Medianews.az
Xəzərdə kruiz xəyalı
196 baxış

Xəzərdə kruiz xəyalı

samir sari kose 1
Son 22 il ərzində 1 347 865-ci (bir milyon üç yüz qırx yeddi min səkkiz yüz altmış beş) dəfə pozulmuş atəşkəs rejiminə dair cəbhə xəbərlərini həyəcanlı şəkildə izləyərkən internet resurslarında qəfildən önümə bir kruiz xəbəri çıxdı. Türkün sözü, tam isabət. Bu saat bizim üçün vacib olan məhz budur: “Aralıq dənizində dəbdəbəli və yeni “Harmony of the Seas” kruiz layneri ilə unudulmaz səyahət”.
Təklif-tövsiyələr çox cazibdir. Bir anlıq təsəvvür (bi ziyanlı şey deyil) edin: okean laynerinin dəniz mənzərəli eyvanı olan işıqlı kayutunda açılırsan Aralıq dənizinə, üzüb gedirsən, 1 gecə Roma və ya Barselonada qalırsan, 3 ölkənin 5 şəhərinə səyahət edirsən, 24 saat ərzində qidalanırsan, bəs deyincə, nə istəsən, içirsən. Hələ gündüz əyləncələri də var - hovuzu, cakuzisi-filan. Meylin çəkirsə, sorfinq simulyatorundan yararlanırsan. Ehtiyac varsa, dırmanma divarına dırmaşa bilərsən, sürüşmək istəyənlər üçün buz meydançası da var. Yayda buz üstündə sürüşmək hamıya ləzzət edər.
Axşamlar isə, vur çatlasın, çal oynasın olur - şou proqramlar, akva-teatr, brodvey şouları, buzlu şou, canlı musiqi və s. 
Bütün bunların qiyməti təxminən 1000 dollar civarındadır. İntəhası, aviabilet, viza rəsmiləşdirilməsi, sığorta-filan o qiymətə daxil deyil. Bunları da üstünə gəlsək, 1500-2000 dollara 3-4 gün kruiz gəmisində kef edə bilərsiniz.
İndi deyəcəklər, yooox, çox bahadır.  Heç olmasa bir həftə, 10 gün olsaydı....
Bu işlər belədir, qardaşlar, kruiz dediyiniz bahalı istirahətdir, bahalı əyləncədir. 
“Xalqın iqtisadi durumu nəzərə alınmalıdır” kimi demaqogiyanın da burda yeri yoxdur. Bu, şəhərətrafı və şəhərdaxili marşrut avtobusu deyil ki. İstəməyən, pulu olmayan getməsin.
İndi maraqlıdır: bu cazibədar təklifə müsbət reaksiya verən olacaqmı? Xarici ölkələrdə belə əyləncələrə bir qayda olaraq orta təbəqənin adamları gedir (milyarder və milyonçuların özlərinin bahalı yaxtaları da var, ən yaxşı şəhərlərdə villaları da) və onların ailə büdcəsi buna imkan verir. Hətta avropalı ortababların belə əyləncələr üçün pulları artıqlamasilə olsa da, bu qiymətə kruiz gəmisinə minməzlər, deyərlər, yox, bahadır, daha sərfəli səyahətlər təklif edənlər var.
Əgər elədirsə, bizim turizmçilər hansı ağılla xalqa bu qədər bahalı əyləncə-istirahət təklifi verirlər? Birincisi, bu kimi əyləncələr hələlik ölkəmizdə dəb deyil. İkincisi, camaat ayağını yorğanına görə uzadır və hiss edir ki, kruiz gəmisindəki adyal onun ayağının üstünü örtməyəcək. Üçüncüsü, bu cür bahalı təkliflərlə bu ölkədə çox pul qazanmaq mümkün deyil.
Ötən ilin noyabrında qismət oldu, bir sutka ərzində Baltik dənizində doqquzmərtəbəli okean laynerində Stokholmdan Finlandiyanın Turku şəhərinə və üzü geriyə üzdük, çox xoşuma gəldi, ləzzətli istirahət idi. Gəmidə 2500-dən artıq sərnişin vardı. Gəminin əyləncəsi-filanı, şou göstərənləri də öz yerindəydi. Xəlayiq gəminin düti-frisində pulu xəzəl kimi xərcləyirdi.
Bax, o zaman, Baltikdə üz-üzə ağlıma gəldi ki, öz ölkəmizin turizm işlərinə baxan səlahiyyətliləri bunun biznesinə girişə bilərlər. Məsələn, Bakıdan Türkmənbaşıya, Ənzəliyə, Həştərxana, Aktauya nəhəng gəmilərlə dəniz kruizi təşkil etmək olar. Camaat doluşar gəmilərə, adı çəkilən şəhərlərə gedər, 5-6 saat gəzər, alış-veriş edər, sonra da yeyə-içə, deyə-gülə qayıdıb gələr Hacıbala Abutalıbovimiz demişkən, doğma Bakımıza. Fikirləşirdim ki, belə bir şey olsa, hətta kollektiv şəkildə gedənlər də çox olar.
Bu gün, bu cür kruiz təkliflərini görəndən sonra düşünürəm ki, o sevda baş tutan deyil. Daha doğrusu, kimlərsə tamahsılanıb bu işi həyata keçirə, Xəzərə kruiz gəmisi buraxa, dəniz turları təşkil edə bilər, amma əmin olun ki, o adamlar əcdadlarının eşşək arabasının qiymətini də kruiz biletinin qiymətinin üstünə qoyacaqlar. Məlum olacaq ki, dünyada ən bahalı dəniz səyahəti bizdədir. Nəticədə gəmilər boş qalacaq, biznes-plan iflasa uğrayacaq.
Bizim ölkənin əsas problemi budur. Hər şey baha olmalıdır. Telefon da, kontur da, avtomobil də, yemək-içmək də, səyahət də. Hər şey.
Tamahkarlıq olan yerdə nə “Harmony of the Seas” gəmisinə minmək olar, nə də dənizlə harmonik münasibətlər qurmaq.

Bizə qoşulun