Medianews.az
Subasmalara qarşı MÜBARİZƏ: <span style=color:red>Məktəblilərin təqdim etdiyi HƏLL YOLU - FOTOLAR
104 baxış

Subasmalara qarşı MÜBARİZƏ: Məktəblilərin təqdim etdiyi HƏLL YOLU - FOTOLAR

STEAM - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Arts) və Riyaziyyatdan (Mathematics) istifadə edərək araşdırma, yaradıcılıq (creativity), məntiqi təfəkkür və tənqidi düşüncə (critical thinking) bacarıqlarına yiyələnmək üçün bələdçi tədris metodudur. Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib. Layihənin keçirilməsində əsas məqsəd respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını-kreativlik,  əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. STEAM metodologiyalarının əsasında duran layihə əsaslı öyrənmə (PBL), təhsilalanların müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif  həll yollarını müəyyənləşdirmək xüsusiyyətini artırır. Bu layihə çərçivəsində indiyə qədər ölkəmizdə çoxsaylı tədbirlər keçirilib. Bunun davamı olaraq, ötən həftə Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilib. Builki festivalın əsas məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları və layihələrin hazırlanmasını təşviq etmək olub. Builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ də daxil olmaqla 15 ölkəni təmsil edib. Məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsif iştirak edib. Festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunub ki, onlar da “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”  “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və sair kimi mövzuları əhatə edib. Bakı Ekspo Mərkəzdə iki gün davam edən festivalın açılış mərasimində elm və təhsil naziri, millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbəri, müəllimlər, media nümayəndələri də iştirak ediblər. İki gün boyu davam edən festivalda məktəblilərin müvafiq stendlərdə əl işləri, layihələri nümayiş olunub. Biz də həmin stendlərə baş çəkib məktəb şagirdlərinin layihələri ilə maraqlandıq. İlk yaxınlaşdığımız stenddə Rəna Həsənli və Kövsər Qurbanova ilə həmsöhbət olduq. Öyrəndik ki, Rənanın 12 yaşı var və o, 76 nömrəli tam orta məktəbdə təhsil alır. Kövsərin isə 10 yaşı var və 116 nömrəli tam orta məktəbdə oxuyur. Onlar festivalda kompozisiya ilə çıxış edirdilər. Hər iki məktəbli animasiya da çəkmişdi. Kövsər və Rəna öz layihələri barədə məlumat verdilər: “Bilirsiniz ki, oksigenin 90 faizinin okean, dəniz, su canlıları və yosunlar verir. Biz də belə bir layihə təqdim etmək istədi ki, insanları sualtı aləmə daha həssas olmağa səsləyək”. Onların geyimi də öz animasiyalarına uyğun idi. Rəna öz geyimi ilə dünyanı, Kövsər isə günəş və ağacı təmsil edirdi. Onların layihəsi “Tullantıdan hazırlanan sualtı aləm” adlanırdı. Yaşlarının az olmasına baxmayaraq, ekologiyaya böyük maraqları var və təbiətimizi qorumağa can atırlar. Onların bu təşəbbüsü bizi çox sevindirdi. Daha sonra Məsud və Elayla tanış olduq. Onlar bir sinifdə oxuyurdular. Elay Əfəndiyeva və Məsud Rəhimli Mingəçevir şəhəri Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbin 4-cü sinif şagirdləridir. Onlar VidX kateqoriyası üzrə “Zəfər” komandasının üzvləridir. Şagirdlər layihələrini necə gerçəkləşdirdikləri barədə danışdılar: “Biz sinif yoldaşlarımızdan xahiş etmişik ki, istifadə etmədikləri oyuncaqları bizə versinlər, biz də kuklanın üstünə yapışdıraq. Bu maketin üstündə 4 gün işləmişik. Biz bu layihə ilə böyüklərə səslənirik ki, təbiətə və canlılara mərhəmətli, düşüncəli olsunlar. Ona görə də təbiəti qollarımıza almışıq”. Stendləri gəzməyə davam edərkən diqqətimizi Arif və onun layihəsi