Medianews.az
Dirilərin ölüyə SON BORCU: <span style=color:red>Dəfn işləri üçün 960 manat KİFAYƏTDİRMİ? - FOTO
137 baxış

Dirilərin ölüyə SON BORCU: Dəfn işləri üçün 960 manat KİFAYƏTDİRMİ? - FOTO

Gələn il dəfn üçün birdəfəlik sosial müavinətin 960 manat olması proqnozlaşdırılır. Bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb. Qeyd olunur ki, 2024-cü ilin 6 ayı üzrə dəfn üçün birdəfəlik sosial müavinətin faktiki orta məbləği 820 manat olub. Bəs, əsl reallıqda 960 manat dəfn işləri üçün kifayətdirmi? Dinimizdən irəli gələrək, dəfn mərasimində hansı işlərin görülməsi vacibdir, onlara pul xərcləmək mütləqdir, hansılar isə vacib deyil və onlara pul xərcləmək israfçılıqdır? Mövzu ilə bağlı Medianews.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev bildirib ki, cəmiyyət bu məsələyə fəqli yanaşır. Onuzn sözlərinə görə, Bakının özündə, eləcə də bölgələrdə insan dünyasını dəyişərkən icra olunan elə adətlər var ki, onlar dinlə bağlı deyil: “Bunların bir necəsi dinimizdə vacib hökmlərdir. Digər məsələlər isə vacib deyil, onları etmək də olar, etməmək də. Vacib hökümlər hansıdır? Məsələn, bir insan dünyasını dəyişdi, mütləq qohum-əqraba onun dəfni üçün hazırlıq görməlidir. İslam dininə görə, bu zaman bir neçə vacib höküm icra olunmalıdır. Birincisi, dünyasını dəyişən insan yuduzdurulmalı, yəni qüsul verilməlidir. Dünyasını dəyişən insanın yuyulmasına zəhməti yalnız doğmaları çəkməlidir. Məsələn, ata rəhmətə gedibsə oğullar, qardaşlar, qohum-əqrabada kişilər bu kişini yumalıdırlar, qüsul verməlidirlər. Bölgələrdə bu qaydada da icra olunur. Bunun üçün heç bir xərc çəkilmir. İnsan dünyadan köçməmişdən qabaq öz kəfənini hazır etməlidir. Ölüm haqqdır. Bir insan səfərə gedərkən necə tədarükünü edirsə, ölüm səfərinə də hər bir insan hazırlıq görməlidir. Kəfənini hazır etməlidir, əgər etməsə belə, onun doğmaları 10-12 metrə qədər sadə ağ parça hazırlamalıdırlar. Bunun qiyməti təxminən 15-25 manat arasında olar. Daha sonra o insana hənut olunur, yəni yeddi əzasına duz şəkilli kafur deyilən kəskin qoxulu bir tərkib vurulur. O da savabdır, xüsusi mənası, əhəmiyyəti var. Bu, qəbirin və rəhmətə gedənin ehtiramını qorumaq üçündür. Çünki bəzi yerlərdə məzarlara müxtəlif heyvanlar fərqli zamanlarda gəlib, qəbiri qazıb, cəsədləri çıxarıb. Vurulan kafurun kəskin qoxusu dünyasını dəyişənin meyitini və məzarı belə şeylərdən bir növ mühafizə edir. Heyvanlar o qoxu səbəbilə məzarlara yaxınlaşmır. Bunu da etmək bizim dinimizdə tələb olunur. Əgər tapılmasa, edə bilməsələr vacibatdan kənar olar”. QMİ sədrinin müavini deyib ki, dünyasını dəyişən insanın yuyulmasından, qüsl və hənut edilməsindən sonra kəfənə bükmək, həmin şəxsə cənazə namaz qılmaq və qəbirstanlığa aparı dəfn etmək ardıcıl qaydada həyata keçirilməlidir: “Bölgələrdə bunların hər biri təmənnasızdır. Xalq, qohum-əqrəba yığışıb bunları icra edir. Ölən insana üç, yeddi, qırx mərasimi vermək, bir neçə gün məclis keçirmək və sair bu kimi hallar dinimizdə vacib olmayan məsələlərdir. Düzdür, savabdır. Əgər insanların buna imkanı varsa, maddi vəziyyətləri normaldırsa, istərlərsə üç günlük süfrə aça, “Qurani-Kərim” məclisi qura, mərasim keçirə bilər. Əgər dünyasını dəyişən adamın yaxınları bunu istəməsələr, etməyə də bilərlər. Buna vacibat tələb olunmur. Ümumiləşdirsək, bir adamın dəfni üçün 100-300 manat xərc çəkilsə kifayət edir. Məzar daşı olaraq da kiçik bir işarənin qoyulması kifyətdir. Bu da vacibatdan deyil, sadəcə savab işdir. Lakin təəssüf ki, bizim insanların çoxu israfa