Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Minsk qrupunun və onun bütün institutlarının ləğv edilməli olduğunu bəyan edib. Bu qrupun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün irəli sürdüyü şərtlərdə də əksini tapıb.
Ermənistanın "Hraparak" nəşri bu məsələyə diqqət çəkərək yazıb ki, İrəvan və Bakı cari ilin yay aylarına qədər ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə bəyanat dərc edəcək. Məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyanın dəfələrlə ATƏT-in Minsk qrupunun buraxılmasına ancaq Azərbaycanla sülh müqaviləsi imzalanacağı təqdirdə razılıq verəcəyini söyləməsinə baxmayaraq, o, indi mövqeyini dəyişib.
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, son dövrlərdə baş verən hadisələr Ermənistanın qəliz situasiyaya düşdüyünü göstərir.

Onun sözlərinə görə, bu qəliz situasiyanın yaranmasında N.Paşinyan hakimiyyətinin yürütdüyü xaotik xarici siyasət xüsusi rol oynayır: “Ermənistanın Rusiya ilə münasibətləri korlanıb. Eyni zamanda Ermənistan Qərbə yaxınlaşmaqla Kremlin qəzəbinə tuş gəlib. Son zamanlar Moskva İrəvanı Avropa İttifaqına üzvlük niyyətinə düşməsi, Vaşinqtonla strateji tərəfdaşlıq müqaviləsini imzalanması ilə bağlı aşıq şəkildə təhdid edib. Bu təhdidlər də ondan ibarətdir ki, əgər Ermənistan Avropa İttifaqına üzv olmaq istəyirsə, onda Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Digər tərəfdən, Kreml Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın ona düşmən olan ABŞ ilə strateji tərəfdaşlıq müqaviləsi imzalamasına da olduqca qəzəblidir. Buna qarşılıq da müəyyən radikal açıqlamalar verir və gələcəkdə bunun ağır nəticələrinin olacağını Ermənistanın diqqətinə çatdırır. ABŞ ilə strateji tərəfdaşlıq razılaşması Ermənistanın həm Rusiya, həm də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi, ticari münasibətlərinin qopmasına səbəb ola bilər. Bunun nəticəsində də Ermənistan iqtisadiyyatının çökməsi qaçılmaz ola bilər. Hər halda, artıq Kremldən həm Avropa İttifaqı, həm də ABŞ ilə yaxınlaşmanın Ermənistana iqtisadi cəhətdən zərbələr vura biləcəyinə yönəlik xəbərdarlıqlar edilib. Ermənistan bu məsələ ətrafında da çıxış yolları axtarır. Təbii ki, belə situasiyada ümumiyyətlə, strateji tərəfdaşlıq müqaviləsinin imzalanması Co Bayden Administrasiyasının bir oyunu idi. Bu, ermənilərin istəyi ilə oynanılan oyun idi”.

Politoloq qeyd edib ki, Co Bayden prezidentlik kürsüsünü tərk etdiyi ərəfədə Ermənistanı ABŞ-nin himayəsi altına yerləşdirməyə nail olub: “Donlad Tramp Administrasiyasının bu müqaviləyə hansı səviyyədə əhəmiyyət verəcəyi yaxın gələcəkdə özünün göstərəcək. Böyük ehtimalla, ABŞ öz maraqları tələb etdikdə bu sənəddən Ermənistandan alət kimi istifadə etmək üçün yararlanmağa çalışacaq. Təbii ki, bütün bunlar Cənubi Qafqazda da situasiyanı gərginləşdirir. Ermənistan çətin vəziyyətə düşdüyünü anlayır. Onu da anlayır ki, əslində Ermənistanın real təhlükəsizlik təminatı ABŞ, Avropa İttifaqı və Fransadan asılı deyil, bu, daha çox Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından asılıdır. Ermənistan əvvəl-axır Azərbaycanla sülh sazişini imzalamaq məcburiyyətində qala bilər. Tramp Administrasiyasının Cənubi Qafqaz siyasəti dəqiqləşdikdən sonra Paşinyan hakimiyyəti də bu məsələ ilə bağlı ümumi mövqeyini dəqiqləşdirmiş olacaq. Hələlik isə Qərbin təlimatı, razılığı olmadan Azərbaycanla sülh sazişini imzalamağa cəsarət göstərmirlər. Ancaq əgər Tramp Administrasiyasının Cənubi Qafqaz siyasətində Ermənistana rəsmi İrəvanın ümid elədiyi rol ayrılmazsa, o zaman Paşinyan hakimiyyəti Azərbaycanla sülh sazişi üçün yalvarmalı olacaq. Bəzi ehtimallara görə, Tramp Administrasiyası üçün Cənubi Qafqazda strateji tərəfdaş kimi Azərbaycan daha böyük əhəmiyyət daşıya bilər. Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin hər ehtimala qarşı Azərbaycanla sülh sazişinin imzalanmasında da irəliyə doğru addımlar atmaq cəhdləri diqqətdən yayınmır. Bu sıraya yeni Ermənistan konstitusiyasının 2026-ci ilə qədər hazır olacağı barədə verdiyi bəyanatları göstərmək olar. Bildiyiniz kimi, Azərbaycanın Ermənistanla yekun sülh sazişini imzalamaq üçü əsas şərtlərinin sırasına onlar da daxildir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları yer alan konstitusiyasını mütləq dəyişdirməlidir. İkinci olaraq, ATƏT-in Minsk Qrupunun buraxılması barədə ortaq müraciət edilməlidir. Eyni zamanda, Ermənistanda yerləşdirilən Qərb kəşfiyyat orqanlarının əməkdaşları hesabına tərkibi formalaşdırılmış Avropa İttifaqı mülki müşahidə missiyası oradan çıxarılmalıdır. Bu şərtlər yerinə yetirilməyəcəyi təqdirdə, rəsmi Bakı yekun sülh sazişini imzalamaq niyyətində olmadığını büruzə verir”.

E.Xalidbəyli vurğulayıb ki, Ermənistan da istənilən halda Azərbaycanın mövqeyi ilə hesablaşmaq məcburiyyətindədir: “Çünki hazırda qəliz situasiyaya düşən Ermənistandır. Sülh sazişi ona Azərbaycandan daha çox lazımdır. Azərbaycan sülh sazişi olmadan da öz təhlükəsizliyini təmin edib, özünü müdafiə etmək qüdrətinə sahib bir dövlətdir. Bu baxımdan hesab etmək olar ki, yaxın gələcəkdə əsas proseslər yekun sülh sazişinin mətninin razılaşdırılması, əgər buna da nail olunarsa bu sazişin imzalanması üçün Azərbaycanın qoyduğu şərtlərin yerinə yetirilməsi istiqamətində davam edəcək. Ermənistan çox gözəl anlayır ki, Azərbaycan Prezidenti İlham Əliyev əgər bir tələbi irəli sürürsə, mütləq o tələbin yerinə yetirilməsi qaçınılmazdır. Əks halda, o tələbin bağlı olduğu əməkdaşlıq və ya fəaliyyət istiqaməti irəliləyə bilməz. Azərbaycan Prezidenti bəyan etdiyi bütün tələblərinə həmişə sadiq qalır və onların yerinə yetirilməsində israrlı mövqe tutur. Son nəticədə də buna nail olur. Ona görə də Paşinyan hakimiyyəti anlayır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bütün tələblərini yerinə yetirmək lazımdır”.
Nailə QASIMOVA