Medianews.az
Çində futbol, futbolda çin çıxası xəyal
201 baxış

Çində futbol, futbolda çin çıxası xəyal

img1698798 Qarabağ müharibəsinin qızğın vaxtıydı, jurnalistlər o dövrün müdafiə naziri Dadaş Rzayevdən soruşmuşdular ki, nədən güclü ordu yaradıb düşməni məhv edə bilmirik. O da demişdi ki, budur, 50 ildir 11 nəfərdən ibarət furbol komandası yaradıb düz-əməlli futbol oynaya bilmirik, 5 günün içində güclü ordunu necə yaradaq. Adam o vaxt da haqlıydı, indi də haqlıdır. Gerçəkdən də o vaxt ölkəmiz “Neftçi”də oynatmaq üçün 11 milli oyunçu tapa bilmirdi. Komandanın yarısı mütləq ordan-burdan gəlmə oyunçular olurdu. Məsələn, Bruxti, Smolnikov, Romenski, Jidkov, Markarov, Getman, Pançik, və b. (Yadımda qalanlar bunlardır, ildə dörd-beşi gəlib-gedirdi). Generalın o sözündən sonra eyni fikri 1.5 milyard əhalisi olan Çinin bərbad futbol təsərrüfatına da aid edirdim. Olimpiadalarda bütün idman sahələri üzrə çinlilərdən çox qızıl medal alan olmur, di gəl 1,5 milyard əhalinin içindən 11 nəfər futbolçu çıxmır ki, çıxmır. Çin cəmi bir dəfə futbol mundialında iştirak eləyib, o da 2002-ci ilə təsadüf edib. Həmin il dünya çempionatı Yaponiya və Cənubi Koreyada keçirilirdi, bu üzdən Çinin bəxti gətirmişdi, böyük rəqabətə girmədən mundiala vəsiqə qazanmışdı. Ancaq qrup mərhələsində oynadığı üç oyunun üçünü də uduzdu. Çin futbolçularının oyununa baxırdın, sanırdın ki, Bakının Nizami rayonundakı məhəllə komandalarının oyunudur. Sadəcə, çinlilər vəziyyətdən karate, uşu-sanda, taekvondo fəndlərini bilmələri hesabına çıxırdılar, yoxsa biabırçı hesablarla uduzar, birdəfəlik pisikərdilər. Yeri getməmişkən deyim ki, 3-4 il qabaq İngiltərə mediasında Çinin olimpiadada qazandığı qızıl medalların sirrinə dair bir yazı getmişdi. Şəkilli məqalədə göstərilirdi ki, idmançıların yüksək nailiyyətlər qazanması üçün məşqçilər yeniyetmə və gənc idmançılara sözün birbaşa mənasında işgəncə verirlər, onları o qədər məşq etdirir, incidirlər ki, axırda gənclər insanüstü nəticələr göstərirlər. Bəs eyni üsulu niyə futbolçulara tətbiq etmək olmur? Məgər futbolçuları döyə-döyə, minə-minə yaxşı oynatmaq olmazmı? Görünür ki, olmazmış. Çünki futbol idmanla yanaşı, bir az da şahmatdır, müharibədir, siyasətdir, nəsə yekə bir şeydir. O qədər qəliz şeydir ki, hətta Rusiyanın qırıcı təyyarələrini, İtaliya ayaqqabılarını, Almaniya maşınlarını birəbir kopyalayan (ən azı görünüşcə) çinlilər iş futbola gəlincə, kərəvəngə qalırlar. Nəhayət, Çin dövlətinin başbilənləri, idman təsərrüfatının səlahiyyətliləri problemi həll etməyin çəmini tapıblar. Bundan ötrü onlar dünyanın ən yaxşı futbolçularını böyük pul-para hesabına Çinə aparırlar. Məqsəd budur ki, o məşhur, təcrübəli, ulduz futbolçuların yanında oynayan gənc çinlilər yavaş-yavaş onlarla ayaq uzatmalı olacaq, püxtələşəcək, zamanla onlar kimi oynayacaqlar. Çox ağıllı taktikadır. Bizim atalar yüz illər öncə bu məsələnin həll düsturunu bir-birinin yanına bağlanan atların xasiyyətinin zamanla eyni olmasına dair hikmətli kəlam irad edərək göstəriblər. Məsələn, Messi uşaq vaxtı İniyestanın ayağına baxaraq top oynatmağı öyrənib, indi ondan da yaxşı oynayır. Bizə baxmayın, çinlilərdə təqlidçilik qabiliyyəti böyükdür. ABŞ-ın “Hammer”ini eynilə düzəldən camaat iki ilin içində ibrahimoviçlər də düzəldəcək. Bu saat hansı oyunçunu soruşursan, ya artıq Çinə gedib, ya yoldadır, Çinə gedir, ya Çindən dəvət alıb, fikirləşir, ya da Çindən aldığı dəvəti rədd edib. Hətta Çindən dəvət almaq üzrə olarkən çinlilərin son anda vaz keçdiy oyunçular da var. Məsələn, bizim “Qarabağ”ın Reynaldosu. Çinlilər Reynaldoya 3 milyon dollar vermək istəyirmişlər, görüblər, zədəlidir, fikirlərindən daşınıblar. Belə fürsət bir də nə vaxt ələ düşəcək? Əgər Reynaldonu 3 milyona Çinə sata bilsəydik, həmin pula gedib Braziliyadan daha üç ...aldo alıb gətirərdik, bir il bordağa bağlanmış dana kimi bəsləyər, ikisini yaxşı pula Çinə satar, birini də burada oynadardıq – heç olmasa, toylarda-filanda. Bu işdə yaxşı pul var. Bir işə ki, artıq çinlilər də pul qoyurlar, demək, o işin perspektivi var və çinlilərin futbol+pul arzusu çin çıxacaq. Bunu yazın bir yerə, 3 il keçməz, Çin məşhur futbol ölkələrini öz uğurları ilə kədərləndirər, biz də baxarıq.

Bizə qoşulun