Medianews.az
Marionetləri idarə edənlərin savaşı
182 baxış

Marionetləri idarə edənlərin savaşı

xalid kazimli kose 1
Folklorumuzda bir idiomatik kəlam var, belədir: “Qaçan da Allah deyir, qovan da”. Yəni hər iki tərəf öz məqsədinə çatmaq üçün Allaha güvənir;  qaçan öz qurtuluşu üçün ona yalvarır, qovan isə qisas almaq üçün ilahi köməyə ehtiyac duyur.
Bu gün İslam dünyasının üz-üzə qalan iki qüdrətli dövlətinin - İranın və Səudiyyə Ərəbistanının durumu o zərbül-məsəli xatırladır. Tərəflərin ikisi də “Allahu-əkbər” deyir, ikisi də Allaha güvənir.
Hər iki dövlət özünü dini mərkəz sayır və bu, gerçəkdən elədir. Səudiyyə Ərəbistanı bütün dünya müsəlmanlarının baş səcdəgahıdırsa, İranda da dünya şiələrinin sitayiş etdiyi ibadətgahlar var.
Gəl gör ki, bu gün iki dövlətin münasibətləri düşmənçilik səviyyəsindədir. Aranın qarışması, müharibənin başlanması üçün bütün mərhələlər keçilib, qalıb aviasiya bombardmanları və quru qoşunların həmlələri.
Əslində İran və Səudiyyə Ərəbistanı heç vaxt can bir qəlbdə dost, müttəfiq olmayıblar. Onların arasında gizli çəkişmə yüz illərlə davam edib. Məkkə hər ikisi üçün müqəddəs ocaq olsa da, məzhəblər arasındakı çəkişmə heç vaxt yumşalmayıb.
Sonradan bu çəkişmənin üzərinə bir də dövlət maraqları əlavə olunub.
Son illərdə hər iki teokratik rejim öz dini baxışlarını daha artıq səylə  özlərindən kənara yaymaq, ixrac etmək məqsədi güdürdü və toqquşmalar mütləq olacaqdı.
Həm Səudiyyə Ərəbistanı, həm də İran bir sıra ölkələri öz poliqonlarına çevirmişdilər. İraq, Suriya, Əfqanıstan, Pakistan, Yəmən, Livan bu qəbildəndir.
İllərdir ki, bu ölkələrdə növbə ilə gah şiə məscidini vəhhabi-sələfilər partladır, ya da sünni camesini şiə terrorçular. Hər ikisində müsəlmanlar ölür, qatillər də partladıcını düyməsini basıb “Allahu əkbər” deyirlər, qurbanlar da can verərkən “Allahu əkbər” deyirlər.
Axırıncı 10 ildə döyüşkən vəhhabiliyin dünyada bu qədər güclənməsi, təşkilatlanması, yeni bir dövlət yaradacaq həddə qədər böyüməsi sırf Səudiyyə Ərəbistanının, Qətərin ayırdığı milyardlarla dollar vəsaitin hesabınadır.
Bunu İran da, ətraf dövlətlər də, uzaqdakı supergüclər də bilirlər.
Ancaq indiyə qədər düşmənçilik açıq şəkil almırdı. Yəmənda isə üsyançı husilərlə səudların dəstəklədiyi sünni çoxluğun arasında düşən vətəndaş müharibəsi tərəflərin himayədarlarını üz-üzə gətirdi.
Artıq qarşı duran fiqurlar marionetlər deyil, birbaşa o marionetləri idarə edənlərdir.  Onlar Yaxın Şərqin yenidən bölüşdürülməsi uğrunda savaşa başlayıblar.
Yəni konfliktin kökündə duran məsələ məzhəb ayrılığı olsa da, əsas məsələ dövlət maraqlıdır.
Xristian dünyası eyni mərhələni bir neçə yüz il öncə keçib, öz problemlərini (həm katolik-pravoslav qarşıdurmasını, həm də dövlətlərarası münaqişələri) həll ediblərsə, islam dünyası prosesə hələ indi başlayır.
Yuxarıda adları çəkilən dövlətlər bir ara Azərbaycanı da öz maraqlarının poliqonuna çevirmək əzmində idilər. Yəqin ki, o planlardan hələ də vaz keçilməyib. Sadəcə, hakimiyyətin sərt tədbirləri ölkəmizdə sünni-şiə münaqişəsi yaratmağı düşünənlərin, bir məzhəbə üstünlük qazandırmaq, digərini əzmək istəyənlərin planını pozdu.
Bu xüsusda bir balaca yumşaqlıq edilsəydi, indi biz məzhəb zəminində kücə davalarından tutmuş ta lokal səviyyədi silahlı atışmalara qədər hər cür rəzalətin şahidi olardıq.
Dini dünyagörüş ixracı üzrə ixtisaslaşan dairələrdən maddi, siyasi, ideoloji dəstək alan və ölkədə geniş şəbəkə qurmaq istəyənlərin, növbənöv fitnəkarların ifşası xalqımızı Suriyadan, İraqdan bildiyimiz qanlı bataqlıqlara düşməkdən qoruyur.
Heç kim deməsin ki, yox, Azərbaycan xalqı maarifçidir, tərəqqipərvərdir, dünyəvi dəyərlərə üstünlük verir, bizim əhalini məzhəb savaşına çəkə bilməzdilər.
Xeyr, lap asanlıqla çəkərdilər. Çəkmirdilərmi?  Baş verən bir sıra hadisələri xatırlayaq. Gəncədə, Zaqatalata, Sumqayıtda, Bakıda, Bakı kəndlərində nə qədər dini ekstremistlər zərərsizləşdirildi, fitnə yuvaları dağıdıldı. Onlar özbaşına buraxılsaydı, indi nə qədər böyümüş, şaxələnmiş, şəbəkələnmiş olardılar.
İqtisadi böhranlara da dözmək olar, kasıbçılığa da, antidemokratik rejimin repressiyasına, təqib-təzyiqlərinə də. Amma xarici dairələrdən idarə olunan məzhəb savaşına nə dövlət dözər, nə xalq,nə iqtidar, nə müxalifət, nə varlı, nə də kasıb.
 

Bizə qoşulun