Medianews.az
İntensiv müşahidə altında MƏCBURİ MÜALİCƏ: <span style=color:red>Ağır cəza, yoxsa ömürlük “istirahət”?
124 baxış

İntensiv müşahidə altında MƏCBURİ MÜALİCƏ: Ağır cəza, yoxsa ömürlük “istirahət”?

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi ötən gün başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan olunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib. Prokuror Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib. Yekun qərarla, Əhməd cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək. Məhkəmənin Əhməd barəsində elan etdiyi qərar cəmiyyətdə birmənalı qarşılanmayıb, müxtəlif müzakirələrə yol açıb. Hətta bir ailənin beş üzvünü amansızlıqla qətlə yetirən şəxsin ağır cəzadan yayındırılaraq məcburi müalicə adı altında “istirahətə” göndərildiyi iddia olunub. Mövzu ilə bağlı Medianews.az-a danışan hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, ictimai təhlükəli əməli  törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Onun sözlərinə görə, belə olan halda şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər həyata keçirilir: “Məhkəmə-psixiatrik ekspertizası iki dəfə Əhmədin anlaqsız olması barədə rəy verib. Hesab edirəm ki, məhkəmənin hazırkı mərhələdə çıxardığı qərar hüquqidir, ekspertin rəyinə əsaslanır və adekvatdır. Əhməd “Şizofreniya paranoid forma, hallüsinator - paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəliyindən əziyyət çəkir ki, bu da ekspertiza rəyi ilə təsdiqlənib. Əhməd sağalmadığı müddət ərzində onun barəsində tibbi xarakterli məcburi tədbirlər seçilir, stasionar qaydada psixatrik xəstəxanaya yerləşdirilir”. Hüquq müdafiəçisi deyib ki, anlaqsız şəxsin səhhətinin tam qaydasına düşməsi və ətraf mühitə, ictimaiyyətə adaptasiya olunması mümkündür: “Əhmədin haqqında Cinayət Məcəlləsinin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü - ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib. Lakin bu, o demək deyil ki, Əhməd cəmiyyət içində sərbəst və azad olacaq. Əksinə, o, yuxarıda göstərdiyim kimi,  cinayət məsuliyyətindən və cəzadan azad edilsə də ixtisaslaşdırılmış psixatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə alacaq. Təbii, bu, onun ümumiyyətlə azad edilməsi mənasına gəlmir”. Kamilə ORUCOVA

Bizə qoşulun