Medianews.az
Avropalı kəşfiyyatçıları Azərbaycan sərhədinə <span style=color:red>GƏTİRƏN SƏBƏB - FOTO/VİDEO
195 baxış

Avropalı kəşfiyyatçıları Azərbaycan sərhədinə GƏTİRƏN SƏBƏB - FOTO/VİDEO

Oktyabr ayının əvvəlindən Avropa İttifaqının "müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Ötən gün daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. Diqqət çəkan məqam həm də budur ki, indiyədək "müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, ötən gün sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb. Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu istisna edilmir. Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Avropa İttifaqının mülki missiyası ilk mərhələdə şərti sərhəddə patrul xidmətinin aparılması olub. Onun sözlərinə görə, mülki missiya adı altında regiona yeridilən Aİ müşahidəçilərinin sayı əvvəlcə 109 nəfər olsa da, sonradan bu rəqəm 208-ə çatdırılıb. Hərbi ekspert deyib ki, bu mülki missiyanın gələcəkdə hərbiləşdirilmiş missiya olacağı ilk vaxtlardan hiss olunub: “Hazırda bu missiya üzvləri Fransanın bayrağı altında, mülki şəxslərlə birlikdə ön xəttə gəlir, Azərbaycanla şərti sərhəddə müşahidələr aparır, “binokl diplomatiyası” yolu ilə məlumatların toplanılmasını həyata keçirirlər. Xatırladım ki, bundan öncə də Gorusda həmin bu mülki missiya “Səlib yürüşü” xaçı olan bayraq altında eyni davranış nümayiş etdiriblər. Bununla sublimativ mesajlar verirlər ki, guya Ermənistanla Azərbaycan arasında mövcud olmuş münaqişə dini zəmində olub, indi də bu coğrafiyada İrəvanı dəstəkləyən qüvvələr xristian klubu yaradaraq bu ölkəni müdafiə edirlər və edəcəklər. Bununla Ermənistanın ərazilərinin faktiki olaraq Fransanın, ABŞ-nin, Avropa İttifaqının maraqları altına keçməsini təmin edirlər. ABŞ də Ermənistanı revanşizmə cəsarətləndirir. Məsələ burasındadır ki, Avropa İttifaqının mülki missiyasının şəxsi heyəti sadəcə Makron Fransasının vətəndaşlarından ibarət deyil. O missiyanın tərkibində Kanadanın hüquq-mühafizə, güc strukturlarında, təhlükəsizlik, kəşfiyyat orqanlarında xidmət etmiş kifayət qədər adam var. Hətta digər Qərb ölkələrinin də təmsilçiləri o missiyanın tərkibində cəmləşdirilib. Mülki missiya adı altında orada toplaşanların sayını 600-ə qaldırdıqdan sonra gecənin birində Ermənistan silahlı qüvvələrinin mundirinin onların əyninə geyindirilməsi çətin olmayacaq”. E.Şıxəliyev deyib ki, faktiki olaraq Ermənistandakı müşahidəçilər NATO-nun missiyasıdır: “Artıq biz bu missiyanı belə görürük və belə də oxumalıyıq. Milli Məclisdə çıxışı zamanı Prezident İlham Əliyev bunu açıq şəkildə bildirdi, o müşahidəçiləri öz adları ilə, yəni, NATO missiyası olaraq təqdim etdi. Əgər bu NATO missiyasıdırsa, deməli, gələcəkdə onlar bu coğrafiyanı, xüsusən də Ermənistan ərazisini məhz özlərinin siyasi və hərbi nəzarətinə götürülməsi planlarını həyat keçirmək niyyəti güdürlər. Bu məqsədə çatmaq üçün isə hələlik Avropa İttifaqı missiyası adı altında “toxumları əkirlər”. Bununla paralel olaraq, sürətli şəkildə Ermənistanın silahlanmasını həyata keçirirlər. Ermənistanda kifayət qədər məşvərətçilər, məsləhətçilər, NATO-nun silahlı qüvvələrinin nümayəndələri var. Onlar Ermənistan silahlı qüvvələrinin hazırlanmasında təlimatı, təminatı həyata keçirirlər”. Hərbi ekspert söyləyib ki, “mülki missiya” bu kəşfiyyat məlumatlarını həm Azərbaycan, həm İran üzərindən toplayır, özlərinin Ermənistandakı qərargahlarına, beyin mərkəzlərinə, həmçinin Brüsselə, Pentaqona ötürürlər: “Həmin mərkəzlərdə də bu kəşfiyyat məlumatları əsasında yeni əməliyyat planları hazırlanır. Gələcəkdə bu coğrafiyada baş verə biləcək üçüncü müharibədə Ermənistanın əməliyyatlara necə təhrik olunması, prosesin idarə edilməsi barədə ehtiyat planlar qurulur. Fransa buradakı mövcudiyyəti ilə Azərbaycana qarşı düşmənçiliyini gizlətmir. Artıq informasiya cəbhəsində Fransa-Azərbaycan münasibətləri müharibə vəziyyətindədir. Onlar qisasçılığı, Türkfobiyanı yaşayır, Azərbaycan-Türkiyə birliyini sarsıtmağı, Zəngəzur dəhlizinin açılmasına maneə yaratmağı, ümumən düşmənçiliyi öz qarşılarına məqsəd kimi qoyurlar. Ermənistanı da buna cəsarətləndirirlər. Zəngəzur dəhlizinin açılmaması, Türk birliyinin gələcəkdə güclənməməsi üçün planlar qururlar. Çox çirkli, şaxəli niyyətlər var. Ona görə də Azərbaycan öz hərbi qüdrətini artırır, təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atır. Biz bu coğrafiyada hansı oyunların getdiyini bilirik və zamanı gələndə adekvat tədbirlər görməyə hazırıq”. Nailə QASIMOVA

Bizə qoşulun