Medianews.az
Universitet seçimi: 1000 azərbaycanlı arasında keçirilmiş <span style=color:red>sorğunun nəticələri
227 baxış

Universitet seçimi: 1000 azərbaycanlı arasında keçirilmiş sorğunun nəticələri

Təhsil eksperti Kamran Əsədov universitet seçimi ilə bağlı 1000 nəfər arasında sorğu keçirib. K.Əsədov Medianews.az-a açıqlamasında deyib ki, cavablar demək olar eynidir: “Dövlət universitetinə üstünlük verirəm”. Ekspert qeyd edib ki, dövlət universitetlərinə üstünlük vermələrinin səbəbini respondentlər əslində düz-əməlli izah edə bilməyiblər: “Səbəbi soruşursan, heç özü də bilmir. Bu gün universitet seçimi sanki adətə, stereotipə çevrilib: “Dövlət olsa, yaxşıdır”. Amma reallıq tamam başqadır. Bugünkü şəraitdə özəl və dövlət universitetlərinin təhsili, diplomu arasında elə bir fundamental fərq yoxdur. Hər ikisinin yaxşısı da var, pisi də — bu, artıq şəxsi keyfiyyətlərə və universitetin idarəçiliyinə bağlıdır. Bəzən elə dövlət universitetlərində də səviyyəsiz, rüşvətə bulaşmış mühitlə qarşılaşmaq mümkündür. Özəl universitet deyəndə isə bəzilərinin ağlına dərhal “çox bahalı” obrazı gəlir, amma bu da mifdir. Hazırda yalnız Xəzər, Azərbaycan və Qərbi Kaspi universitetlərində illik ödəniş doğrudan da yüksəkdir, digərlərinin qiyməti isə dövlət universitetlərindən fərqlənmir”. Diplom məsələsinə gəlincə, K.Əsədov vurğulayıb ki, istər dövlət, istər özəl universitet olsun, diplomu eyni nazirlik verir, eyni hüquqi qüvvəyə malik möhür vurulur: “Bir sözlə, iş axtaranda sənə baxanda, “bu dövlət diplomudur, bu özəl” deyən yoxdur – fərq yoxdur. Əsas olan özünü necə inkişaf etdirməyindir, hansı universitetdə hansı bilik və bacarıqlara yiyələndiyindir. Bəlkə də vaxt gəlib ki, seçimi şablonlarla, köhnə təəssüratlarla yox, real imkan və nəticələrlə edək. Çünki artıq diplomun arxasında hansı universitetin adının yazılmasından daha vacibi, həmin universitetdə sənin hansı dəyərlərlə, hansı biliklərlə yetişdiyindir”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun