Medianews.az
Qiyamətin üç şərti
326 baxış

Qiyamətin üç şərti

images_dekabr_kose samir sari Uzun illər öncə, 13-14 yaşımız olanda və artıq dünyada olub-bitənlərlə maraqlandığımız vaxtlarda məhəllədə bir ağac kölgəsində oturub söhbətləşən günü keçmiş qocaların dizinin dibini kəsdirər, söhbətlərinə qulaq asardıq. Onların tam əksəriyyəti müharibənin od-alovundan keçmiş, özləri demişkən, Mozdokdan Berlinə qədər əsgər çəkməsiylə piyada getmiş adamlar idi. Bəziləri hətta Uzaq Şərqdə yaponlara qarşı da vuruşmuşdu. Eləsi də vardı, müharibənin əvvəlində əsir düşmüşdü, partizanlara qoşulmuşdu, sonra sovet tərəfə verilmişdi və 10 il Sibirdə yatmışdı. Tay-tuşlarının yanında olmasa da, o, hərdən bizi əfsanəvi Mixaylonun özü olduğuna inandırmaq istəyirdi. Amma biz inanmırdıq. Düz gəlmirdi, Mixaylo olan kəs alman dilini təmiz bilməliydi, rəssamlığı bacarmalıydı, üstəlik, Ancelikayla da haqq-hesabı olmalıydı. Bir sözlə, veteranların hamısı maraqlı adamlar idi, söhbətləri də maraqlı idi, saatlarla oturub Hitlerdən, Stalindən, Jukovdan danışardılar, biz də qulaq asardıq. Bir ara onlar gözlənilən üçüncü dünya müharibəsindən danışmağa başladılar. O vaxt SSRİ və ABŞ-ın arasında hərbi qarşıdurma güclənmişdi, dünyanın harasında bir dövlət çevrilişi olurdusa, tezliklə ortaya çıxırdı ki, bunu ya ABŞ edib, ya da SSRİ. Belə günlərin birində ağsaqqal veteranlardan biri dedi ki, yox, üçüncü dünya müharibəsi olmayacaq, çünki atom bombası atarlar, dünya dağılar, amma dünya Qiyamətə doğru gedir. O biri ağsaqqallar Qiyamətdən danışan veteranın sözünə şəkk gətirmədilər. Veteran sözünə davam edərək dedi ki, vaxt gələcək, bir çox dövlətlərdə özlərini seyid-peyğəmbər övladları sayanlar hakimiyyətə iddia edəcəklər, qırğın düşəcək, daha sonra böyük dövlətlərdə qadınlar hakimiyyətə gələcək, lap axırda da Yer üzünü su basacaq. Ağsaqqal bu informasiyanı haradan almışdı, haradan oxumuşdu (onların çoxu rayon qəzetindən tutmuş “Pravda” qəzetinə, “Vokruq sveta” jurnalına qədər hər şey oxuyurdu), demədi, amma o biri ağsaqqallar dedilər, hə, axırda mütləq dünya dağllacaq. Doğrusu, o vaxt bu söhbət tay-tuşlarımızın beyninə möhkəm taxılmışdı. Biz bir müddət qadınların hakimiyyətə gələcəyi və Yer üzünü su basacağı barədə müdhiş proqnozun nə dərəcədə səhih olub-olmaması barədə müzakirələr apardıq. Məlum, həyatın başlanğıcıydı, istəmirdik ki, dünya belə tezliklə dağılsın. Dövlət başına din faktorundan yararlanaraq gələnlərin söhbəti heç ağlımıza batmırdı. Qos-qoca SSRİ dünyaya dədəlik edirdi, qoyardımı? Ancaq həmin o ağac kölgəsində ağsaqqalların elədiyi söhbətin ili tamam olmamış İranda hakimiyyətə din xadimləri gəldi. Sonralar bəzi başqa ölkələrdə də teokratik rejimlər quruldu. 3-4 ildir “Əl-Qaidə” və İŞİD din faktorundan istifadə edərək Yaxın Şərqdəki dövlətləri ələ keçirməyə çalışır. Qardaş Türkiyədə də dövlət idarəetməsində din amilindən istifadə edilməsi önəmli roldadır. Bir sözlə, biz yeniyetmə olan vaxt ağsaqqallardan eşitdiyimiz söhbətin, Qiyamətin üç şərtinə dair proqnozun birini artıq həyata keçmiş saymaq olar. İkincisi nəydi? Qadınların hakimiyyətə gəlməsi. Hazırda birdən-birə dünyanın ən qüdrətli iki ölkəsində qadınlar hakimiyyətə gəlməyə çox yaxındır. ABŞ-da Hillari Klinton prezidentlik kürsüsünün bir addımlığındadır, onsuz da kraliça tərəfindən idarə olunan Böyük Britaniyada Tereza Meyin baş nazir olmasına bir şey qalmayıb. Almaniyada isə Angela Merkel çoxdan iş başındadır. Bunlardan başqa, bir çox başqa dövlətlərdə də qadın prezidentlər və baş nazirlər var. Əslində əksər ölkələrdə hakimiyyətdə rəsmən kişilər olsa da, dövlətin rıçaqları qeyri-rəsmi olaraq qadınların əlindədir.. Ancaq dünyanın üç ən böyük ölkəsinin - ABŞ-ın, İngiltərənin və Almaniyanın başında qadınlar olacaqsa (böyük ehtimalla da olacaqlar), demək, bizim ağsaqqalların dediyi ikinci müdhiş proqnoz da doğrulmağa gedir. Hələ BMT-nin baş katibininin qadın olması ehtimalı var. Bir qalır Yer üzünü su basması. Onsuz da ildə 40-50 ölkənin az qala yarısını sel basır. Növbəylə. Qorxulusu odur ki, hamısını birdən basa. Qlobal istiləşmə bu cür davam etsə, Sibirdəki əbədi buzlaqlar, Antarktidadakı buz dağları ərisə o da olacaq. O veteran ağsaqqalların yeri görünür. Onlar çox şey bilirdilər.

Bizə qoşulun