Medianews.az
“Akula”ların cilovlanması zamanı
453 baxış

“Akula”ların cilovlanması zamanı

xalid kazimli kose 1 İl başlayalı iki gün olub, hələlik elə də ciddi bəd xəbərlər yoxdur, amma gömrük sistemində islahatlara start verilməsi barədə xəbərləri ürəkaçan saymaq olar. Xəbərlər belədir ki, artıq idxal monopoliyası aradan qaldırılb, ölkəyə məhsul idxalı liberallaşıb, yüklərin qeydiyyat prosesi sadələşdirilib. İnformasiyanın mabədində bildirilir ki, indi idxalçılar ölkəyə gətirdikləri malları maneəsiz sənədləşdirib daxili bazara çıxara biləcəklər. Görək bu, davamlı olacaqmı? Başqa ölkələrdə 50 il bundan əvvəldən tətbiq edilən iş rejiminin ölkəmizdə hələ indi-indi həyata keçirilməsi ona görə əlamətdardır ki, manatın dəyər itirməsilə bahalaşan bazarlarda nisbi ucuzluq yaranması üçün bu, son əlacdır. Əlacımız buna qalıb ki, böyük ölçüdə bizdən asılı olmayaraq üzləşdiyimiz iqtisadi böhrandan çıxmaq üçün bu addım atılsın, bir qrup adamın şəxsi sərvətlərini artırmaqdan ötrü süni və qanunsuz şəkildə tətbiq etdikləri xəracqoymadan və monopolistlərə şərait yaradılmasından imtina edilsin. Yoxsa ölkə əhalisi ikiqat kasıblaşmanın qabağında əsir-yesir qalar, ikiqat bahalaşmaya tab gətirə bilməz, ölkədə xaos və sosial partlayış təhlükəsi yaranar. Bu sistemdə dövlətin iqtisadi təhlükəsizliyini təhdid edən problemlərin olduğu barədə illərdir yazılır. Yazılmağına yazılır, ancaq yazılanlar olan problemlərin dörddə biri qədər də deyil. Birincisi, gömrük məntəqələrində haqsızlığa, qanunsuzluğa məruz qalan sahibkarlar sonrakı bizneslərinin xatirinə başlarına gələnləri danışmır, danışmaqdan imtina edirdilər, ikincisi isə bu mafiyaya rəhbərlik edənlərin əli uzundur, adlarının hallandırılıb gündəmə çıxmasının qarşısını ala bilirdilər. Bununla belə, jurnalistlər yazsalar da, yazmasalar da, gömrükdə olan real vəziyyət ölkədə istər siyasi, istərsə də iqtisadi sferada fəallıq göstərən hər kəsə detallarına qədər bəlliydi. Bu qədər informasiyaya rəğmən tədbir görülməməsi təəccüb doğururdu. İndi belə görünür ki, vəziyyət dəyişib. İstiqlal.az saytı yazır ki, yaxın günlərdə bu sistemdəki generallarla bağlı qalmaqallı həbslər həyata keçirilə bilər. Çünki gömrükdəki iqtisadi maxinasiyalar, prinsipcə, “MTN işi”ni kölgədə qoya biləcək miqyasdadır. Söhbət 5-10 milyard dolların mənimsənilməsindən gedir. Əslində, gömrükdən mal keçirdən sahibkarlar da həmin pulları gömrükçülərə öz ciblərindən ödəməyiblər, o qədər pul-para manat-manat, qəpik-qəpik bu xalqın cibindən çıxarılıb. Vəsaitin mühüm bir hissəsi isə dövlət büdcəsinə çatmadan inhisarçılar arasında bölüşdürülüb. Əgər gömrük sistemində həyata keçirilən islahatlar davamlı olacaqsa və gerçəkdən də bu sistemdə uzun illər kök salaraq həm dövləti, həm də xalqı soyan çete ifşa olunacaqsa, məmləkət əhli yaxın aylarda bunun faydasını görəcək. Yox, islahatlar göstərmə səciyyəsi daşıyacaqsa, bunun heç nəyə xeyri olmayacaq. Xatırladaq ki, bir neçə il öncə start götürən korrupsiyaya qarşı mübarizə kampaniyasında da böyük idarələrin kiçik şöbələrinin müdir müavinləri ranqında olan adamlar həbs olundu. Bu, köpək balığı ovuna çıxdığını elan edənlərin kilki ovlayıb qayıtdıqları kimi bir şey idi. İndilikdə islahatlara və dəyişikliyə ümid böyükdür. Ortada “MTN işi” kimi parlaq presedent var. Ordakı “akula”lar (bu cür ləqəb daşıyanlar) zərərsizləşdiirlibsə, gömrüyün “akula”ları da nəsiblərini almalıdır. Ümumiyyətlə, dövlətin idarə edilməsi işi cinayətkar mafiyaların, talançı maxinatorların, ölkəni yağmalayan korrupsinerlərin, dərd-səri, ən böyük amalı sərvət toplamaq olan xəyanətkarların nəzarətindən çıxarılmalıdır. Əks təqdirdə, bu “akula”lar sürüsü dövləti parçalayıb udacaqlar. İndi əvvəlki vaxt da deyil ki, ölkəyə pul sel kimi gələ və acgöz “akula”ların aclığını təmin edə. İndi kasıbçılıqdır, amma “akula”lar hələ də iştahlıdır, yeyib-doymayıblar (ümumiyyətlə, “akula”lar nə vaxtsa doya biləcək məxluq deyillər) və dövlətin, xalqın durumu onların vecinə deyil. Demək, daha yırtıcı olacaq və qabaqlarına keçən hər şeyi gəmirəcəklər. Mövcud iqtisadi böhrandan çıxmaq üçün yeganə yol dövləti sarsıdanları, xalqı soyanları cilovlamaq, sağlam iqtisadiyyata mane olanları ram etməkdir.

Bizə qoşulun