19.03.2025, 08:07
310 baxış
Azad
Müxalifət lideri Əkrəm İmamoğlunu gələcək prezident adlandırdı
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl partiyanın üzvü, İstanbul böyük şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun tutulmasını dövlət çevrilişinə cəhd kimi qiymətləndirib. O, bu hadisəni həm də ölkənin “gələcək prezidentinin müəyyənləşdirilməsinə mane olmaq cəhdi” adlandırıb.
Medianews.az xəbər verir ki, Özgür Özəl X sosial şəbəkəsi hesabında yazıb: “Xalqın adından qərarlar qəbul etmək, zor tətbiq etməklə xalqın iradəsini dəyişdirmək və ya ona mane olmaq çevriliş deməkdir. Hazırda xalqın növbəti prezidenti müəyyən etməsinə mane olan qüvvə var. Növbəti prezidentimizə qarşı çevriliş cəhdi ilə qarşı-qarşıyayıq”.
Özəl daha sonra bildirib ki, Əsl güc xalqdır və sonda hökmən millət qalib gəlir: “Yenə belə olacaq. Biz təslim olmayacağıq. Sonda millətin iradəsi qalib gələcək, Türkiyə qalib gələcək".
Xatırladaq ki, martin 18-də İstanbul Universiteti qanunsuz keçid səbəbi ilə Əkrəm İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomunun geri alınmasına qərar verib.
Universitetin bununla bağlı açıqlamasında bildirilib ki, qərar aparılan istintaqın nəticələri əsasında qəbul edilib.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğu Əkrəm İmamoğlunun bakalavr diplomunun saxta olması ilə bağlı edilən şikayətlər və ölkənin Ali Təhsil Şurası tərəfindən hazırlanmış hesabata əsasən aparılan araşdırma nəticəsində “rəsmi sənəddə saxtakarlıq” cinayəti üzrə istintaq başlatmış və İmamoğlu istintaq çərçivəsində prokurorluğa ifadə vermişdi.
Martın 19-u səhər isə İstanbul Prokurorluğu Əkrəm İmamoğlu da daxil olmaqla, 100 şübhəli barəsində müxtəlif cinayətlərə görə həbs qərarı verildiyini açıqlayıb. Şübhəlilər “cinayət təşkilatı qurmaq”, “rüşvət almaq”, “dələduzluq”, “tender saxtakarlığı” kimi cinayətlərdə təqsirləndirilir.
Əkrəm İmamoğlu 1970-ci il iyunun 4-də Trabzon bölgəsində, Akçaabad rayonunun Cevizli kəndində, tacir ailəsində doğulub, dörd yaşından Yıldızlı kəndində yaşayıb.
Orta təhsili Trabzon liseyində alan Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib.
1992-ci ildən Əkrəm İmamoğlu ailəsinə məxsus inşaat biznesində çalışıb. 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına daxil olub.
1995-ci ildən ailəli olan Əkrəm İmamoğlu üç uşaq atasıdır.
2014-cü ildən İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı postunu tutub.
2019-cu il martın 31-i Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Müxalif Cümhuriyyət Xalq Partiyası 11 böyük şəhərdə bələdiyyə başçısı kürsüsü qazanıb. İstanbul böyük şəhər bələdiyyəsinə Əkrəm İmamoğlu başçı seçilib. Bu posta Türkiyənin sonuncu baş naziri, parlamentin keçmiş sədri Binəli Yıldırımı namizəd göstərmiş hakim Ədalət və İnkişaf Partiyasının şikayəti əsasında bəzi seçki bölgələrində səslər yenidən sayılıb, amma nəticə dəyişməyib. Əkrəm İmamoğlu 4 milyon 169 min 765 səslə qalib elan olunub və aprelin 17-də səlahiyyətlərinin icrasına başlayıb.
Bundan sonra Ədalət və İnkişaf Partiyası Ali Seçki Qurumuna müraciət edərək İstanbul bələdiyyəsinə yeni seçki keçirilməsi tələbi qoyub. Ali Seçki Qurumunun mayın 6-da çıxardığı qərarla İstanbul bələdiyyəsinə keçirilmiş 31 mart seçkisinin nəticələri ləğv olunub, iyunun 23-nə yeni seçki təyin edilib.
Müxalif dairələr qərarı sərt etirazla qarşılayıb, hakimiyyətin və Ali Seçki Qurumunun ünvanına ittihamlar səsləndirilib. Əkrəm İmamoğlu 31 mart seçkisinin ləğvinə qərar verənləri axmaq adlandırıb. 23 iyun 2019-cu il seçkisində Əkrəm İmamoğlu yenidən qələbə qazanıb. O, 2024-cü il seçkisində də İstanbul böyük şəhər bələdiyyəsinin başçısı seçilib.
2024-cü ildən İmamoğlu həm də Türkiyə Bələdiyyələr Birliyinin sədridir.
Medianews.az