Medianews.az
“Bəli, biz bu prosesin astanasındayıq” – <span style=color:red>Zahid Oruc
319 baxış

“Bəli, biz bu prosesin astanasındayıq” – Zahid Oruc

Demək olar hər gün istər yerli, istərsə də xarici mediada yeni dünya nizamından danışılır. İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizamın dəyişməkdə olduğu deyilir. Yeni dünya nizamı nə vaxt formalaşacaq? Artıq dünyada yeni bir beynəlxalq nizamın formalaşdığını biz haradan, necə biləcəyik? Mövzu ilə bağlı Medianews.az-a danışan Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, İkinci Dünya müharibəsindən sonra beynəlxalq təhlükəsizlik arxitekturası, siyasi arxitektura soyuq müharibə dövrünə qədəm qoydu, ikiqütblü dünya modelinə keçdi: “Bu, Uinston Çörçillin 1946-cı ilin martında ABŞ-nin Missuri ştatının Fulton şəhərindəki Vestminster kollecindəki məşhur çıxışında İkinci Dünya müharibəsinin qalibi olan SSRİ-nin əleyhinə səsləndirdiyi fikirlərindən sonra baş verdi. O zaman Çin hələ əsas güc mərkəzlərindən deyildi. Sovet İttifaqı öz çevrəsində Varşava Paktı adlı hərbi blok yaradaraq sosialist sistemlərini, kommunist ideallarını ora köçürmək xətti tutdu. Geniş bir coğrafiyada iri kommunist bloku yarandı. Digər cinahda isə ABŞ-nin liderliyi ilə Avro-Atlantik məkan, NATO formalaşdı. Bu iki blokun soyuq müharibə adı almış qarşıdurması 1989-cu ildə Almaniya Demokratik Respublikasının Almaniya Federativ Respublikasına birləşməsi, 1991-ci ildə isə SSRİ-nin dağılması ilə yekunlaşdı. Həqiqətən də soyuq müharibəni Qərb ittifaqı qazandı. Nəticədə 1975-ci ildə ATƏT-in Helsinki şəhərində keçirdiyi Ümumavropa müşavirəsində – Helsinki sammitində iştirakçıların imzaladığı yekun aktla əsası qoyulmuş beynəlxalq qurumlar, təhlükəsizlik sistemi də artıq öz yerini yeni münasibətlərə verdi. NATO genişlənmə xəttini seçdi. 1949-cu ildə Vaşinqtonda 12 təsisçi üzvün imzaladığı Şimali Atlantika Müqaviləsi Təşkilatında hazırda 32 dövlət yer alır. Müasir dövrdə, xüsusilə Rusiya-Ukrayna savaşı başlanandan sonra yeni dünya nizamına keçid istiqamətində çağırışlar artmaqda idi. Lakin çəkinmədən demək olar ki, SSRİ-nin dağılması Qarabağdan – Birinci Qarabağ savaşından başlandığı kimi yeni dünya nizamı da İkinci Qarabağ savaşı ilə birbaşa əlaqəlidir. Sanki qlobal olaylar İkinci Qarabağ savaşındakı zəfərimizdən sonra yerindən tərpənib. Və artıq yeni qlobal arxitekturalar meydana çıxmaqdadır". Bu ilin aprelində Prezident İlham Əliyevin Çinə səfər etdiyini xatırladan Z.Oruc vurğulayıb: "Ötən illər ərzində biz Qərb dövlətləri ilə çox yaxın münasibətlərə çalışmışıq. Neft-qaz müqavilələrimizin mütləq əksəriyyəti ABŞ-nin və Avropa İttifaqına daxil olan ölkələrin iri korporasiyaları, transmilli şirkətləri ilə həyata keçirilib. Digər tərəfdən bizim xarici ticarət tərəfdaşlığımızın 40 faizdən çox hissəsi yenə həmin coğrafiyada yerləşən ölkələrlədir. Tək iqtisadi əlaqələr deyil, siyasi əlaqələrin, müttəfiqlik əlaqələrinin, çoxtərəfli əməkdaşlığın böyük bir hissəsi o məkanla idi. Təəssüf ki, Qərb öz idarə üsulunu regiona yürütmək cəhdi ilə Azərbaycanın gözləntilərini doğrultmadı. İkinci Qarabağ savaşından sonra Fransanın, bir sıra hallarda həm də Almaniyanın qələbəmizi təftiş etmək, əleyhimizə çevirmək, gözdən salmaq, əlimizdən almaq istəyi faktiki Azərbaycanı vadar etdi ki, milli maraqlarımızın müdafiəsini digər qitələrlə, o cümlədən Asiya qitəsi ilə, Çin dövləti ilə strateji əməkdaşlığa getməklə, yeni iqtisadi əlaqələr formalaşdırmaqla gücləndirək. Biz bu yöndə bir sıra addımlar atmışıq, fəaliyyətimizi davam etdirməkdəyik”. Z.Orucun fikrincə, Rusiya-Ukrayna müharibəsi Cozef