Medianews.az
Ali Məclisin qərarına yenidən baxılacaq - Sədr müavini sədr əvəzinin vetosundan <span style=color:red>DANIŞDI
175 baxış

Ali Məclisin qərarına yenidən baxılacaq - Sədr müavini sədr əvəzinin vetosundan DANIŞDI

Ədalət Partiyası Ali Məclisinin 19 aprel iclasında qəbul edilmiş qərara yenidən baxılacaq. Ali Məclisin həmin iclasında mayın 17-si partiya qurultayının keçirilməsi qərara alınıb. Lakin sonradan Ali Məclisin sədri, eyni zamanda partiya sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Meydan Babayev qərara veto qoyub. Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimov aprelin 21-də Medianews.az saytına deyib ki, nizamnaməyə əsasən, sədrin səlahiyyətlərini həyata keçirən şəxs Ali Məclisin iclasına veto qoya bilər. Amma bu halda Ali Məclis yenidən toplanmalı, vetoya baxmalıdır. Əgər Ali Məclisin növbəti iclasında iştirakçıların üçdə ikisi yenidən 19 aprel qərarına səs verərsə, onda mayın 17-də qurultay keçirilməsi haqda qərar avtomatik olaraq qüvvəyə minəcək. M.Rəhimov xatırladıb ki, Ali Məclisin 19 aprel iclası Siyasi Şuranın aprelin 12-də verdiyi qərar əsasında keçirilib: “Nizamnaməyə uyğun olaraq partiya qurultayının keçiriləcəyi tarixi Ali Məclis müəyyənləşdirməlidir. Amma sədr əvəzi veto hüququndan istifadə edirsə, onda Ali Məclis yenidən toplaşmalıdir. Yəni Siyasi Şuranın qərarı sona qədər icra olunmalıdır”. Ədalət Partiyasının nizamnaməsinə əsasən, dörd ildən bir partiyanın qurultayı keçirilməlidir. Sonuncu qurultay 2021-ci ilin martında olub. Ədalət Partiyasının qurucu lideri İlyas İsmayılov vəfat etdiyindən partiyanın 2025-ci ilin mart ayında keçirilməli olan qurultayı baş tutmayıb. Ədalət Partiyası 1993-cü ildə yaradılıb. Sovet dövründə respublika prokuroru, müstəqillik dövründə Azərbaycanın ədliyyə naziri, Milli Məclisin deputatı olmuş professor İlyas İsmayılov 2025-ci il fevralın 17-də 86 yaşında vəfat edib. Bu səbəbdən qarşıdan gələn qurultayda Ədalət Partiyasına yeni sədr də seçilməlidir. Toğrul Əli, Medianews.az

Bizə qoşulun