Medianews.az
Rusiya nüvə silahına ƏL ATIR? - <span style=color:red>Ukrayna cəbhəsində üstünlük qazanmaq üçün...
534 baxış

Rusiya nüvə silahına ƏL ATIR? - Ukrayna cəbhəsində üstünlük qazanmaq üçün...

ABŞ prezidenti Co Bayden Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. Ehtimal olunur ki, raketlər Rusiya və Şimali Koreya hərbçilərinə qarşı Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrini qorumaq üçün istifadə olunacaq. ABŞ prezidentinin məlum qərarının ardınca, Fransa və Böyük Britaniya da uzaqmənzilli silahlarla Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə icazə veriblər. Kiyev bu məqsədlər üçün "Storm Shadow"/"SCALP-EG" raketlərindən istifadə edə biləcək. Maraqlıdır, Rusiyanın dərinliyinə zərbələrə icazə verilməsinə Moskvanın cavab variantı nə olacaq? Bəzi Rusiya rəsmilərinin və analitiklərinin tez-tez iddia etdiyi kimi, Kreml rəhbəri nüvə silahına əl atacaqmı? Ukrayna cəbhəsində üstünlüyü ələ almaq üçün Rusiya tərəfi hansı addımlar atacaq? Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şixəliyev bildirib ki, ABŞ Prezidenti Co Baydenin  ATACMS raketlərinin Rusiya ərazilərinə zərbələr endirməsinə dair icazəsi bir çox məqsədlərin həyata keçirilməsinə hesablanıb. Onun sözlərinə görə, ilkin mərhələdə əsas hədəflər Rusiyanın strateji obyektləri olacaq: “ATACMS-lar 306 kilometr məsafəyə zərbə endirmək imkanına malik olduğu üçün ilkin mərhələdə Rusiyanın Bryansk, Kursk, Lipetsk, Voronej, Taqanroq, Rostov və sair ərazilərində yerləşən strateji obyektlər, o cümlədən bu dərinlikdə və zolaqda yerləşən ən azı 20-yə yaxın aerodrom hədəfə alına bilər. Rusiyanın əsas neft, qaz emal zavodları bu bölgədə olduğundan, həmin obyektlər, həmçinin Kurskdakı döyüşlərə Şimali Koreyadan cəlb olunan döyüşçülər də ilkin hədəflər ola bilər. Bu aviazərbələrin təşkili ilə Rusiya-Ukrayna müharibəsində vəziyyəti Kiyevin xeyrinə dəyişmək əsas məqsəd olacaq. Əgər hərbi münaqişənin dayandırılması üçün Qərbin Rusiya ilə aparacağı danışıqlar hər hansı nəticə verməzsə, bu uzaqmənzilli ATACMS raketləri müharibənin gedişatını dəyişə bilər. Co Baydenin məlum qərarını Ukrayna çoxdan gözləyirdi. Əslində bu gecikmiş qərardır. Bu, həm də müharibənin nəticəsinin Ukraynanın istəmədiyi kimi bitməsinə hesablanmış addımdır. Yəni, bir neçə məqsəddən biri də budur. Təbii ki, Kiyevin Qərbdəki müttəfiqlərindən belə bir razılığı əldə edə bilməsi Ukraynanın əlini də gücləndirəcək”. Hərbi ekspert deyib ki, ATACMS raketlərinin erkən aşkar olunması və hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilməsi Rusiya üçün problem olacaq: “Hesab edirəm ki, bu raketləri ən birinci Kursk ərazisindəki döyüşlərdə sınayacaqlar. Bunu onunla əsaslandıracaqlar ki, Şimali Koreyanın 10-12 min nəfər şəxsi heyətinin Ukrayna əleyhinə birbaşa döyüşlərə cəlb olunması ABŞ-nin bu qərarı verməsinə səbəb olub. Amma rəsmi Moskva əvvəlcədən xəbərdarlıq etmişdi ki, əgər NATO-ya daxil olan hər hansı bir ölkənin istehsal etdiyi operativ taktiki ballistik raketlərdən istifadə olunmaqla Rusiya ərazisinə zərbə endiriləcəksə, bu, həmin ölkələrin də müharibədə iştirakçı olduğu anlamına gələcək və onları hədəfə çevirəcək. Həmçinin bu vəziyyətdə Kreml rəhbərliyi NATO blokunun qarşı addımlar ata biləcəyini də vurğulamışdı. Bu, artıq müharibə arealının genişlənməsinə səbəb ola bilər. Yəni, Moskva üçün müharibə arealı sadəcə Ukraynanın ərazisini deyil, NATO-ya daxil olan, Rusiya ilə sərhəddə yerləşən ölkələri də əhatə edəcək. Qərbin, NATO-nun bu ölkələrdəki hərbi bazaları Rusiya üçün hədəfə çevriləcək, oraya zərbələr endiriləcək. Hələlik Moskvanın bu barədə bəyanatları sadəcə siyasi və xəbərdaredici xarakter daşıyır. Real olaraq nüvə silahı tətbiq olunmayıb. Əsas gözlənti müharibənin dayandırılması istiqamətindədir. ABŞ prezidenti Co Baydenin, eləcə də Fransa və Böyük Britaniyanın məlum razılıq qərarları da Rusiyanı müharibədən çəkindirmək, zəiflədərək geriyə doğru addım atmağa məcbur etməkdir. Lakin düşünürəm ki, real olaraq Ukrayna ATACMS və "Storm Shadow"/"SCALP-EG" raketlərindən Rusiyaya qarşı açıq sahədə istifadə edəcəyi halda müharibə həm zaman olaraq uzanacaq, həm də miqyası genişlənəcək”. Nailə QASIMOVA

Bizə qoşulun