Medianews.az
Rusiyanın təqaüd proqramları azərbaycanlı tələbələrə nə verir? – <span style=color:red>Ekspert AÇIQLADI
173 baxış

Rusiyanın təqaüd proqramları azərbaycanlı tələbələrə nə verir? – Ekspert AÇIQLADI

Martın 17-də Milli Məclis və Rusiya Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib. İclasın açılış mərasimində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ölkəsinin Azərbaycandan olan tələbələr üçün təhsil təqaüd proqramlarını artırmaqda maraqlı olduğunu nəzərə çatdırıb: “Azərbaycan gənclərinin Rusiyanın təhsil təqaüdü proqramlarına marağı böyükdür. Əgər təqaüd proqramlarının sayını artırmaq lazımdırsa, biz buna hazırıq. Biz birlikdə olanda istənilən problemlərin öhdəsindən gəlirik. Azərbaycan hökumətinə praqmatik siyasət yeritdiyi üçün təşəkkür edirəm”. Hazırda Azərbaycandan olan tələbələr Rusiyanın hansı təhsil proqramlarından istifadə edir? Bu proqramlarla azərbaycanlı tələbələrə təklif olunan digər xarici təqaüd proqramları arasında nə kimi fərqlər var – istər təhsilin keyfiyyəti, istərsə də tələbələrin sosial ehtiyaclarının qarşılanması baxımından? Azərbaycan gəncləri üçün Rusiyanın təqaüd proqramlarının sayını artırmağa ehtiyac varmı? Mövzu ilə bağlı Medianews.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, azərbaycanlı tələbələr hazırda Rusiyanın müxtəlif təqaüd proqramlarından yararlanırlar. Onun sözlərinə görə, bu proqramlar əsasən bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir: “Rusiya hökuməti hər il müəyyən sayda azərbaycanlı tələbəyə dövlət təqaüdləri ayırır ki, bu da onların təhsil haqqından azad olunmasını, aylıq təqaüd almasını və yataqxana ilə təmin edilməsini nəzərdə tutur. Rusiyanın təhsil proqramları müxtəlif sahələri əhatə edir. Xüsusilə mühəndislik, təbiət elmləri, texnologiya, tibb və humanitar sahələr üzrə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün geniş seçim imkanı mövcuddur. Bu proqramların üstünlüklərindən biri də Rusiyada ali təhsilin müəyyən sahələrdə yüksək keyfiyyət standartlarına malik olmasıdır. Məsələn, mühəndislik və dəqiq elmlər sahəsində Rusiyanın bir çox universiteti beynəlxalq səviyyədə tanınır”. Ekspert vurğulayıb ki, digər xarici təqaüd proqramları ilə müqayisədə Rusiyanın təqaüd proqramlarının bir neçə fərqli xüsusiyyəti var: “Qərb ölkələrinin, xüsusən Avropa və ABŞ-ın təqaüd proqramları daha çox tədqiqat imkanları və beynəlxalq şəbəkələşmə baxımından geniş perspektivlər təqdim edir. Erasmus+, DAAD, Chevening və Fulbright kimi proqramlar tələbələrə yalnız maddi dəstək verməklə kifayətlənmir, eyni zamanda onları geniş akademik və peşəkar imkanlarla təmin edir. Rusiya təqaüdləri isə daha çox tələbənin akademik təhsilini maliyyələşdirməyə yönəlib və tələbənin sosial ehtiyaclarının tam qarşılanması baxımından bəzi çatışmazlıqları ola bilər”. K.Əsədovun sözlərinə görə, azərbaycanlı tələbələrin Rusiyanın təqaüd proqramlarına marağı yüksəkdir: “Bunun əsas səbəblərindən biri də dil faktorudur. Bir çox azərbaycanlı tələbə üçün rus dili daha əlçatan olduğundan, Rusiyada təhsil almaq digər ölkələrə nisbətən daha rahat görünə bilər. Eyni zamanda, coğrafi yaxınlıq və Azərbaycan-Rusiya arasında mövcud siyasi-iqtisadi əlaqələr də bu marağın artmasına səbəb olur”. Rusiyanın təqaüd proqramlarının sayını artırmağa ehtiyac olub-olmamasına gəldikdə, K.Əsədov qeyd edib ki, bu, tələbələrin real tələbatından və proqramların keyfiyyətindən asılıdır: “Əgər artım yalnız rəqəmləri şişirtmək üçün ediləcəksə, bu, təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, əgər əlavə təqaüdlər daha çox keyfiyyətli kadrların yetişdirilməsinə və Azərbaycan üçün strateji əhəmiyyətli sahələrdə mütəxəssis hazırlığına yönəldilərsə, bu, faydalı ola bilər. Azərbaycan hökuməti və təhsil qurumları bu məsələdə strateji yanaşma sərgiləməlidirlər. Təqaüdlərin artırılması sadəcə daha çox tələbənin xaricdə təhsil alması demək deyil, həm də onların geri qayıtdıqdan sonra ölkənin inkişafına töhfə verib-verməyəcəyi məsələsidir. Bu baxımdan, Rusiyanın təqaüd proqramlarının artırılması məsələsi yalnız statistik göstəricilərlə deyil, təhsilin keyfiyyəti, tələbələrin akademik və sosial təminatı, onların gələcək karyera perspektivləri və ölkəyə verəcəyi töhfə kimi amillərlə dəyərləndirilməlidir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun