Medianews.az
Cübbəli Ahmet “İmparator”a qarşı
280 baxış

Cübbəli Ahmet “İmparator”a qarşı

img2022709 Deyirdilər, futbolçular oruclu olublar, ona görə uduzublar. Əvvəlcə elə bilirdim, zarafat edirlər. Son vaxtlar yeri gəldi-gəlmədi bu cür zarafatları çox edirlər axı. Namxuda olmasın heç, sanki sosial şəbəkədə şən və hazırcavablar klubu üçün gülməli ssenarilər yazan müəllif qrupu fəaliyyət göstərir, hər sözə bir söz qoşurlar, nəticədə adam bilmir nə gerçəkdir, nə zarafat. Məsələn, Türkiyə millisinin ikinci məğlubiyyətindən sonra qapıçı Volkan Babacanın adından kapslar paylaşmışdılar, guya ki, qapıçı imamdan soruşur: “Hocam, bu qədər qol yeyirəm, orucum pozulurmu?” Əlbəttə, bu gözlə görünən zarafat idi, aydın məsələdir ki, “qol yemək” məcazi söhbətdir, o, orucu pozmaz. Amma elə söhbətlər də vardı ki, yarızarafat-yarıgerçək idi, adam çaş-baş qalırdı. Ümumiyyətlə, oruclu adamın çıxıb futbol oynaması qədər dünyada ikinci bir absurd məşğuliyyət olmadığına görə çox adama elə gəlirdi ki, bu qədər də qeyri-ciddi hərəkət olmaz. Bu, “ağlasığmaz işlər” qrafasından idi. Hər il sərasər oruc tutanları demirəm, bircə gün səhər-səhər evdən ac çıxmış adam durumu aydınlığı izah edə bilər. Məsələn, mən özüm tələbə vaxtı pambıq toplanışında bir gün yatıb qalmaq səbəbindən tarlaya ac getmişdim, iki saat birtəhər tab elədim, amma saat 11-də düşərgəyə qayıtmalı oldum. Yolda bir ağsaqqal söz soruşdu, guya ki, cavab verdim, adam qayıdıb dedi, ay oğul, səhər-səhər çörək yeməmisənmi, bir az bərkdən danış. Yəni adicə səhər yeməyi yeməyən adamın səsi o qədər zəif çıxır ki, bunu kənardakılar belə sezir. O da ola, adam nəinki səhər-səhər yeməyib, üstəlik, şirinçay və ya adi su da içməyib, gecə saat 4-də yediyidir, indi axşamdır, hələ də ac-susuzdur, onda nə hey-hərəkət olacaq. O, heç “abi, topu şuraya at”, ya da “ulan, Volkan, nerdə yatmışsın” deyə çığıra da bilməz. Camaat idman yarışlarına qatılanda adama əlavə güc, enerji verən preparatlar (çox vaxt qadağan olunmamışından, bəzən yasaqlanmışından) qəbul edir və çıxıb at kimi qaçır, kenquru kimi tullanır, qatır kimi yük qaldırırlar. Bunun qarşısında 17 saat ac-susuz, enerjisiz qalmış idmançıdan hansı performans gözləmək olar? Budur, məlum olur ki, gerçəkdən də türkiyəli futbolçular oruc tuturmuşlar. Bəlkə də heç hamısı tutmurmuş. İkisi tuturmuşsa, bəsdir. Bu, o komandanın meydana 9 nəfərlə çıxması deməkdir. Yox, əgər 11 nəfərdən 5-ı orucdursa, demək, komandanın yarısı meydanda yoxdur. İntəhası, Türkiyədə və ölkəmizdə Cübbəli Ahmet kimi tanınan din xadimi Türkiyə milli yığmasının baş məşqçisi Fatih Terimə qəzəblənib ki, niyə futbolçularına oruc tutmağı qadağan edir. Deyilənə görə, Cübbəli Terimə zəng edərək deyib ki, sən kimsən, gedib məşqçiliyinlə məşğul olsana, ay adam". İndi yazıq “İmparator” odla suyun arasında qalıb, futbolçular oruc tutub uduzurlar, 80+9 milyon söyür, oyunçularına orucu qadağan edir, bu dəfə də din xadimləri küfr edirlər. İndi bu adam nə eləsin? Məşqçliyi ilə necə məşğul olsun ki, əlində məşq etdirməyə gümrah oyunçu yoxdur. Əslində, burda qəliz bir şey yoxdur, bu konflikti çözmək üçün üləma və müctəhidlərə müraciət etmək lazım deyil. Hər şey aydındır. Birincisi, futbolçular səfərdə olduqlarından və konkret enerji tələb edən iş gördüklərindən oruc tutmaya bilərlər, çox inanclıdırlarsa, qayıdıb qəza orucu tutarlar. İkincisi, orucdan vaz keçməyərək, sıfır enerji çatışmazlığı üzündən uduzacaqlarsa, onsuz da yedikləri söyüş ovqatlarını da pozacaq, oruclarını da. Bəli, hazırda durum böylədir. Bir zamanlar bu cür xəbərlər iranlı idmançılardan gələrdi, indi Türkiyə futbolçularından gəlir. Onlar səmimi qəlbdən inanırlar ki, bu dini ayini Allahın rizası ilə, Tanrının tələbi üzrə icra edirlər və bunun qarşılığında Allah da onlardan razı qalır, kömək edir. Amma futbolçuların məruz qaldığı iki acı məğlubiyyət göstərdi ki, aclıq və enerjisizlik üzündən heyi olmayan futbolçulara kömək etmək çətindir, Allahlıq məsələ deyil.

Bizə qoşulun