14.01.2025, 11:24
147 baxış
Nailə
Saxta plastik cərrah qalmaqalı böyüyür: Yeni həbslər gözlənilir?
Azərbaycanda saxta plastik cərrahlarla bağlı müzakirələr gündəmdə qalmağa davam edir. Plastik cərrahiyyə əməliyyatı keçirən bəzi şəxslərin ixtisaslarının uyğun olmadığı, müvafiq icazələrinin isə saxta olduğu üzə çıxıb.
Son olaraq burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurovanın vəfatı bu məsələyə ictimai diqqəti artırıb.
Milli.Az-ın məlumatına görə, saxta plastik cərrahlarla bağlı məsələ daha da böyüyəcək.
Tezliklə rəsmi qurumlar tərəfindən genişmiqyaslı tədbirlərin görüləcəyi və yeni həbslərin olacağı gözlənilir.
Məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ay əməliyyat həyata keçirib. Məlum olub ki, Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova, akkreditasiya şöbəsinin keçmiş müdiri Lətafət Cabbarova və digər şəxslər həkimlərin ixtisaslarının qanunsuz olaraq dəyişdirilməsində və saxta sertifikatlarla təmin edilməsində iştirak ediblər. Bu qanunsuzluqlar nəticəsində çoxsaylı şəxslərdən rüşvət alındığı müəyyən edilib.
Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvətalma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Paylaş: