Medianews.az
Eldar Əzizovun səlahiyyəti yox imiş... – <span style=color:red>FAKT
314 baxış

Eldar Əzizovun səlahiyyəti yox imiş... – FAKT

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yenidən medianın diqqət mərkəzindədir. Onun leysan zamanı paytaxtda nəqliyyat vasitələrinin tunellərə və körpüaltı keçidlərə girişini məhdudlaşdırmaq təklifi geniş müzakirə edilir və əsasən tənqid olunur. REAL Partiyasının sədri Natiq Cəfərli məsələnin fərqli nüansına toxunub. N.Cəfərli Medianews.az-a açıqlamasında bildirib: “Eldar Əzizov deyir ki, iki ildən sonra Bakının su-kanalizasiya sistemi düzələcək, amma o vaxta qədər, yəni təxminən 750 gün ərzində güclü yağış yağsa, tunelləri, keçidləri qapadacaqlar ki, XXI əsrdə şəhərin mərkəzində insanlar tunellərdə boğulub ölməsinlər. Olsun, amma suallar yaranır: Bakı Şəhər İcra Hakimiyyətinin su və kanalizasiya sisteminə nə aidiyyəti var? Eldar Əzizov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə (keçmiş “Azərsu”) əmr, göstəriş verə bilərmi ki, filan yerdə filan işi görün? Yaxud Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə əmr verə, bu agentliyi tunellərin yenidən qurulmasına məcbur edə bilərmi? Xeyr. Avtomobil Yolları Dövlət Agentliyi rəsmi sənədlərə əsasən, “Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəm dövlət orqanıdır”. Yəni Bakı Şəhər İcra Hakimiyyətinin bu orqana tapşırıq vermək səlahiyyəti yoxdur. Ümumiyyətlə, qanunlara baxsaq görərik ki, paytaxtın təsərrüfatı, infrastrukturu ilə məşğul olan 14-ə yaxın mərkəzi hökumət-dövlət orqanı var. Bakı Şəhər İcra Hakimiyyəti bu orqanlara göstəriş verə bilərmi? Yox. Yaxşı, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri məhduddursa, şəhər təsərrüfatı bir mərkəzdən idarə olunmursa, onda Eldar Əzizov nəyə əsasən iki ilə problemi həll edəcəyini söyləyir?” Sonda N.Cəfərli vurğulayıb: “Dəfələrlə demişik, bir də təkrar edək: Bakı şəhəri vahid, seçilmiş mərkəzdən idarə olunmalı, səlahiyyət və məsuliyyət bir mərkəzdə toplanmalıdır. Bunun üçün böyük şəhər bələdiyyəsi və mer vəzifəsi təsis edilməli, şəhərin başçısı və hökuməti seçki yolu ilə müəyyənləşməlidir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun