Medianews.az
“Heyət Təhrir əş-Şam” Ankaradan dəstək alır? - <span style=color:red>Suriyadakı proseslərdə TÜRKİYƏNİN ROLU
294 baxış

“Heyət Təhrir əş-Şam” Ankaradan dəstək alır? - Suriyadakı proseslərdə TÜRKİYƏNİN ROLU

Suriyada “Heyət Təhrir əş-Şam” silahlı birləşmələri Həmas və İdlibi ələ keçirdikdən sonra Həmaya hücum edib. “Vaşinqton Post” “Hizbullah” və İraq silahlı qüvvələrinin nümayəndələrinə istinadən məlumat yayıb ki, “Hizbullah” döyüşçüləri və İraqdakı iranyönlü şiə silahlı birləşmələri müxalif siyasətçilərə qarşı müdafiə əməliyyatları keçirmək üçün Bəşər Əsəd qüvvələrinə qoşulublar. Belə bir fonda, Türkiyə Milli Təhlükəsizlik Şurasının Beştəpədə keçirdiyi iclas diqqəti çəkir. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə gerçəkləşən toplantının əsas müzakirəsinin Suriya mövzusu olduğu bildirilir. Qeyd olunur ki, iclasda “Heyət Təhrir əş-Şam” Hərəkatı və onu müşayiət edən qrupların Suriyanın rejim qüvvələri ilə toqquşmaları və irəliləyişləri müzakirə edilib. Mümkün köç təhlükəsi də masadakı mövzular sırasında olub. Suriyadakı proseslərə Türkiyənin yanaşmasını Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Medianews.az-a şərh edib. O bildirib ki, “Heyət Təhrir əş-Şam” adlı silahlı qruplaşmanın son zamanlar müxalif qüvvə adı ilə Bəşər Əsəd rejiminə qarşı silahlı əməliyyatlar keçirməsi və bəzi yaşayış məntəqələrinə nəzarət etməsi bu ölkədəki vəziyyətin get-gedə mürəkkəbləşdiyini göstərir. Onun qənaətincə, bu silahlı qruplaşmanın ortaya çıxması, irəliləməsi regionda, xüsusən də Suriyada marağı olan dövlətlər üçün gözlənilməz hadisədir: “Bu, Rusiya-Ukrayna müharibəsində Moskvanın başının müəyyən mənada qarışması, İsraillə İran arasında mövcud gərginlik, “Hizbullah”ın silahlı dəstələrinin də Suriyadan bir az kənarda olması ilə əlaqəlidir. Ona görə də HTŞ dediyimiz qruplaşma bundan sui-istifadə edib. Köhnə hesabı bağlamaq üçün Əsəd rejiminə belə bir ciddi hücum taktikası həyata keçirir. Şəhərlərin bir-bir alınması onu da göstərir ki, Əsəd rejiminin ordusu çox zəif vəziyyətdədir. Sadə bir silahlı birləşmə hətta müqavimətsiz müəyyən yerləri ala bilir. Türkiyənin bu məsələdəki roluna gəldikdə, bəzi politoloqlar belə hesab edirlər ki, Ankara həmin HTŞ-ni himayə edir. Əslində bu belə deyil. Bunun belə olmadığı onda göründü ki, Əsəd rejimindən azad olunmuş bəzi məntəqələr PPK, PYD-nin nəzarətinə keçdi. Bu da Türkiyə üçün qəbul edilən deyil. Türkiyənin Suriyada marağı ondan ibarətdir ki, bir təhlükəsizlik çənbəri yaratsın. Həmin çənbər vasitəsi ilə nəzarət etdiyi ərazilərdə Türkiyənin təhlükəsizliyinə təhdid kimi heç bir şey ortaya çıxmasın”. Professor vurğulayıb ki, burada regional oyunçuların, dövlətlərin özünəməxsus rolu, ABŞ-nin PPK və PYD-ni, Rusiyanın isə Əsəd rejimini himayə etməsi faktoru var: “İranın Əsədə münasibəti, onu qoruma tədbirlərini görməsi də hər kəsə məlumdur. Bu mənada Türkiyənin də böyük dövlətlərlə, güclərlə qarşı-qarşıya gəlməsi gözlənilir. Türkiyənin burdakı mövqeyi məsələnin Suriyanın ərazi bütövlüyü şəklində həll edilməsi yönündədir. HTŞ-nin bu silahlı əməliyyatlarından öncə Əsəd rejiminə fikirlər çatdırılmışdı ki, bir masada bu məsələnin həll olunmasına çalışın. Çünki Türkiyənin marağında o var ki, Suriyadan Türkiyəyə gəlmiş və yerləşmiş 5 milyona yaxın qaçqının geri dönüşü təmin olunsun. Suriyanın bu vəziyyətdə hansı işləri görəcəyi maraq doğurur. Elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda bu məsələlərin müzakirə edildiyi şübhəsizdir. Türkiyə təbii ki, öz sərhədlərində genişmiqyaslı bir münaqişə istəmir və bunun tezliklə dayandırılması üçün tədbirlər