Medianews.az
Nankorluğun cəzası
213 baxış

Nankorluğun cəzası

images_dekabr_kose samir sari Biz o vaxt yazanda ki, gürcülərin lideri Saakaşvili kişi adamdır, ölkəmizdə bir çox adamlar razılaşmırdılar. Sanki “regionun kişisi” nominasiyası-zad vardı və onun qalibinin başqa millətdən, dövlətdən olması düzgün olmazdı. Gürcüstana tez-tez gedib-gələn maşın alverçiləri orda gördüklərindən danışırdılar, jurnalistlər isə eyzən müşahidələrini yazırdılar, görürdün ki, yox, kişinin oğlu deyilmişcəndir, dili də var, dilçəyi də. Razılaşmayanlar isə deyirdilər ki, Saakaşvili populistdir, öz riqqətdoğuran hərəkətlərini televiziyalarda nümayiş etdirir, xalqdan xal yığır. Amma sonradan Saakaşvilinin kişi adam olduğu ortaya çıxdı, vəzifəsini tərk edib gedəndən sonra məlum oldu ki, onun nə villaları var, nə bahalı maşınları, nə bank hesabları, nə də başqa varidatı. Bəlkə də o boyda prezidentin dar gün üçün saxladığı xərclik bizim İH başçılarının bir-iki aylıq məsrəfi qədər deyildi. Görünür, ona görə də Saakaşvili işsiz qalmadı, elə indi də prezident kimi bir şeydir, Odessada qubernatordur. Ancaq Saakaşvilinin “kişi adam” epiteti tutduğu vəzifələrdə təmiz işləməsi, dürüst olması, qətiyyəti ilə bağlı deyil, sırf vicdanlı adam olmasıyla, nankor adam olmamasıyla bağlıdır. Biz 8-9 il qabaq, onun prezidentliyi dövründə Gürcüstana yaxşılıq eləmişik, qara qışın soyuğunda donduqları yerdə sobamızdan kəsib qaz vermişik, Saakaşvili bu faktı hər yerdə və hər zaman deyir. Bu günlərdə yenə də deyib. O, Gürcüstanın “Qazprom”la müqavilə bağlaması haqqında xəbəri şərh edərkən deyib ki, indi Azərbaycan xalqı bizə nankor deməzmi. Bizə nə var, deyə də bilərik, deməyə də. Deyənlərimiz də olar, deməyənlərimiz də. Saakaşvili belə deyəndən sonra, əlbəttə, demərik, amma o da nankorluq eləsəydi, deyərdik. Əsas odur ki, adam yaxşılığı itirmir və Gürcüstanda onun kimi yüz minlərlə adam var, bilirlər ki, o vaxt Rusiya onları qazla “boğanda” biz onlardan qazımızı əsirgəməmişik. Gürcüstanın indiki böyüklərinin qazlı-qazlı danışmalarına baxmayın, sabah rusun başı yenidən çönsə (bu da bildiyiniz kimi, tez-tez olan şeydir), yenidən üstümüzə gəlib yavır-yavır yalvaracaqlar ki, qırılırıq, qaz verin, işıq verin, neft verin. Saakaşvili bilir ki, qaz (burada: quş) gələn yerdən toyuq əsirgəməzlər. Düzdür, gürcülərdən bizə indiyədək toyuq, hinduşka gəlməyib (ötən ilin mayında bir dənə pinqvin qaçıb gəlmişdi, onu da gəlib Qazaxdan tutub apardılar), amma bizimki tərifdir, bir az tərifləsinlər, ayaqlarının altında qoç kəsək. Başlarına qaxmaq kimi çıxmasın, bizim xalqın ermənilər üçün elədiyini onlara heç Mesrop Maştots da eləməyib, amma axırda gördük, neylədilər. Ağılları olsaydı, ortalığa qan salmasaydılar, bizi tərifləməkdə davam etsəydilər, indi SOCAR-ın ya prezidenti, ya da birinci vitse-prezidenti bir erməni olardı, neftimizi Kür suyunun qiymətinə, qazımızı isə turpla barter edərək alardılar. Çox şey yox, ildə bir-iki dəfə “Azərbaycan xalqına minnətdarıq, dar gündə əlimizdən tutur” deməkləri kifayət idi ki, sərvətlərimizdən ayrıca “kirvə haqqı” ayıraq. Ümumiyyətlə, uzaq-yaxın ölkələrdən gəlib sərvətlərimizin üstünə, at milçəkləri təzə ifraz olunmuş mal təzəyinin üstünə cuman kimi daraşan əcnəbilər də xasiyyətimizi bildikləri üçün buradan milyonlar, milyardlar aparırlar. Yetər ki, hərdən “Azərbaycan xalqı qonaqpərvər xalqdır”, “Ölkənizin böyük mədəniyyəti var” desinlər. O dələduzlara nə var, dilləri şirindir, ondan da artığını deyirlər. Ancaq nankorluq pis şeydir. Bizim camaat nankorluğu sevmir, hesab edir ki, yaxşılıq eləmək də bir yerə qədərdir. Bilməyənə xroniki yaxşılıq eləməzlər. Bu xüsusda bizim kənddə bir ibrətamiz hadisə olub. Saleh kişi bir axşam evə qayıdanda qapısının iti qəfildən cumur onun üstünə, kişini yerə yıxır, əlinə-ayağına ağız, caynaq atır. Yaxındakıların köməyi ilə kişi birtəhər itin əlindən qurtulur, ayağa qalxır, üstünü çırpır və böyük oğlunu səsləyir: “Bala, ordan tüfəngi gətir, itimiz çörəkitirən çıxdı”. Bax, çörəkitirənlik belə şeydir, cəzası da var.

Bizə qoşulun