Medianews.az
Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına ZƏRBƏ: <span style=color:red>İrəvana silah hədiyyə edən Afinanın ƏSAS HƏDƏFİ
253 baxış

Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına ZƏRBƏ: İrəvana silah hədiyyə edən Afinanın ƏSAS HƏDƏFİ

Yunanıstan sovet istehsalı olan “S-300 PMU-1”, “Tor-M1” və “Osa-AK” zenit-raket komplekslərini Ermənistana satmağa hazırlaşır. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Məlumata görə, əvvəllər bu komplekslərin Ukrayna ordusuna ötürülməsi müzakirə olunub. Lakin ABŞ Yunanıstana “Patriot” komplekslərini verməkdən imtina etdikdən və Ukrayna köhnə sovet sistemlərinə maraq göstərmədikdən sonra, bu silahların Ermənistana satışı gündəmə gəlib. Bu sövdələşmə, Cənubi Qafqazdakı vəziyyətə, xüsusilə hərbi balansa necə təsir edəcək? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Yunanıstan Ermənistan müstəqil olandan indiyə qədər İrəvana hərbi dəstəyini ifadə edir. Onun sözlərinə görə, bu dəstək Ermənistanın xüsusilə NATO strukturlarına inteqrasiyası baxımından daha aydın şəkildə özünü göstərir: “Hazırkı vəziyyətdə bütün Qərb icmasının Ukraynaya yardımlar və silah satışı həyata keçirməsi fonunda Yunanıstan “S-300 PMU-1”, “Tor-M1” və “Osa-AK” zenit-raket komplekslərini Ermənistana verməyə hazırlaşır. Bunu müxtəlif mənbələr ayrı formalarda izah edirlər. Bəzi mənbələr bunu sadəcə olaraq hədiyyə kimi qeyd edir, bəziləri bunun satış məqsədi ilə həyata keçirildiyini söyləyir. Əlbəttə ki, bu, Cənubi Qafqazdakı təhlükəsizliyə, sülh arxitekturasına mənfi təsir göstərir, zərbə vurur. Bununla Yunanıstan bölgədəki gərginliyin artırılmasına xidmət edir. Biz vaxtaşırı yunan Kipri, Yunanıstan ilə Ermənistan arasında hərbi məsləhətləşmələri, səfərləri, təlimləri görürük. Bu da Azərbaycan əleyhinə geosiyasi oxun güclənməsi anlamını verir. Digər tərəfdən, Bakı Afinaya öz etiraz mövqeyini bildirməlidir. Bununla bağlı da biz müxtəlif mesajları görürük. Lakin elə etmək lazımdır ki, bu sövdələşmə baş tutmasın”. Politoloqun qənaətincə, Yunanıstan tərəfi anlamalıdır ki, Ermənistan işğalçı dövlətdir, 30 il Azərbaycanın ərazilərini işğalda saxlayıb, ərazi bütövlüyünü, suverenliyini pozub: “Hazırda da Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Konstitusiya dəyişiklikləri ilə bağlı Azərbaycanın irəli sürdüyü tələbləri Ermənistan yerinə yetirmir. Bundan boyun qaçırdır, vaxt qazanır. Zaman keçdikcə biz görürük ki, İrəvan Fransa, Hindistan silahları ilə yanaşı, həm də Yunanıstan silahlarına maraq göstərir. Digər tərəfdən, əgər bu silah alış-verişi və yaxud Yunanıstanın Ermənistana səxavətli yardımları fonunda hansısa addımlar atılırsa, Azərbaycan öz təhlükəsizliyini daha güclü həcimdə təmin etməlidir. Artıq 2025-ci ilin müdafiə və təhlükəsizlik xərcləri ilə bağlı müəyyən addımlar atılır. Bu barədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında fikir bildirib, təhlükəsizlik məsələsinə xüsusi diqqət ayrılmasını istəyib. Bu da səbəbsiz deyil. Çünki Ermənistana bu cür dəstəyin ifadə olunması il ərzində də davam edə bilər. Bizim üçün önəmli olan hərbi üstünlüyü qoruyub saxlamaq, təhlükəsizliyimizi təmin etmək, hər hansı bir təhdidlər, dislokasiya riskləri olarsa onu qabaqlamaq, qabaqlayıcı tədbirlər görməkdir. Eyni zamanda Ermənistana çox güclü, sarsıdıcı zərbələr endirmək də hər zaman öz aktuallığını qorumalıdır”. Nailə QASIMOVA

Bizə qoşulun