görülür. Maraqlı olan ölkələrlə də təmaslar davam edəcəkdir”. Kahramanmaraş Sütçü İmam Üniversitetinin professoru Toğrul İsmayıl da Medianews.az-a açıqlamasında bildirib ki, Suriyada baş verənlər Ankaranı maraqlandırır. Onun sözlərinə görə Milli Təhlükəsizlik Şurasının iclası bu nöqteyi-nəzərdən çox vacibdir: “Əslində “Heyət Təhrir əş-Şam” Türkiyə tərəfindən də terror təşkilatı olaraq tanınır. Amma bu günlərdə Suriyada hücumları həya keçirən sadəcə HTŞ təşkilatı deyil. Burda birləşmiş bir koalisiyadan söhbət gedir. Suriyada geosiyasi dəyişiklikləri nəzərə alsaq, hazırda bu ölkədə baş verən prosesləri birbaşa hansısa terror təşkilatının fəaliyyəti olaraq dəyərləndirmək doğru deyil. Bu təşkilat eyni zamanda ABŞ-nin və digər ölkələrin də terror siyahısındadır. Müxaliflər arasında əlbəttə Türkiyənin dəstəklədiyi qruplar var. Milli Suriya Ordusu adı altında bu qruplar fəaliyyət göstərirlər və ciddi şəkildə prosesdə yerlərini alıblar. Türkiyə Suriyanın ərazi bütövlüyündən yanadır, istər ABŞ və Qərb ölkələri ilə, istər Rusiya və İranla bu mövzuda danışıqlarda Suriyanın ərazi bütövlüyünü daim müdafiə edib. Yalnız Türkiyənin deyil, beynəlxalq qurumların təklifi idi ki, Suriyada konstitusiya dəyişikliyi olsun, demokratik sistemə keçirilsin, yenidən çoxpartiyalı seçki təşkil olunsun və digər məsələlər həllini tapsın. Lakin Bəşər Əsəd bunu yerinə yetirmədi. Ondan sonra çıxan vətəndaş müharibəsində də Türkiyə yenə Əsəd rejimini tanımasa da bölgədə baş verən prosesləri yaxından izləməyə davam edib. Bunu da unutmamaq lazımdır”. Professor qeyd edib ki, son hadisələrdə Türkiyə rəsmi şəkildə hansısa rol oynamır: “Amma əlbəttə ki, uzun müddət müxalifəti dəstəkləyib. Orada Milli Suriya Ordusu və Milli Suriya Şurası şəklində quruluşlara da dəstək verməkdədir. Bu ciddi məsələlərdən biridir. Türkiyə təbii ki, tam sərhədi boyunca, 30 km-lik bufer zonanın təşkil edilməsini ilk gündən bildirmişdi. Amma Qərb ölkələri buna isti baxmadı. O səbəbdən Türkiyə Suriyada nəzarətsiz qaydada, ətrafında bəzi terror qruplarının, terrorçuların cəmləşdiyi dövlətin qurulmasına mane olmaq istədi. Bunun üçün də hərbi mənada hərəkətləndi, bəzi bölgələri nəzarətə aldı. Vaxtilə Hələb Rusiya ilə danışıqlar nəticəsində Suriya rejiminə təhvil verilmişdi. Amma həmin rejim Hələbi tam idarə edə bilmirdi. Bu ərazi də terror qruplarının nəzarətinə keçmişdi. Əslində, bir növ Türkiyənin istəyi həyata keçdi. Hələbin, Tel Rifahın və digər bölgələrin alınması ilə həmin ərazilərdəki terror strukturlaşmasına son verildi. Bununla da həmin ərazilərdə ciddi nəzarət quruldu. Hələbin alınması da əslində çox ciddi mələlərdən biridir. Çünki Suriyadan köç sayının üçdə bir hissəsi Hələbdən olan insanlardır. Hələbin təmizlənməsi Türkiyədə olan suriyalıların yenidən öz yurdlarına dönməsi üçün bir fürsət yaradacaq. Türkiyə bunların hər birini diqqətə alacaq. Kimlər ki, həmin terror qruplarını təşkilatlandırmağa çalışacaq, onların “liderini” qəhrəman olaraq göstərib, yuxarı başda otuzdurmağa çalışacaq, Türkiyə onlara qarşı olacaq, öz siyasətini aparacaq. ABŞ ilə NATO üzərindən müttəfiq olsa da Türkiyənin Suriyadakı maraqları və mənfəətləri başqadır. Dövlət maraqları hər şeydən üstündür. Türkiyə özünün Suriya ilə sərhədlərində, konkret olaraq Suriyanın şimalında hər hansı bir süni kürd dövlətinin qurulmasına imkan verməyəcək. Kimsə deyə bilər ki, Türkiyə bölgədəki silahlanmanın qarşısını niyə almır? Əslində bölgədə silahlanmanı aparan ABŞ və Rusiyanın özüdür. Belə bir reallıq fonunda Türkiyə bölgədəki bütün silahlı qruplarla tam da qarşı-qarşıya gəlmək istəmir”. Nailə QASIMOVA

Bizə qoşulun