Tarix elmləri doktoru, professor Təvəkkül Səlimov oktyabrın 7-də Baku Tv-də efirə gedən müsahibəsində Aərbaycan ərazisində 26 türk tayfasının yaşadığını diqqətə çatdıraraq, onlardan birinin də Amazonkalar olduğunu vurğulayıb. Deyib ki, Amazonkalar bu coğrafiyada uzun müddət yaşayıblar, fərqli həyat tərzinə, adət-ənənələrə sahib olublar.
Medianews.az xəbər verir ki, o, Amazonka sözünün mənasının döşsüz, yaxud döşsüz qadın demək olduğunu iddia edib. Alimin sözlərinə görə, Amazonkaların sağ döşünü uşaq vaxtı yandırıblar ki, gələcəkdə nizə atanda bədənin bu hissəsi onlara mane olmasın, əsas güc sağ biləkdə cəmlənsin.

T.Səlimov bildirib ki, Amazonkalar əks-cinsə ehtiyac duymadan, kişisiz yaşayıblar. İl ərzində cəmi iki dəfə cütləşmə dövrünü yaşayıb, dünyaya gətirdikləri övlad qız uşağı olanda özləri ilə götürüb döyüşçü kimi yetişdirib, oğlan olanda isə ayağını sındırıb tərk ediblər. Burada məqsəd bu olub ki, gələcəkdə övladları onlara qarşı döyüşməsin, yaxud müharibələrdə öz övladlarını öldürməsinlər. Yəni, axsaq olmaları həm gələcəkdə bu oğlan uşaqlarını döyüşdən, ölümdən xilas edib, həm də Amazonkalara nişan verib ki, həmin şəxs onlardan əmələ gələndir. Tarixçi-alim bunu ibtidai dünyagörüşün müəyyən təcəssümü kimi qələmə verib. T.Səlimov Amazonkaların nişanələrinin Abşeron yarımadasındakı Türkan qəsəbəsində aparılan tədqiqatlar zamanı tapılan daş abidələrdə də özünü göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, bu nişanələrdən ən çox diqqət çəkəni qadına məxsus daş abidədə sağ döşün olmaması, əzələlərin təsviri olub.

Tarixçi-alim fikrini əsaslandırmaq üçün Nizami Gəncəvinin şeirlərinin birindəki misralara diqqət çəkib: Hürum adlanırdı bu yurd hər yerdə, İndi isə adına deyirlər Bərdə. T.Səlimov iddia edib ki, hürum sözü qadın deməkdir və Bərdə sözünün əvvəlki adı Hürum olub: “Bərdə qadınlar şəhəri deməkdir. “Bər” bizdə işlənən bar-bəhər sözüdür. “Bər” sözü döş mənasındadır. Yeni doğulan uşağa döşü verir, əmizdirir, ana südü ilə saxlayırlar. Bu, bir növ bar, bəhərdir. “Də” şəkilçisi də qədim Yunan dilində şəhər mənasında işlədilir. Deməli, Bərdə sözünün mənası “döşlülər şəhəri” deməkdir”.

Tarix elmləri doktoru, professor T.Səlimovun efirdən səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb, geniş müzakirələrə yol açıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev Medianews.az-a açıqlamasında həmkarını təkzib edib. Bildirib ki, Amazonkalar barədə danışılanlar əfsanədən, rəvayətdən başqa bir şey deyil: “Bu mövzuda Amazonkalar üzrə tədqiqat aparanlar danışsa daha düzgün olardı. Nuridə Atəş adlı bir nəfər Berlin şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəridir. Bu barədə o, material toplayıb yazıb və kitab da nəşr edib. Həmçinin Azərbaycandan başqaları da yazıb. Amazonkalar haqqında mən yalnız onu deyə bilərəm ki, onlar haqqında oxuyub bildiklərimiz ermənilərin tarixi kimi bir rəvayətdən, söhbətdən ibarətdir. Çünki, orda deyilənlər, fakt kimi təqdim edilənlər heç bir mənbə ilə, arxeologi materialla sübut olunmur. Bu rəvayətlərdə Amazonkalar, onların yaşayış tərzi və döyüşləri haqqında məlumatlar verilir. Bu, şifahi formada dildən-dilə keçənlərin nə vaxtsa qələmə alınmasıdır. Həmin məlumatlar mənbəsiz, istinadsız yazılardır. Tədqiqatı həyata keçirən şəxslər mənbə göstərmirsə, bu, inandırıcı deyil”.

