Medianews.az
Trampın xarici siyasət PRİORİTETLƏRİ: <span style=color:red>Azərbaycanla ABŞ arasında...
221 baxış

Trampın xarici siyasət PRİORİTETLƏRİ: Azərbaycanla ABŞ arasında...

Gələn ilin əvvəlində ABŞ-nin yeni administrasiyası ölkənin xarici siyasətinin sükanı arxasına keçəcək. Maraqlıdır, Demokratlardan fərqli olaraq, Respublikaçılar ABŞ-nin xarici siyasətində nələrə üstünlük verəcəklər? ABŞ Prezidenti Donald Trampın Azərbaycan dövlət başçısı İlham Əliyevlə ötən həftənin əvvəlində baş tutmuş telefon danışığı fonunda ikitərəfli münasibətlərin inkişafı istiqamətində ciddi addımlar atılacaqmı? Vaşinqton Bakı ilə İrəvan arasında ədalətli sülh sazişinin imzalanmasında maraqlı olacaqmı? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Orxan Vəliyev bildirib ki, gələn ildən etibarən yeni seçilmiş prezident və komandası ABŞ dövlətinin idarə edilməsinə başlayacaq. Onun sözlərinə görə, ABŞ-də dövlət idarəçiliyində “yağmalama” (“political administration”) metodu tətbiq ediləcək: “Yeni prezident gələndə, təxminən 5 min mühüm vəzifəni daşıyan bürokrat avtomatik olaraq dəyişir. Yeni seçilən prezident bu vacib postlara öz komandasından olan bürokratları təyin edir. Bu mənada ciddi siyasi dəyişiklik olacağını gözləmək lazımdır. Hazırda dünya belə demək mümkündürsə, 2030-cu ildən sonrasına hazırlaşır. Məsələn, mən ötən həftə “TRT World” televiziya kanalının təşkil etdiyi forumda spiker kimi çıxış etmişdim. Orada builki mövzu “Qırılma nöqtəsində olan dünya: Böhranları və transformasiyaları idarə etmək” başlığı altında idi. Yəni, dünya qırılma nöqtəsindədir. Bu, 2007-2008-ci ildə ABŞ-də maliyyə böhranı ilə başladı, hazırda son mərhələyə çatmaqdadır. Bu, dünyadakı müharibələrdən də görünür. Belə olan halda dövlətlər özlərini önə çıxartmağa və gələcək məsələsində daha həlledici olmağa başlayır. Hətta son 10 ildə bu böyük dövlətlərdə, hansı ki, demokrtaiyanın carçısı kimi dünyada özlərini tanıdırdılar, hökumətlərin seçilməsində xalqın həlledicilik rolu son dərəcə aşağı səviyyəyə enib. Dövlətlərin hədəflədikləri namizədlər prezident seçilir. Çünki dövlətlərin gələcəkləri həll olunur. Yanvardan etibarən hakimiyyətə gələcək olan Donald Tramp hökuməti bu mənada dövlətçi siyasət ortaya qoyacaq. Demək olmaz ki, Co Bayden hökuməti dövlətin əleyhinə idi. Xeyr, o, daha fərqli bir siyasət ortaya qoyurdu. Tramp hökuməti isə yeni dövlətçi siyasət ortaya qoyacaqdır. Bunu gözləmək lazımdır”. Politoloq qeyd edib ki, Azərbaycanla ABŞ arasında münasibətlərin mövcud vəziyyəti fonunda İlham Əliyevlə Donald Tramp arasında telefon danışığının baş tutması son dərəcə əhəmiyyətli məsələdir: “Cənubi Qafqaz coğrafi olaraq kiçik olmaqla bərabər, Qordi düyünü rolunu oynayır. Buna rəğmən, ABŞ-nin xarici siyasətindəki əsas məsələ, şübhəsiz ki, süni zəka kontekstində Çinlə rəqabətdir. Bu, iqtisadi rəqabət qədər əhəmiyyətlidir. Heç şübhəsiz ki, ABŞ-nin xarici siyasətində mühüm məsələlərdən biri Uzaq Şərq olacaq. Yaponiyada, Cənubi Koreyada bəzi hərəkətlənmələr var. ABŞ-nin İkinci Dünya müharibəsindən sonra qurmuş olduğu quruluş artıq sarsılmağa başlayır. Hesab edirəm ki, ABŞ-nin xarici siyasətində, Tramp administrasiyasının gündəmində əsas məsələlər Uzaq Şərq, süni zəka, bu kontekstdə Çinlə olan rəqabət, Yaxın Şərq, Rusiya-Ukrayna müharibəsi olacaq. Onu da nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə baş verən məsələlər, Rusiya, İran və Türkiyə ilə olan qonşuluğumuz, münasibətlərimiz bu regionlarda və ölkələrdə baş verən proseslərin bizə də sirayət etməsinə səbəb olur. Ədalətli sülh məsələsinə gəlincə, necə ki, biz İkinci Qarabağ müharibəsində heç kimi gözləmədən özümüz öz ədalətimizi bərpa etdik, sülh müqaviləsinin imzalanması da Azərbaycanın gücündən, siyasi iradəsindən və diplomatik bacarığından asılı olan məsələdir. Bu məsələdə çox da naümid deyiləm. Biz yenə diqqəti özümüzə çəkə biləcəyik”. Nailə QASIMOVA

Bizə qoşulun