Medianews.az
“Türkiyə təzyiqlərə boyun əyməyəcək” – Türkiyəli general Yücel Karauz
325 baxış

“Türkiyə təzyiqlərə boyun əyməyəcək” – Türkiyəli general Yücel Karauz

Rusiyanın Ukraynaya hücum etməsi bütün dünyada təşvişə səbəb olduğu kimi Skandinaviyada da narahtlıqla qarşılanıb. Təhlükədən qorunmaq üçün İsveç və Finlandiya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmaq qərarına gəlib. Lakin bu yolda onların qarşısında mühüm məhdudiyyət var. Təşkilata üzv olmaq üçün NATO-nun bütün üzvləri razılıq verməlidir. Lakin Türkiyə onların üzvlüyünə qarşı çıxıb. Səbəb isə hər iki Skandinaviya ölkəsinin ərazisində PKK, PYD, FETO terror təşkilatlarının üzvlərini saxlamasıdır. Türkiyə İsveç və Finlandiyanın yalnız bir şərtlə NATO-ya daxil olmasına icazə verəcəyini açıqlayıb. Əgər hər iki ölkə terrorçuları Ankaraya təhvil verərsə, üzvlük ratifikasiya (izahı: təsdiq) olunacaq. Avqustun 26-da Finlandiyada 3 ölkənin yeni görüşü gözlənilir. Görüşlə bağlı Medianews.az-a şərh verən türkiyəli general Yücel Karauz bildirib ki, Türkiyə toplantıya geniş heyətlə qatılacaq: “Görüşün ilkin şərtləri Madrid sammitində qərarlaşdırılıb. 10 maddədən ibarət siyahı çərçivəsində üç ölkə arasında yenidən görüş keçiriləcək. Heyətlər arasında NATO-ya üzvlük məsələsinə yenidən baxılacaq. Şərtlər müzakirə olunandan sonra vahid qərar üçün irəliləmə görə bilərik. Finlandiyada keçiriləcək toplantıya Türkiyə heyəti İbrahim Qalının başçılığı altında gedəcək. Madrid zirvəsindən bəri NATO-ya üzvlük məsələsində elə də ciddi irəliləmə görülməyib. Skandinaviya ölkələri ölkə daxili qərarların uzun müddət aldığını bildirərək düşünmək üçün vaxt istəyiblər”. General İsveç və Finlandiyaya təqdim olunmuş köhnə şərtlərin yeniləndiyini açıqlayıb: “İki gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı son sözü dedi. O dedi ki, şərtlər yerinə yetirilməzsə, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı qərarı təsdiqləməyəcək və məsələni donduracaq. Artıq sabahkı toplantıya yeni siyahı ilə gedirik. Türkiyə təhvil verilməyini istədiyi PKK, PYD, FETO üzvlərinin siyahısını yeniləyib. Siyahı sabah Finlandiya və İsveçə təqdim olunacaq. Bundan sonra hər iki ölkənin səmimiliyini terroristləri təhvil verib-verməməsindən anlayacağıq. Onların atacaqları addıma uyğun Türkiyə də son qərarını verəcək. Zənnimcə, bu toplantıdan da nəticə çıxmayacaq. Ankara razılaşsa da, vaxtı uzadaraq imzalama prosesini gecikdirəcək. Brüssel və ABŞ Türkiyəyə təzyiq edərək onu tələsdirməyə çalışsa da, Türkiyə boyun əyməyəcək”. Xanlar Əlibəy Medianews.az

Bizə qoşulun