çəkdi. Arif Səfərov festivala Bakı şəhəri 82 nömrəli tam orta məktəbdən qatılmışdı. Onun layihəsinin əsasını akvarium təşkil edirdi: “Akvariumda balıqlar var. Onun içərisindəki su borular vasitəsilə yuxarı qalxır. Yuxarı qalxan sular filtrdən süzülərək bitkilərə keçir. Bu prosesdə bitkilər özlərinə lazım olan qədər suyu alırlar və geriyə qalan su filtrdən keçərək akvariuma geri qayıdır”. Elə Arifin stendinin yanında Fatimə Balakişiveya və Mehriban Ağayevanın söhbəti diqqətimizi çəkdi. Hər ikisi festivala Füzuli Gözəlov adına 124 nömrəli məktəbdən qatılmışdı. Onların layihəsi günəş enerjisi ilə işləyən avtobus idi. “Yaşıl təşəbbüslər” üzrə “Modern bus” komandası olaraq festivalda iştirak edirdilər: “Bu avtobus enerjini günəşdən yığaraq mühərrikinə ötürürdü və motor işə düşürdü. Beləliklə, avtobus təbii və tükənməyən enerji hesabına işləməyə başlayırdı”. Festivalda iştirak edən Bəxtiyar Əlizadə və Eldar Hacıyevlə də tanış olmuşduq. Onlar tədbirə Qax şəhər 1 nömrəli tam orta məktəbdən qatılmışdılar. Bu iki gəncin əsas məqsədi elektrik səmərəsizliyini aradan qaldırmaq idi. Bunun üçün yol maketindən istifadə edərək layihə hazırlamışdılar: “Layihə çərçivəsində günəş paneli, elektrik turbini və sensorlardan istifadə etmişik. Sensor hərəkəti alqılayır, günəş panaelinin üstündəki sensorlar isə havanın qaranlıq və ya aydın olduğunu təyin edir. Əgər hava qaranlıqdırsa və hərəkət varsa, lampa işə düşərək yolu işıqlandırır. Külək turbinindən isə 240-260 volta qədər yüksək gərginlik alırıq və bunu qurğu vasitəsilə lazım olan volta çeviririk. Bizim layihəmizin elektrikli avtomobillər üçün də üstün cəhəti var. Bu da ondan ibarətdir ki, qaranlıq yolda elektrikli avtomobillər öz lampalarını yandırdıqda öz mühərriklərindən, enerji ehtiyatlarından istifadə edirlər. Bizim layihəmiz sayəsində lampadan istifadə etməyərək elektriklərinə qənaət edəcək, daha çox yol qət edə biləcəklər”. Zəhra Xudiyeva və Raul Xuduzadə Sumqayıt şəhər Təfəkkür Liseyindən festivala qatılmışdılar. Onların layihəsi kənd təsərrüfatındakı su qıtlığının və artıq su israfının qarşısını almağa hesablanmışdı. Məktəblilərin cihazında olan sensorlar bitkini metroloji, fizioloji, torpağın xassələrinə uyğun olaraq analiz edir və bunun nəticəsində bütün məlumatlar məhz qurğunun beyninə ötürülür. Zəhra bildirdi ki, beyində proqramlaşdırılan məlumatlar əsasında hansı bitkinin nə qədər suya ehtiyacı olduğu bilinir və onlar suvarılır: “Bizim cihazımızda yağışvari, damcıvari sulama üsulu var. Bunların sayını və həcmini artıra da bilərik”. Elman Tenşov və Aydın Sulxayev isə Zaqatala rayon Nizami Hüseynov adına 2 nömrəli tam orta məktəbdən festivala gəlmişdilər. Aydın söhbət əsnasında bildirdi ki, dünyada təbii fəlakətlər, o cümlədən subasmalar nəticəsində hər il minlərlə insan həyatını itirir, təsərrüfatlara böyük ziyan dəyir: “Biz bunun qarşısını almağı hədəfləmişik. Cihazın işləmə prinsipi bundan ibarətdir ki, normal statik vəziyyətdə su səviyyəsinin qalxdığı aşkar edilərsə, cihaz evin ətrafındakı suyu pompa vasitəsilə müvafiq baryerin içərisinə doldurmağa başlayacaq. Tələb olunan hündürlükdə baryer qalxacaq. Nəticədə evə su girməyəcək”. Son günlər paytaxt Bakıda yağışdan sonra yaşanan hadisələri nəzərə alsaq, Elman və Aydının layihəsi dövrümüzün əsas problemlərindən birinin həlli baxımından böyük önəm daşıyır. Ümumiyyətlə, festivalda iştirak edən məktəblilərin təqdim etdikləri layihələr, onları böyük həvəslə nümayiş etdirmələri hər kəsdə xoş təəssürat yaratmışdı. Nailə QASIMOVA Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.

Bizə qoşulun