gedirlər. Qeyri-adi, bahalı qəbir daşları qoyurlar. Bunların da heç bir savabı yoxdur. Bunu adi insanlar üçün etməməlidirlər. Məsələn, müyyən məqbərələr, qəbir daşlarının düzəlməsi istisna insanlar üçündür. Böyük tarixi şəxsiyyətlər, imam, peyğəmbərlər var ki, xalq özündən sonra gələn nəsil üçün nümunə olaraq onlara belə abidələr qoyurlar. Məqsəd də budur ki, onları ziyarətə gələnlər həmin şəxslərin nümunəvi həyatından, yaşamından ibrət götürsünlər. Buraya şəhid məzarları da aiddir ki, onlar Vətən uğrunda, iman uğrunda öz canını fəda etmiş şəxsiyyətlərdir. Cavan nəsil də onlardan ibrət götürür. Bu, başqa bir məsələdir. Amma adi, sadə insanlar üçün bunu etməzlər". Hacı Fuad Nurullayev vurğulayıb ki, rəhmətə gedən üçün üç gün məclis qurulursa bu, kifayətdir: "Bunu peyğəmbərimizin zamanında bu qaydada qurub, sadə şəkildə süfrə açıblar. Bunu ona görə ediblər ki, “Qurani-Kərim” oxunsun, dini söhbətlər danışılsın, Allahın buyurduqlarından söhbət açılsın, dünyasını dəyişənin evində yaşayanlar, mərhumun ailə üzvləri, yaxınları da təsəlli tapsın. Yəni ev sahibi, məclis yiyəsi qohum-əqrəbanın ziyarətindən, hörmət və ehtiramından təsəlli tapsın, itkisinə səbir etsin, öyrəşsin. Təəssüf ki, bizim cəmiyyətdə bir çox insanlar bunları öz istəyinə, marağına uyğun qaydada dəyişdirib, israfçılığa yol verməyə başlayıblar. Çoxsaylı təamlardan ibarət yeməklər hazırlanır, süfrələr açılır, məclislər qurulur. Halbuki dinimizdə bu qanunlar, qaydalar, tələblər yoxdur. Peyğəmbərimizin zamanında rəhmətə gedən olanda qohum-əqraba ölən adamın ailəsini ziyarətə gələndə özləri evlərindən öz yeməklərini, ərzaqlarını gətiriblər və rəhmətliyin evində süfrə açıblar, ailə üzvlərini də yedizdiriblər ki, onlar qəmə batmasınlar”. QMİ sədrinin müavini söyləyib ki, Bakı ərazisində ən böyük problemlərdən biri ölən şəxsin dəfn olunması üçün məzar yerinin tapılmasıdır: “Azərbaycan əhalisinin çoxu paytaxt Bakıda və şəhər ətrafı ərazilərdə cəmlənib. Bu səbəbdən də bu ərazilərdəki qəbiristanlıqlar artıq dolub. Təəssüf ki, bəzi işbazlar, imanı zəif olan insanlar bu məqamdan sui-istifadə edirlər. İnsanlarımız da məcburiyyətdən onlarla pul müqabilində sövdələşir, dünyasını dəyişən doğmasını dəfn etmək üçün məzar yeri alırlar. İslam dininə görə, qəbiristanlıq yeri satılmaz və alınmaz. Qəbiristanlıq ərazisi əhali üçün Allah adına hədiyyə, ehsan olunan yerdir. Rəhmətə gedənlər o yerlərdə dəfn olunmalıdır. Bir adamın da 3-4 nəfərlik yer alması İslam dinində yoxdur. Lakin təəssüf ki, Azərbaycanada belə faktlarla rastlaşırıq. Bunlar dindən kənar faktlardır". Hacı Fuad Nurullayev bildirib ki, əgər bu gün bir insan dünyasını dəyişirsə, onun dəfni ilə əlaqəli özünü göstərən problemləri elə insanların özləri yaradırlar. Çünki onlar dinin tələblərinə qulaq asmır, riayət etmirlər. Məsələn, İslam dininə görə, bir adam rəhmətə gedəni üçün birdən artıq məzar yeri əldə edə, saxlaya bilməz. Bunlar haram və günahdır. Rəhmətə gedən insan İslam şərtləri ilə dəfn olunsa, çox az xərclər çəkilər, hətta 200-300 manat kifayət edər. Lakin təəssüf ki, burada israfçılığa, dini tələbdən kənara çıxmalara yol verilir. Eyni israfçılıq toylarımızda da özünü göstərir. Mən deyərdim ki, burada lap həddini aşıb. Bir çox ailələr üçün toy mərasimi təşkil etmək də problemə çevrilib. Ona görə də həm yas, həm də toy mərasimlərində israfçılıqdan qaçmalı, dinimizidən irəli gələn qaydalar çərçivəsində hərəkət etməliyik. Allah buyurub ki, yeyin-için, amma israf etməyin. Allah israf edənləri sevməz”. Nailə QASIMOVA

Bizə qoşulun