Amazonkaların harada yaşadığı mövzusuna gəldikdə, tarixçi-alim deyib ki, onların Qafqazda, Orta Asiyada, Altaylarda yaşadığına dair fikirlər var: “Necə ki, qəhrəmanlıq dastanlarını hər bir xalq öz ərazisinə aid etməyə çalışır, eləcə də Amazonkaları müxtəlif xalqlar öz ərazisində yaşayan insanlar kimi qələmə verirlər. Ona görə də onların nə dövrü, nə də yaşadığı yerlər dəqiq məlum deyil. Amazonkalar haqqında iki saat da danışsalar, min səhifəlik kitab da yazmış olsalar belə, onlar haqqında məlumatlar yalnız əfsanələrə söykənir, uydurmalar çoxdur. Burada nə tarixi bir faktda, nə də mənbəyə rast gəlməmişəm. Bədii ədəbiyyatda əfsanələr, rəvayətlər, əsatirlər, o zamnakı dini inancları izah etmək üçün yaranmış fikirlər o qədərdir ki, onların hər birini fakt kimi qəbul etmək qeyri-mümkündür. Çünki onların heç birinin tarixi əsası, ideyası, tutarlı məzmunu yoxdur. Əhəmiyyətli və tərbiyəvi xarakter daşıyan bir necə nağıl, dastan var idi, onlar da əhəmiyyətini artıq itirib. Hazırda bu iddialar, o cümlədən Amazonkalar barədə irəli sürülən fikirlər heç bir gerçəyi əks etdirmir, uydurma və cəfəngiyyatdır. Amazonkaların Azərbaycan ərazisində olduğuna dair Təvəkkül Səlimovun misal gətirdiyi arxeoloji artefakt nümunə ölkəmizin ərazisində aparılan arxeoloji qazıntıların heç birində rast gəlinməyib. Heç bir arxeoloq bu barədə nə isə deməyib. İştirak etdiyim seminarlarda da bu barədə eşitməmişəm. Əgər Türkanda tapılıbsa, bu, ciddi bir məsələdir. Ya bu artefaktı Təvəkkül Səlimov gətirib qoysun ortaya, dediklərini sübut etsin, bu sahənin araşdırmaçıları, tədqiqatçıları maraqlansınlar görək, bu iddialar nə dərəcədə doğrudur. Doğurdanmı belə bir əşya tapılıb, qədimdir, o dövrə aiddir, yoxsa saxtadır? Bu barədə Türkanda arxeoloji iş aparan arxeoloqlardan soruşmaq lazımıdır”.

Professor Q.Hacıyev Bərdə adının mənasına, bu qədim yurd yeri ilə bağlı T.Səlimovun iddialarına da aydınlıq gətirib. Qeyd edib ki, həmkarının Bərdə haqqında danışdıqları cəfəngiyyat və mənasız söz yığınıdır: “İlk növbədə Nizami Gəncəviyə böhtan atır. Nizami Gəncəvi Hürum yazmayıb. Onu dəfələrlə Şərqşünaslıq İnistutunda və başqa inistututlarda fars dilindən tərcümə ediblər. Heç bir tərcüməci onun şeirindəki fikrini Hürum kimi yazmayıb, Harun ya da Harum kimi yazıblar. Onun da mənası qadın demək deyil. Əgər Təvəkkül Səlimovun kəndində “Bər” qadının döşünə deyirlərsə, bu, başqa məsələdir. Amma Bərdə eradan əvvəl VI-V əsrdə yaranmış şəhərdir. Sak sərkərdələri Partatua Borduanın adından götürüb Partav qoymuşdular. Partavın da tərcüməsindən Bərdə, daha sonra isə ərəblər Bərdaa deyirdilər. Bu etimalogiya qətiyyən Təvəkkül Səlimovun dediklərinə uyğun gəlmir. Onun dediklərinin Bərdə sözünün etimologiyası ilə heç bir əlaqəsi yoxdur, təhlil üsulu yanlışdır. Sonda isə biabırçı fikir söyləyir. Sən bilmədiyin şeyi, qeyri-ciddi adam kimi özün şərh edəsən, özündən söz düzəldəsən, Nizami Gəncəvinin sözünü təhrif edəsən, bu da azmış kimi sözləri böləsən və öz kəndinizdə işlətdiyiniz sözləri aparıb yunan sözü ilə əlaqələndirəsən, daha sonra isə heç uyğun gəlməyən məna çıxarıb “döşlülər şəhəri” deyəsən, bu, ayıb bir hərəkətdir. Amazonkaların da Bərdəyə hər hansı aidiyyəti yoxdur. Belə etmək olmaz. Bu iddiaların heç bir elmi əsası yoxdur”.

Professor Q.Hacıyev sonda T.Səlimovun elmlər doktoru, professor elmi adı almaya-almaya bu addan sui-istifadəyə yol verdiyini, cəmiyyətə özünü düzgün təqdim etmədiyini diqqətə çatdırıb: "Təvəkkül elimlər doktoru, professor deyil. Mən özüm bir neçə il Ali Attestasiya Komissiyasının üzvü olmuşam. O, nə məndən əvvəl, nə də mənim olduğum dövrdə doktorluq müdafiə etməyib. Doktorluğu müdəfiə etmək üçün ən azı 10-15 il vaxt lazımdır. Təvəkkülün özünü bu formada təqdim etməsi nəyin ki, qeyri-etikdir, hətta cinayətdir. Heç professor da deyil. Bütün əsərləri toplandıqdan, xaricdə yüksək səviyyəli məqalələr çap olunduqdan sonra bu ünvan - professor dərəcəsi həmin şəxsə verilir. Təvəkkül isə asanlıqla bunu üzərinə götürür".
Nailə QASIMOVA
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.