17.02.2025, 13:17
147 baxış
Azad
Azad edilmiş ərazilərdə bir həftədə 176 mina, 306 partlamamış hərbi sursat tapılıb
Azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar fevralın 10-dan 16-dək 935,6 hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib.
Medianews.az bildirir ki, xəbəri Minatəmizləmə Agentliyi (ANAMA) əməliyyatları Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparıb.
Əməliyyat zamanı piyada əleyhinə 122, tank əleyhinə 51 mina və 306 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Xatırlatma:
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları) Ermənistana verilməsi tələbli separatçı hərəkat, təcavüz başlayıb.
1989-cu ilin yanvarında Dağlıq Qarabağ birbaşa Moskvaya bağlanıb, Xüsusi İdarəetmə Komitəsi yaradılıb. Noyabrda Xüsusi İdarəetmə Komitəsi ləğv edilib, dekabrda Ermənistan parlamentinin və özünü Dağlıq Qarabağ Milli Şurası adlandıran qurumun birgə iclasında vilayətin Ermənistana birləşdirilməsi qərarı çıxarılıb.
1990-cı ilin yanvarından Dağlıq Qarabağ Bakının yaratdığı Respublika Təşkilat Komitəsi vasitəsilə idarə olunub.
1991-ci ilin avqustunda sovet imperiyasının dağılması sürətlənib, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunub. Sentyabrda Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. İşğalçı rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan kənd rayonunun (Goranboy rayonunun tərkib hissəsi) ərazisində elan olunub. Bunun ardınca müharibə alovlanıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərin işğalı başlanıb.
Noyabrda Azərbaycan parlamenti 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvinə qərar verib. Stepanakert Xankəndi, Mardakert Ağdərə, Martuni Xocavənd adı alıb, Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, Əsgəranın ərazisi Xocalı rayonuna, Hadrutun ərazisi Xocavənd rayonuna verilib.
1992-ci il fevralın 26-da Xocalı şəhəri, mayın 8-9-da Şuşa şəhəri, sonrakı günlər rayonun qalan ərazisi işğal olunub.
Mayın 17-də Laçın şəhəri zəbt edilib, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib.
İyunda keçmiş Şaumyan kənd rayonu erməni işğalından azad edilib.
İyulda Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçib, sonra rayonun böyük hissəsi azad olunub.
Avqustda parlamentin qərarı ilə Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə keçib. Oktyabrda Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.
1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilib.
1993-cü ilin fevralından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürüb.
Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçib.
İyunun sonunda ermənilər Ağdərə şəhərini yenidən zəbt ediblər.
İyulda Ağdam şəhəri və rayonun böyük hissəsi, avqustda Füzuli, Cəbrayıl rayonları, Laçının Qubadlıya yaxın kəndləri, Qubadlı rayonu, oktyabrda Zəngilan rayonu işğal edilib.
1994-cü ilin yanvarında Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzulinin 22 kəndi və 1 qəsəbəsi, Cəbrayılın 1 kəndi azad edilib.
Həmin il mayın 12-də atəşkəs əldə olunub.
Savaş vaxtı Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğal altına düşüb.
2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri Ağdərə, Füzuli və Cəbrayıl istiqamətində bəzi məntəqələri işğaldan azad edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-da Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıb, hərbi əməliyyatlar dayandırılıb.
Bunun ardınca Dağlıq Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin, Laçın şəhəri və rayonun 6 kəndi Rusiya hərbçilərinin nəzarətində qalıb.
2022-ci ilin avqustunda Laçın rayonu tam azad edilib.
2023-cü ilin aprelində Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulub.
Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağda hərbi əməliyyata başlayıb.
Sentyabrın 20-də ermənilər silahı yerə qoymaq, tam şəkildə tərksilah olmaq öhdəliyi götürüb.
Sentyabrın 28-də işğalçı Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib.