Medianews.az
İmamoğlu "Artıq yetər" dedi. CHP qərarını verdi: <span style=color:red>ŞOK RƏQƏM
808 baxış

İmamoğlu "Artıq yetər" dedi. CHP qərarını verdi: ŞOK RƏQƏM

Martın 23-də məhkəmənin hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilən və bu səbəbdən İstanbul böyük şəhər bələdiyyəsinin sədri postundan uzaqlaşdırılan Əkrəm İmamoğlu elə həmin gün üzvü olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) keçirdiyi ilkin seçkidə partiyanın prezidentliyə gələcək namizədi statusunu qazanıb. Medianews.az xəbər verir ki, CHP prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkini ölkənin bütün vilayətlərində, rayon və şəhərlərində təşkil edib. Türkiyə vaxtıyla səhər saat 8-də başlanan səsvermənin saat 17-də başa çatması nəzərdə tutulsa da, axşama doğru CHP rəhbərliyi səsvermə müddətini iki saat uzadıb. Qərar əhalinin səsvermədə kütləvi surətdə iştirak etməsi ilə əsaslandırılıb. İlkin seçki zamanı partiya üzvlərinin səs verməsi üçün 5600 seçki qutusu ayrılıb. CHP-nin üzvü olmayanlara da səsvermədə iştirak etmək imkanı yaradılıb. Onlardan ötrü seçki qutularının yanında “Həmrəylik (dayanışma) qutuları” adı verilmiş məxsusi qutular qoyulub. “Həmrəylik qutuları”nın da sayı 5600 ədəd olub. Beləliklə, ümumilikdə bülletenlər 11 min 200 ədəd seçki qutusuna atılıb. İlkin seçkidə yeganə namizəd Əkrəm İmamoğlu olub. Martın 24-nə keçən gecə CHP sədri Özgür Özəlin elan etdiyi nəticələrə görə, seçkidə partiyanın 1 milyon 753 min üzvündən 1 milyon 653 min nəfəri iştirak edib. “Həmrəylik qutuları”na isə 13 milyon 211 min vətəndaş bülleten atıb. Beləliklə, Əkrəm İmamoğlu ilkin seçki zamanı 14 milyon 850 min səs toplayıb. Bunları əsas götürərək Özgür Özəl Əkrəm İmamoğlunun CHP-nin prezidentliyə vahid namizədi seçildiyini rəsmən bəyan edib. Hazırda Silviri həbsxanasında saxlanan Əkrəm İmamoğlu ilkin seçkinin nəticəsini sevinclə qarşıladığını bildirib. İmamoğlunun bununla bağlı açıqlaması “X” sosial şəbəkəsində yerləşdirilib. Açıqlamasında İmamoğlu bu hadisəni milyonlarla insanın Prezident Rəcəb Tayyib Ərdoğana “Artıq yetər!” deməsi kimi qiymətləndirib. Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qurucusudur. AKP 2002-ci ildən Türkiyədə təkbaşına hakimiyyətdədir. Ərdoğan 2003-2014-cü illərdə baş nazir olub, 2014-cü ildən isə prezidentdir. 2018-ci ildən Türkiyədə prezident həm dövlət, həm də hökumət başçısıdır. Konstitusiyaya görə, 40 yaşına çatmış ali təhsilli Türkiyə vətəndaşı prezidentliyə namizəd ola bilər. Türkiyədə növbəti prezident seçkisi 2028-ci ilin mayında keçirilməlidir. Ancaq seçki vaxtının qabağa çəkiləcəyi, yəni erkən seçki keçiriləcəyi də istisna deyil. CHP-nin öz namizədini indidən müəyyənləşdirməkdə bir məqsədi də belə bir ssenariyə hazır olmaqdır. Bir sıra siyasətçilər və tənqidçilər son günlər Əkrəm İmamoğluna qarşı atılan addımları – 2025-ci il martın 18-də İstanbul böyük şəhər bələdiyyəsinin başçısı olan İmamoğlunun ali təhsil diplomunun geri alınmasına dair qərarın çıxarılmasını (qeyd etdiyimiz kimi, Türkiyədə yalnız ali təhsilli vətəndaş prezidentliyə namizəd ola bilər), martın 19-da onun ağır ittihamlarla tutulmasını, martın 23-də məhkəmənin həmin ittihamlardan biri – korrupsiya ittihamı üzrə həbs qətimkan tədbiri seçməsini, İmamoğlunun Türkiyənin ən böyük şəhərinin bələdiyyə sədrliyindən uzaqlaşdırılmasını hakimiyyətin gələcək prezident seçkisinə müdaxiləsi kimi qiymətləndirir. Əkrəm İmamoğlu 1970-ci ildə Trabzon bölgəsində doğulub. İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 1992-ci ildən inşaat biznesində çalışıb. 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına daxil olub. 2014-cü ildən İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı postunu tutub. 2019 və 2024-cü illərdə İstanbul böyük şəhər bələdiyyəsinin başçısı seçilib. CHP Türkiyədə ana müxalifət qurumudur. 2023-cü il noyabrın 5-dən partiyaya Özgür Özəl sədrlik edir. 1974-cü il təvəllüdlü Özgür Özəl 2011-ci ildən parlamentin üzvüdür. Hazırda 593 üzvü olan Türkiyə parlamentində CHP 134 mandatla təmsil olunur. Toğrul Əli,  Medianews.az

Bizə qoşulun