Medianews.az
Azərbaycanlıların “Feysbuk”dakı xoruz və it döyüşdürməsi - biz niyə beləyik...
450 baxış

Azərbaycanlıların “Feysbuk”dakı xoruz və it döyüşdürməsi - biz niyə beləyik...

images_0 kose samir sari Biz yeniyetmə olanda özümüzdən balaca uşaqları “bu mənim şirimdir, o da sənin şirin olsun” deyə qızışdırıb güləşdirirdik. Ləzzət edirdi. Əlbəttə, özümüzün də “şir” olan vaxtlarımız olmuşdu. O xasiyyət dəyişməyib, indi dünyanın harasında dalaşanlar, yarışanlar, vuruşanlar varsa, biz dərhal iki tirəyə bölünüb tərəf tutur, azarkeşlik edirik. Görünür, ötən əsrlərdə xoruz döyüşdürən, it boğuşduran dədə-babalarımızın bu xüsusiyyəti bizə genetik kodlarla ötürülüb və bu, hazırda bizdə “Real”la “Barcelona”nı, İspaniya ilə İtaliyanı, Ərdoğanla müxaliflərini (və sair və ilaxır) döyüşdürmək şövqü şəklində təzahür edir. Bu günlərdə biz Türkiyədəki hərbi çevriliş haqq-hesabına görə ikiyə bölünmüşük. Hətta qardaş ölkədə vəziyyət sabitləşib, qiyam yatırılıb, amma bizim bu məsələyə dair apardığımız dava-şava, söyüşmə indi-indi şiddətlənir. Ciddi deyirəm, adamlar iki qrupa bölünüb söyüşürlər. Biri yazır ki, əmrə tabe olan günahsız əsgərlərin şalvarını çıxarmaq, özlərini döymək oğraşlıqdır. Belə də yazırlar: “...oğraşlıqdır”. Başqa biri də yazır ki, “Çevrilişə cəhdi dəstəkləyən yerli jurnalistlər və siyasətçilər idiotlardır”. Başqa pis-pis söyüşlər yazanlar da var. And olsun ağır seyidlərin cəddinə, iş belə getsə, sosial şəbəkədə sözləri çəpləşənlər vədələşib qıraq bir yerdə bıçaqlaşmağa da gedəcəklər. Bax, yuxarıda sitatını verdiyimiz “idiot” deyənin açıqlamasını oxuyanda hiss olunur ki, adam çox nervilidir, deyir, “Türkiyənin demokratik hökumətinə, rejiminə qarşı atılan addımları axmaqcasına, satqıncasına və alçaqcasına dəstəkləyən hər kəs...” belədir, filandır. Ay qardaş, niyə bu qədər nervilənirsən, devrilməsi planlanan kişinin - Ərdoğanın oğlu Bilal hadisə gecəsi papasının yanındaydı, heç bir belə həyəcanlı və əsəbi deyildi, sakitcə durub camaata tamaşa edirdi. Sənə nə olub axı, niyə özünə əl qatırsan? Bu, çoxdan sübut olunub, biz Roma papasından da artıq katolik ola bilirik. Hələ o nədir ki, yeri gələndə biz Ronaldodan artıq portuqal, Şvaynstaygerdən (əslində Getze yazsam, daha maraqlı olardı) artıq alman, Qrizmanndan artıq fransız oluruq. O gün futbol üzrə Avropa çempionatının finalında qələbə qazanan portuqalların 7-8 yaşlı azarkeşi uduzan fransızların 23-25 yaşlı azarkeşini qucaqlayıb təsəlli verirdi, hiss olunurdu ki, uşaq ona “qaqa, neynək, gələn dəfə də siz udacaqsız” kimi nəsə deyir. Amma burdan-bura bizdə iki əmioğlu Fransa-Portuqaliya oyununun nəticəsinə görə bir-birinin xətrinə dəyiblər, küsülüdürlər, nəslin ilk hüzrü düşənə qədər də küsülü qalacaqlar. Uzaq xarici ölkələrdə gedən hərbi-siyasi-idman-musiqi yarışmalarında tərəf tutmağımız və ürəkdən azarkeşlik etməyimiz, məncə, psixoloji səpkidə fenomendir. Bunu gərək psixoloqlar araşdırsanlar, görsünlər, biz niyə belə edirik. Yenə bənzər hallar siyasət məsələlərində başa düşüləndir, demokratlar, yaxud özlərini demokrat sayanlar hesab edirlər ki, məsələn, Nikaraquada hakimiyyətə demokrat namizəd gəlsə yaxşıdır. Ta o demokrat gəlib nə turd (ispanca ...) yeyəcək, dəxli yoxdur. Yeri gəlmişkən, bizdə iqtidar düşərgəsinə yaxın olan şəxslər dünyanın harasında olursa-olsun, nəyə görəsə eyzən avtoritar liderlərin tərəfini tuturlar. O vaxt Ukraynada Kuçma hakimiyyətdən getmək istəməyəndə iqtidarçı azarkeşlər Kuçmanın tərəfindəydilər, müxalifətçilər isə Yuşşenkoya qahmar çıxırdılar. Elə oldu ki, Yuşşenko qalib gəldi, ancaq prezident olduğu dövrdə nəinki başqa ölkələrdəki demokratlara xoş üz, heç öz ölkəsində yaralı barmağa ilk tibbi yardım da göstərmədi. Amma o, hakimiyyətdən gedəndə bizim iqtidarçı azarkeşlər onun rəqibini - Yanukoviçi dəstəklədilər. Sonra Yanukoviç hakimiyyətdən gedəndə bizimkilər onun yerinə iddia edənlərə qarşı oldular. Eyni durum Gürcüstanda Saakaşvilinin hakimiyyətə gəlib-getməsi prosesində də yarandı. Yazıq Saakaşvili 8 il boyunca o qədər əziyyət çəkdi, yoxdan nümunəvi dövlət qurdu, ölkəsini xeyli qabağa apardı, bütün Avropanın sevimlisi oldu, amma özünü bizim iqtidarçı azarkeşlərə sevdirə bilmədi. Hələ də söz düşəndə bizimkilər deyirlər, Saakaşvili populistdir, avantüristdir, Jvaniyanın qatilidir, filandır. Bəli, bizdə belədir. Biz dünyanı öz arşınımızla ölçür və dünyada gedən ölüm-dirim savaşlarının fonunda dayanıb öz taxta qılınclarımızla savaşırıq.

Bizə qoşulun