06.04.2025, 09:38
260 baxış
Azad
Azərbaycanda "Ayıq sürücü" QALMAQALI
Yenicə yutub auditoriyasına çıxarılan "Ayıq sürücü" filmi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Medianews.az qeyd edir ki, filmin ssenaristi ƏIi Uca, rejissoru Elvin Rüstəmzadədir.
22 dəqiqəlik filmin ssenarisi iki nəfərlik yeyib-içmək məclisinin fonunda başlayır. Məclisin sonunda isə ayıq sürücü çağırılır. Sürücü məkana çatdıqdan sonra süfrəyə dəvət olunur. Rəhmanın israrlı təklifləri qarşısında o da nəhayət içki məclisinə qoşulur. Hətta Rəhman ona “bajoğlu” deyə müraciət edərək, müəyyən məbləğdə pul da uzadır: “Otur, mənimlə yeyib-iç, səhər işə də getməzsən”.
"Dayı-bajıoğlu" yaxşıca yeyib-içdikdən sonra üçüncü bir adamın - dayının kiçik qardaşının maşınına minib, dağlışmaq qərarına gəlirlər.
Amma vəziyyəti yerdən göyə götürmüş kefli "ayıq sürücü" maşında dilə gəlib deyir ki, 67 yaşlı bir dul qadınla tanış olub və neçə gündür bundan əl çəkmir, görüşmək istəyir. Elə fürsətdən istifadə edib, gecə onun yanına Buzovnaya gedir.
...Buzovna, Ayna Sultanova küçəsi...
Sosial şəbəkələrdə narazılığa səbəb olan məqam da məhz bu nöqtədən başlayır.
Jurnalist Ceyhun Alışlı Teleqraf-da dərc etdirdiyi yazıda bildirir ki, əgər bu film rejissorun nəzərində yalnız bir tamaşaçı təxəyyülünün məhsulu kimi düşünülsəydi, bu qədər etirazla qarşılanmazdı: “Amma burada konkret məkan, konkret küçə adı çəkilir və bununla da orada yaşayan minlərlə insanın heysiyyətinə toxunulur. Bəlkə o qədər də böyük olmayan bir qəsəbə - kəndin küçəsinin adı çəkilməməliydi, azca düşünsək...
Odur ki, filmi yaradıcılıq sərbəstliyi altında gizlənən, əslində isə cəmiyyətə qarşı laqeyd münasibətin nümunəsi kimi başa düşmək çətin deyil.
İnsanları da ən çox incidən budur ki, ekran işində yaşlı nəsil açıq şəkildə ələ salınır. “Pasteli nətərdir?” sualına "yaşlı olmağına baxma, canı hələ də suludur", ardınca isə “Zalım qızı doymaq bilmir...” cavabı verilir. Bu ifadələr 23-25 yaşlı bir oğlanın 67 yaşlı bir qadın haqqında işlətdiyi ifadələrdir. Mənə görə, bu, nəinki etikadan uzaq, həm də böyük nəsli alçaldan, onları rəzil bir obrazda təqdim edən yanaşmadır. Bu yaş bizim nənələrimizin, analarımızın yaşıdır. Onları belə təsvir etmək, gənc nəslin gözündə bu şəkildə canlandırmaq cəmiyyətin öz köklərinə, öz böyüklərinə olan münasibətini zədələməkdir. O yaşda bu tip qadınlar var-yoxdu, o ayrı müzakirənin mövzusudur.
Filmi ekranlaşdıranlar bəlkə də iddia edəcəklər ki, reallığı göstərmək istəyiblər. Amma burada ciddi bir sual ortaya çıxır: bu "reallıq” cəmiyyətin hansı problemini həll etməyə yönəlib? Ayıq sürücünün içməsi, yaşlı qadınla cinsi münasibətə komik yanaşılması hansı sosial mesajı verir? Axı bu, təkcə eybəcərlikdən ibarət deyil.
İctimai dəyərlər, ailə bağları, nəsillərarası hörmət – bunlar da həyatın gerçək tərəfləridir. Niyə məhz bunların deyil, yalnız filmdə çirkinliyin altı cızılır?
Haqlı irad və narazılıqlardan sonra film indi “sənət azadlığı”nın arxasına sığınıb. Amma məsuliyyətsiz ifadələrlə cəmiyyətin dəyərlərini hədəfə gətirməsi faktı "Ayıq sürücü" nü bu sığınacaqda saxlaya bilməz. Azadlıq - bəli, vacibdir. Həm həyatda, həm də sənətdə. Amma bu azadlıq heç vaxt heç kimə müəyyən dəyərləri aşağılamaq hüququ vermir.
Buzovnada yaşayan insanlar bu filmi niyə qəbul etmirlər? Çünki onların fikrincə, ünvanları, məkanları, həm də mənlikləri bu ekran işində “eyş-işrət” nöqtəsinə çevrilib. Sənət insanın həyatına, gündəlik yaşantısına, hisslərinə müsbət mənada toxunmursa, o zaman bu sənət kimə və nəyə lazımdır?
Sakinlər israrla təkid edirlər ki, film ləğv olunmalıdır. Film ləğv olunsunmu? Bu, açıq sualdır. Amma belə nümunələr digər hörmətli rejissorlar tərəfindən gələcəkdə nütləq nəzərə alınmalıdır. Çünki ta əvvəldən indinin özündək sənətin - istər teatrın, istərsə də kinonun əsas qayəsi cəmiyyətin maariflənməsi və tərəqqisinə xidmət etmək olub. Əgər biz sənətin yaratdığı etibarı da itiririksə, deməli, doğrudan da, heç kimə və heç nəyə etibar qalmayacaq. Filmdəki 67 yaşlı Tənzilə "nənə"nin oğlu Rəhmanın məlum mənzərəni gördükdə dediyi kimi, dünyada heç kimə etibar qalmayıb".
Medianews.az bildirir ki, məsələyə digər media, sənət adamları da münasibət bildiriblər.
Əməkdar incəsənət xadimi Aydın Kazımzadə deyib ki, bu filmi ümumiyyətlə ləğv etmək lazımdır: “Ayıbdır. Buzovna balaca yerdir, orda hamı bir-birini tanıyır. Bu açıq cinayətdir. Sözü elə deməlisən ki, tamaşaçı izləyəndə fikirləşsin ki mənə də tanış gəlir birşey. Amma burda epizodu çıxartmaq azdır, ümumiyyətlə filmi ləğv etmək lazımdır".
Yazıçı Ömər Xəyyam isə qeyd edib ki, filmdə heç bir problem yoxdur: “Ölkədə sənət və incəsənətin inkişaf eləməmək səbəbi məhz elə bu daxili əxlaq məsələsidir. Azərbaycanın hər bir bölgəsində belə əxlaq problemlər var. Heç kim başqasının əxlaqına cavabdeh ola bilməz".
Filmin ssenaristi ƏIi Uca etirazlara münacibətini belə ifadə edib: “Bu məsələnin kimisə narahat edəcəyini düşünməmişdik. Bu sadəcə filmdir. Filmdəki qəhrəman sadəcə orada yaşayır, oralı belə deyil. Hər şey bir nəfərin sosial şəbəkədə paylaşımı ilə başladı. Bu da insanları qıcıqlandı. Azərbaycanın hər bölgəsi kimi Buzovnada da yaxşısı, pisi ilə hər kəs yaşayır. Biz sadəcə xəritədə bir-birindən uzaq 2 yer lazım idi. Əgər bizim səhvimiz olsa mən bütün səmimiyyətimlə üzr istəyərədim. Amma biz səhv etməmişik axı. Səmiyyətimi göstərmək üçün gələn bölümdə öz bölgəmdən də nümünə gətirəcəm. Hörmətli buzovnalılar, əgər sizi istəməyərək incitmişiksə, haqqınızı halal edin”.
Əli Uca Buzovna sakinləri tərəfindən təhdid edildiyini də bildirib. Əli Ucanın sözlərinə görə, "Ayıq sürücü" filmini təqdim etdikdən üç-dörd gün sonra aktyor Mirzə Ağabəylinin oğlu ona sosial şəbəkədə yazıb ki, film əladır, amma filmdən Buzovnanın adı çıxarılmalıdır: “Mən onu başa saldım ki, film artıq yayımlanıb və bu mümkün deyil. Buzovnanın adı filmdə şərti olaraq qeyd edilir. O isə mənə cavab verdi ki, Buzovnanın adını çıxarmırsınızsa, təhqirlərə hazır olun! Sonra bizim ünvanımıza təhqirlər, söyüşlər yazmağa başladılar. Bizim filmdə Buzovnanın adını qeyd etməkdə məqsədimiz kimisə təhqir etmək deyil. Biz bu gün təhdid olunuruq. Mənə yazırlar ki, "Sizi tutacağıq", "Haradasa əlimizə keçəcəksiniz" və sair. Filmin rejissoru Elvin Rüstəmzadəyə və mənə qarşı böyük təhdidlər var. Filmin ssenari müəllifi olmaqla yanaşı, baş rolu da mən canlandırıram. Ən çox söyülən, təhqir edilən mənəm".
Ssenarist vurğulayıb ki, Buzovna sakinləri hüquq mühafizə orqanlarına müraciət ediblər: "Polis bizimlə əlaqə saxlayıb ki, sizin haqqınızda şikayət var, izahat yazmalısınız. Buzovna camaatı isə 500 imza toplamaqla bizi məhkəməyə vermək istəyir. İnsanlar bizdən əl çəkmirlər. Film 200 min dəfədən çox izlənilib".
Medianews.az
Paylaş: