi dərəcələrin verilməsi əsasən Ali Attestasiya Komissiyası (AAK) tərəfindən həyata keçirilir və bu sistem “Elm haqqında” Qanunun 18-ci maddəsinə əsaslanır. Lakin bu yanaşma postsovet dövrünün inzibati-bürokratik modelinin mirasıdır və XXI əsrin tələblərinə cavab vermir. Elmi dərəcələrin mərkəzləşdirilmiş təsdiqi prosesi həm çevikliyi azaldır, həm də universitetlərin akademik muxtariyyətini məhdudlaşdırır. Dünya praktikasında isə elmi dərəcələrin verilməsi əsasən universitetlərin öz elmi şuralarının, tədqiqat institutlarının və fakültə əsaslı komitələrin səlahiyyətinə verilib.
Yeni modeldə elmi dərəcələrin (fəlsəfə doktoru və elmlər doktoru ekvivalentləri) verilməsi birbaşa universitetlərin özlərinə həvalə edilməlidir. Universitetlər “elmi dərəcə verən müəssisə” statusu almaq üçün akkreditasiyadan keçməlidir. Bu akkreditasiyanı Elm və Təhsil Nazirliyinin yanında yaradılan müstəqil bir “Elmi Akkreditasiya Agentliyi” həyata keçirməlidir. Beləliklə, dövlət nəzarəti sistemli, amma birbaşa müdaxiləsiz şəkildə təmin olunacaq. Bu modelin hüquqi əsası “Təhsil haqqında” və “Elm haqqında” Qanunlarda “elmi müəssisə və təşkilatların akademik muxtariyyəti” prinsipinin genişləndirilməsi ilə yaradılmalıdır.
Universitetlərdə yaradılacaq Elmi Şuralar tədqiqatların keyfiyyətini qiymətləndirəcək. Müdafiə şərtləri beynəlxalq standartlara uyğun tənzimlənməlidir: müdafiə üçün namizədin ən azı 2-3 beynəlxalq nüfuzlu (Scopus, Web of Science) jurnalda məqaləsi olmalı, tədqiqatın orijinallığı “plagiat yoxlama sistemləri” vasitəsilə təsdiqlənməli, doktorantın və ya elmlər doktoru namizədinin ən azı bir beynəlxalq konfransda çıxışı olmalıdır. Bununla həm elmi məhsuldarlıq, həm də beynəlmiləlləşmə təşviq ediləcək.
Yeni modeldə müdafiə proseduru tam şəffaf olmalıdır. Müdafiə tədbirləri ictimaiyyətə açıq keçiriləcək, dissertasiya işləri onlayn açıq bazada yerləşdiriləcək, müdafiədən əvvəl ictimai rəylər qəbul ediləcək. Qərb modellərində olduğu kimi, müdafiə edən şəxsin opponenti mütləq başqa universitet və ya tədqiqat mərkəzindən olmalıdır. Eyni universitet daxilində opponet təyinatı qadağan edilməlidir ki, maraq toqquşması aradan qaldırılsın.
Ali Attestasiya Komissiyası hazırkı formada ləğv edilməli, onun yerində yalnız “Elmi Keyfiyyət və Etika Komitəsi” adlanan kiçik bir nəzarət qurumu saxlanmalıdır. Bu qurum yalnız ümumi qaydaların pozulması, plagiat halları, müdafiələrin qanunsuz keçirilməsi kimi hallarda audit aparmalıdır. Qərarvermə hüququ isə universitetlərin öz Elmi Şuralarında olmalıdır. Universitetlər özlərinin verdiyi dərəcələrə görə məsuliyyət daşıyacaq və onların məzunlarının uğuru universitetin reytinqinə birbaşa təsir göstərəcək.
Bu model tətbiq olunarsa, bir neçə mühüm dəyişiklik baş verəcək. Birincisi, universitetlər akademik muxtariyyət qazanacaq və elmi yaradıcılıq mühiti güclənəcək. İkincisi, elmi tədqiqat motivasiyası artacaq, çünki inzibati baryerlər azalacaq və diqqət yalnız tədqiqat keyfiyyətinə yönələcək. Üçüncüsü, plagiat və süni dissertasiya istehsalı kimi hallar azalacaq, çünki müdafiə prosesində şəffaflıq və beynəlxalq meyarlar üstünlük təşkil edəcək. Dördüncüsü, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyi yaxşılaşacaq, çünki tədqiqat məhsuldarlığı və akademik nüfuz əsas indikatorlardandır.
Əgər köhnə model saxlanılarsa, Azərbaycan elmi sisteminin dünya elmində çəkisi zəifləyəcək, çünki süni dərəcə sahibləri artacaq, elmi məhsuldarlıq isə azalacaq. Bu, həm də gənclərin elmə marağını azaldacaq, çünki real tədqiqat mühiti olmayanda istedadlı gənclər başqa sahələrə yönəlir və ya ölkəni tərk edirlər.
Yeni modeldə ən vacib məsələ odur ki, hər bir universitet öz verdiyi dərəcəyə görə həm reputasiya, həm də hüquqi məsuliyyət daşıyacaq. Bu, universitetləri daha ciddi seçimlər etməyə, müdafiə prosesini yüksək səviyyədə təşkil etməyə məcbur edəcək. Beləliklə, sistem özü-özünü tənzimləyəcək və inkişaf etdirəcək.
Paylaş: