Bu futboldur, adi oyundur, adamın komandası udar da, uduzar da, hətta heç-heçə də edər. Gərək bunu ürəyinə çox da salmayasan.
Düzdür, uduzmağın da ağırı, yüngülü var. Olar ki, əjdaha bir komandanı 90 dəqiqə əsir-yesir edərsən, son saniyədə çovumuş güllə dəstiri bir qol yeyib uduzarsan, udan komanda pərtliyindən sevinə bilməz.
Ya da olar ki, sarsaq bir hakim komandanın 5 oyunçusuna qırmızı kart verib meydandan qovar, rəqib isə meydanda qalmış 5 oyunçuya (qapıçı qapısındadır) 6 qol vurar və hamısı sevindiyindən meydançada dombalaq aşar.
Futbola maraq saldığımız bu 40 ildə yüz cür oyunlar görmüşük. Maradonanın əli ilə qol vurmasını da canlı-canlı (təbii ki, televizordan) seyr etmişik, 42 yaşlı kamerunlu Roje Millanın qol vurandan sonra künc bayrağının yanında rəqs etməsini də, kolumbiyalı Valderrammanın qarğa yuvasına oxşayan başı ilə qol vurmasını da. Rivaldonun dizinə dəyən topa görə suratını tutub yerdə qıvrılması, Zidanın ana-bacı söhbətinə görə italyan Materassiyə kəllə qoyması dünən-srağagünün söhbətləridir, bunu dünənin uşaqları da bilir.
Yəni futbolda hər şey olur. Fransa yığmasını meydana çempion kimi çıxdığı oyunda Seneqala 0:1 hesabıyla uduzması, Braziliya kimi pentakampeon (yəni beşqat çempion) bir komandanın iki il öncə öz meydanında Almaniyaya 7:1 uduzması, çempion İspaniyanın Hollandiyaya 0:5 hesabıyla yenilməsi futbolun bilinməyən, proqnozlaşdırılması mümkün olmayan detallarıdır.
Futbol qələbəsinə görə özünü dünyanın ən xoşbəxt adamı sayanlar həmişə olub və yenə olacaq. Həmçinin komandasının məğlubiyyətinə görə depressiyaya düşənlər də olur. Məsələn, 1986-cı ildə, Maradonanın mundialında SSRİ yığması FİFA-nın iradəsi ilə, hakimlərin səyi nəticəsində Belçika millisinə uduzdurulanda bizim bir kəndçimiz səhərdən axşama qədər kəndin çayxanasında, qoşa çinarların altında dinməz-söyləməz oturdu, məchulluğa baxdı. Ölüsü ölmüş adam da elə olmazdı, rəsmən depressiyada idi. İndiki adamlar o vəziyyətə düşəndə körpüyə çıxıb özlərini aşağı atırlar, amma o, həmin məğlubiyyətə mətanətlə dözdü, canına qıymadı.
Hazırda qardaş ölkənin millisi də çoxlarını təxminən o vəziyyətə salıb. Futbolçuları söyənlər, tənqid edənlər, şəlpəyə çevirib yerdə sürüyənlər var. Bəzilərinin əlində əlac olsa, kapitan Ardanı öz qapısına qol vurduğuna görə güllələnən kolumbiyalı Eskobarın gününə salarlar (güllələnən Eskobar deyərkən, söhbət narkobaron Eskobardan getmir, futbolçu Eskobardan gedir, mafioz Eskobarı başqa şey üstündə güllələyiblər).
Düzdür, futbolda 3:0 hesablı məğlubiyyət yaxşı hesab sayılmır, amma dəhşətli bir şey də deyil. Budur, ölkəmzdə bəzi saytlar bu xəbəri “İspaniya Türkiyəni darmadağın etdi” başlığı ilə veriblər. Darmadağın... Sanki müttəfiq qoşunlar Napoleonun ordusunu Vaterlooda darmadağın ediblər. Yaxud Hitlerin qoşunları Kursk qövsündə mühasirəyə düşüblər...
Darmadağı nədir, a kişi? Türkün sözü, alt tərəfi, üstü meşin, içi rezin top üç dəfə dığırlanıb bir qapıya girib. Nə olsun ki? İndi bu məğlubiyyətə görə Türkiyə alçaldıcı sülh sazişinə məcbur ediləcək, uduzduğu ölkələrə təzminat ödəyəcək? Yoxsa Qarsı, Ərdahanı, Ərzurumu itirəcək, İstanbulu Bizansa qaytarmalı olacaq, nə baş verəcək? Bəlkə müharibədə məğlub olan bəzi ölkələr ordu saxlamaq hüququndan məhrum edildiyi kimi, Türkiyə də indən belə milli komanda saxlamaq hüququndan məhrum ediləcək?
İki aydan sonra növbəti dünya çemionatının seçmə oyunları başlayacaq, iki ildən sonra yeni futbol mundialı keçiriləcək, 4 ildən sonra “Avro-20” baş tutacaq və s. və.i.a.
Türkiyə düşmənləri isə dünəndən çal-çağırdadırlar. Elə sevinirlər ki, sanasan, Türkiyə 3-cü dünya müharibəsini uduzub, dörd yerə parçalanacaq. Biri var, təkcə dünən bu mövzuda yeddi status, iyirmi şərh yazıb. Adam rəsmən sosial şəbəkədə qol götürüb oynayır. Keçən dəfə də belə eləmişdi.
O gün Rusiya Slovakiyaya uduzanda ölkəmizdə bir-birini təbrik edənlər oldu. Həmin adamlar Ukrayna uduzanda isə məyus olmuşdular.
Yəni bizim futbol azarkeşliyimiz sırf siyasi səciyyə daşıyır. Ölkəmizin siyasi müttəfiqlərinin udmasını istəyirik, düşmənlərimizin və düşmənimizin dostlarının isə uduzmasını. Yəqin ki, builki çempionatda Almaniya yığmasının qələbəsini istəyənlərin sayı məhz bu səbəbdən azalıb. Axı bu günlərdə Almaniya bundestaqı qondarma “erməni genosidi”ni tanıyıb. Bizim üçün bundestaqla bundestimin fərqi yoxdur. Almanlar ermənilərə qahmar çıxırsa, qoy rədd olsun Bastian Şvaynştayger də, hətta dünənki qürur qaynağımız Məsud Özil də...
Beləliklə, qonşu ölkələrin qələbə və məğlubiyyətlərinə nəzərən hər kəs öz səfini bəlli edir. Eybi yox.
Ancaq ən yaxşısı odur ki, futbol məğlubiyyətlərini ürəyimizə salıb özümüzü qəhr etməyək. Elə futbol zəfərlərinə görə də eyforiyaya qapılmayaq. Oyundur də...
20.06.2016, 11:29
135 baxış
Samir Sarı
Futbolda siyasət azarkeşliyi – hər kəs səfini bəlli edir