2017-ci ildə Tərtər hadisələri zamanı ölən polkovnik-leytenant Saleh Qafarovun iki övladına kompensasiya ödəniləcək.
Bununla bağlı Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.
İddiaçılar zabit atalarının ölümü ilə bağlı hərəsinə 600 min manat olmaqla təzminat tələb ediblər.
Bu iş üzrə cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Buna baxmayaraq, cavabdehin nümayəndəsi iddia ilə razılaşmayaraq bildirib ki, bu qurumun hərəkətləri nəticəsində iddiaçılara hər hansı zərər dəyməyib.
Məhkəmə yekunda iddianı qismən təmin edib. Qərara əsasən, mərhum polkovnik-leytenantın övladlarının hərəsinə 10 min manat olmaqla, ümumilikdə 20 min manat təzminat ödəniləcək.
Qərardan həm iddiaçılar, həm də Maliyyə Nazirliyi narazı qalıb.
Qeyd edək ki, “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra mərhum Saleh Qafarova da bəraət verilib. 2024-cü ildə onun həyat yoldaşı Natəvan Qafarovaya 50 min manat təzminat ödənilib.
“Tərtər işi”nin istintaqı yenilənəndən sonra içlərində yüksəkrütbəli zabitlər də olmaqla bir neçə hərbçi həbs edilib. Onların barəsində məhkəmə hökm çıxarıb.