Baydenin ABŞ Prezidenti olduğu dövrdə müxtəlif qitələrdə yerləşən 50-dən çox dövlətin yeni ittifaq, anti-Rusiya alyansı qurması ilə nəticələnib ki, bu da özlüyündə yeni dünya nizamının konturlarını cızıb: “İndi beyin mərkəzləri, siyasi institutlar - hamısı bəyan edir ki, BMT-dəki Təhlükəsizlik Şurası sistemi bilavasitə İkinci Dünya müharibəsinin nəticəsidir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın isə dediyi kimi, “dünya 5-dən böyük”, yəni Təhlükəsizlik Şurasında 5 ölkəyə verilmiş üstünlük hüququ artıq özünü doğrultmur, qərarlar 5 dövlətin rəyi ilə həll olunmamlıdır. Digər tərəfdən Donald Trampın ikinci dəfə hakimiyyətə qayıtması və onun "Birinci Amerikadır", "Amerikanı yenidən böyük edək" devizi altında yürütdüyü siyasət elə bir iqtisadi savaşa rəvac verib ki, bu savaş dünyanı, qlobal sistemi hətta Rusiya-Ukrayna müharibəsindən də çox silkələməkdədir. O biri tərəfdən Avro-Atlantik inteqrasiya xəttində də ciddi laxlamalar var. ABŞ Prezidenti Donald Tramp bəyan edir ki, Avropa ölkələri təhlükəsizliklərini özləri qorusunlar, Amerika bunu onların əvəzindən etməyəcək. Faktiki olaraq deyir ki, nəinki ümumdaxili məhsulunuzun 2 faizini, gedin lap 4 faizini, 6 faizini hərbi sahəyə yönəldin, mən bütün strateji silahlarımı Avropa məkanında yerləşdirəsi deyiləm. Bu şəraitdə Atlantik məkan parçalanarsa, hətta NATO-nun müəyyən qədər dağılması ssenariləri baş tutarsa, o halda haqqında danışdığımız nizam necə olacaq? Ona görə də bir çoxları indi dünya nizamından da yox, dünya nizamsızlığından, qlobal təhlükəsizlik sisteminin böhran keçirməsi, qlobal təhlükəsizlik arxitekturasının çökməsindən bəhs edir. Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında, müsahibələrində, beynəlxalq konfranslarda bu mövqeyi ifadə edir. İndi biz ilk dəfədir taleyimizdə, tariximizdə yeni arxitekturanın qurucularından biri kimi çıxış edirik. Yəni taleyimizi başqaları həll etmir, bu, çox önəmlidir. Tarixə nəzər salsaq, Azərbaycan nə Kürəkçay, nə Gülüstan, nə Türkmənçay, nə də keçmiş zamanların digər taleyüklü müqavilələrinin heç birinə öz iradəsini daşıya bilməyib. İndiki halda isə biz, məsələn, türk dövlətləri arasında daha dərinləşmiş əlaqələrin, hətta daha sıx türk hərbi ittifaqlarının təşəbbüskarı kimi çıxış edirik. Amma məsələ tək bununla bitmir. Çinlə əlaqələrimiz regionda, Cənubi Qafqazda mühüm rol oynaya bilər. Həqiqətən də, əvvəlkindən çox fərqli siyasi coğrafiyalar formalaşa bilər və formalaşacaq da. Bu, qaçılmazdır. Bəli, biz yeni dünya düzəninin, arxitekturasının astanasındayıq. Bu proses bir il, beş il, on il də çəkə bilər. Hətta hansısa dövlətlər bu xəritədə varlığını, müstəqilliyini itirə bilər. Ona görə bəziləri heç olmasa xalqının varlığını qorumaq uğrunda mübarizə aparır. Mənim bu açıqlamamda bir dəfə də olsun Ermənistanın adını çəkməməyim təsadüfi deyil. Çünki Ermənistan beynəlxalq münasibətlər sisteminin müəyyənləşdirici tərəfi deyil. Bəli, Fransadan, Hindistandan, başqa dövlətlərdən silah ala bilər, amma Ermənistanın indiki rəhbərliyi dərk edir ki, iki milyonluq əhalisi ilə yüz əlli milyonluq türk dünyasına qarşı, özü də türk coğrafiyasında savaşa bilməyəcək. Ona görə biz belə düşünürük ki, öz coğrafiyamızda aktiv iştirakımızı davam etdirməliyik. Əgər yeni dövlətlərin birlikləri meydana gələrsə, başlıca işlərimizindən biri suverenliyimizi qorumaq, hərbi mənafelərimizi irəliyə daşımaq olacaq. Türkiyə ilə münasibətlərimizi daha da gücləndirməkdəyik. Eyni zamanda qəbul edirik ki, biz Qərb mərkəzli dünyadan çoxqütblü yeni dünyaya keçid mərhələsindəyik". Nailə Qasımova, Medianews.az

Bizə qoşulun