Medianews.az
Xaş olimpiadası keçirək, xaş kasasını rayon-rayon gəzdirək - acığa
449 baxış

Xaş olimpiadası keçirək, xaş kasasını rayon-rayon gəzdirək - acığa

img2022709 Təhsili ilə bağlı İspaniyada bir ilə yaxın yaşamış gənc həmkarlarımızdan biri ölkəmizə qayıdandan sonra yazmışdı ki, matadorlar ölkəsində toplam 564 bayram var. Rəqəm bəlkə də tam dəqiqliyi ilə yadımda qalmayıb, amma o, 560-dan az deyildi və 570-ə çatmırdı, bu aralıqda bir şey idi. Biz də oturub hesabladıq ki, demək, İspaniyada, türkün sözü, hər gün bayramdır, üstəlik, bir sıra günlərə iki bayram düşür. Əlbəttə, bunların hamısı milli bayramlar deyil, ölkə səviyyəsində qeyd olunmur. Hər vilayətin, şəhərin, qəsəbənin, kəndin öz bayramı, karnavalı, festivalı var, nə vaxtsa icad ediblər və hər il təntənəli şəkildə qeyd edirlər, millət də yığılır tamaşaya. Məsələn, belə bir bayram: pomidor yetişən vaxtlarda beş-altı ton yetişmiş pomidoru gətirirlər qəsəbənin ortasına və uşaqlı-böyüklü, arvadlı-kişili, hamı lalıxlamış pomidorları bir-birinin belinə, başına, suratına, harasına gəldi, çırpır. Neçə yüz dekalitr ketçap küçədə axıb gedir, insanların pal-paltarı başdan-ayağa qırmızı pomidor şirəsi olur. Amma bu, onların vecinə deyil, əsas odur ki, bayramdır, şənlikdir. Yaxud elə ölkələr var ki, lehmənin, palçığın içində çöl qabanı kimi eşələnməyi, eşşək kimi ağnamağı, camış kimi sərələnməyi bayrama çeviriblər və hər il vaxtı gələndə ellkcə girirlər lıqqanın içinə. Arvadlarını bellərinə alıb müəyyən məsafəni qət edənlərin festivalı da ilbəil keçirilir. Kimin ki, özü cantaraq, arvadı nərmənazikdir, qalib olur. Amma elə adam da var, özü 60-70 kilodur, amma arvadı 80 kilodan az deyil, di gəl, adətdəndir, nədəndir, adam yarışmadan vaz keçmir və kilolu arvadı sırtında 50 metr daşıyandan sonra dizi yerə gəlir. Təbii ki, o, kənardan baxıb gülüşənlərin hərəkətdindən pərt olmur. Bayramdır axı. Bəli, dünyada səy-səy, düşük-düşük bayramlar, festivallar çoxdur, saymaqla bitib-tükənməz. Məsələn, eşşək ötüşdürmək nədi, a kişilər? Camaat “Ferrari”, “Mersedes” ötüşdürür, bəd ayaqda cins atların iştirakı ilə cıdır təşkil edir, ermənilərsə Qarabağda qoduq ötüşdürürlər. Artıq əməlli-başlı festivala çeviriblər, bu gün-sabah “Formula 1” kimi bir şey olacaq. Biz də dinc durmuruq. Srağagün beynəlxalq dolma festivalı keçirmişik. Niyə məhz dolma? Çünki qırx qazanın damazlığı olan qonşularımız “dolma bizimdir” deyiblər və biz də onlara sübut eləməliyik ki, yox, dolma onların deyil, bizimdir. Biz olsa-olsa o dolmanın sarımsaqlı qatığını ermənilərə güzəştə gedə bilərik, deyərik, yaxşı, dolmanı sarımsaqlı qatıqla yeməyi siz icad etmisiz, vəssalam. Hələ bu da riskli işdir. Elə patriotlarımız var ki, bu kompromissi qəbul etməyəcəklər, deyəcəklər, sarımsaqlı qatığı erməniyə güzəştə getməklə Şuşadan vaz keçmək eyni şeydir. Bəs yaxşı, birdən sabah ermənilər dedilər ki, piti onlarındır, onda nə edəcəyik? Heç zad. Dərhal Şəkidə bir beynəlxalq Piti forumu təşkil edəcəyik. O yan-bu yan eləsələr Lənkəranda beynəlxalq Ləvəngi simpoziumu da keçirə bilərik. Əlimizdə deyilmi, Ucarda Beçə çığırtması konfransı təşkil etmək çoxmu çətin olar? Amma xaşı necə edək, xaşa iddialı rayonlarımız özümüzdə də çoxdur. Gərək Xaş olimpiadasını paytaxtda keçirək və acığa, xaş kasasını olimpiya məşəli kimi rayon-rayon gəzdirib Bakıya gətirək. Əlbəttə ki, idmançıların və əqidəli xaşistlərin müşayiəti ilə. Biz bu yaramaz qonşuların öhdəsindən başqa cür gələ bilməyəcəyik. Hər gün bir şeyimizi oğurlayırlar. O gün də “Maral, Maral” mahnısını çırpışdırıblar. Şou mediası da gedib Nadir Qafarzadədən açıqlama alır. Ta demirlər ki, Nadir özü də bu mahnını Qars azərbaycanlısı Azər Bülbüldən, yumşaq desək, götürüb. Amma fərqi yoxdur, ermənilər bu mahnını yenə bizdən əkişdirmiş sayılır. Hərçənd bu cür milli mübarizə səciyyəli bayramlar təşkil edərkən ifrata varmaq, parad-zad keçirmək artıqdır. Parad olacaqsa, onda gərək mətbəx, məişət texnikası nümayiş etdirək. Məsələn, ələk, cəhrə, həvəngdəstə, nehrə, sac, həvə və s. Çünki ermənilər bu alətlərə də ya iddia edirlər, ya da edəcəklər. Gerçəkdən son illərdə qonşularımıza lap çox acığım tutur – bizi yavaş-yavaş özlərinə oxşamağa vadar etdiklərinə görə. Cəhrə paradında görüşənədək!

Bizə qoşulun