Medianews.az
İş başına bu günü 5 il öncədən görənlər gəlməlidir
270 baxış

İş başına bu günü 5 il öncədən görənlər gəlməlidir

xalid kazimli kose 1
Bu cür varlı-pullu ölkənin iqtisadi böhrandan çıxmasını istəyirlərsə, dövlət başçısı iqtidar komandasının iqtisadi manqasını dəyişməlidir. 
Bu ölkədə indiyə qədər iqtisadi-maliyyə sferasında çalışan rəhbər işçilər, məsləhət verən müşavirlər, proqnozlarla çıxış edən analitiklər, bir sözlə, dövlətin iqtisadi siyasətini həyata keçirənlərin hamısı işdən kənarlaşdırılmalıdır.
Ona görə ki, onlar son 10-15 ildə ölkəyə gəlmiş yüz milyardlarla dollar həcmində pul-paradan səmərəli istifadə edərək normal iqtisadiyyat qura bilməyiblər, dövləti qüdrətləndirəcək proqramlar tərtib etməyiblər, təşəbbüslər göstərməyiblər, layihələr işləməyiblər.
Hamısı oturub milyardların necə mənimsənilməsinə tamaşa ediblər, boş-boş layihələr fikirləşiblər, talanan milyonlardan öz paylarını götürüblər, ona qane olub oturublar.
Hamısı güman edib ki, neftin qiyməti uzun illər 100 dollardan aşağı düşməyəcək, hətta 150-200 dollara qalxacaq, ölkəyə dollar, avro sel kimi axacaq. Əsas düşüncə belə olub: İqtisadi təşəbbüslərə, plan-proqramlara nə ehtiyac var, Allah başımızdan tökür, beynimizi niyə xarab edək?
Milyardların səmərəsiz xərclənməsinə, mənimsənilməsinə etiraz edən olmayıb. Bu illər ərzində ölkədə yüzlərlə mənasız beynəlxalq simpoziumlar, idman, musiqi yarışları, konfranslar, forumlar və sair və ilaxır tədbirlər keçirilib, hamısına da ətək-ətək pul xərclənib, amma iqtisadi sferanın başbilənləri irəli durub deməyiblər ki, bunlar rentabelli deyil, astarı üzündən baha çıxır, quru ad-san, müsbət reputasiya üçün bu qədər vəsait sərf etməyə dəyməz.
Quru şöhrət üçün Madridin “Atletiko” klubunun oyunçularının formasında “Land of Fire - Azerbaijan” yazılmasına da ehtiyac yox idi. Birdəfəlik bilmək lazım idi ki, bu üsulla Avropada tanınmaq, qoca qitənin sevimlisi olmaq mümkün deyil. İllərdir Qətər və BƏƏ kimi ölkələr bu üsuldan, bu reklamdan istifadə edirlər, hansı biri parlayıb dünya sevimlisi olub?
Ölkəni sevimli etmək üçün idman və musiqi yarışmalarının qalibi olmaq kifayət etmir. Bunu iqtisadçılar deməliydi ki, bir ölkəni sevimli, parlaq etmək üçün onun əhalisinin rifahını və mədəni səviyyəsinin yüksək olmasını təmin etmək, bir də daxili siyasətindəki problemləri (azad seçkilər, insan haqlarına riayət, haqq-ədalətin bərpası və s.) həll etmək kifayətdir.
Əgər bir ölkədə insanları siyasi motivlərlə həbsə atırlarsa, idmançılar 40 dəst olimpiya medalı qazanıb gəlsələr də ölkə sevimli olmayacaqdı. Dünya birliyi hansısa ölkəyə idman və musiqi yarışmalarının qaliblərinin çoxluğuna görə rəğbət bəsləmir, o ölkənin nə dərəcədə azad və demokratik olmasına baxır.
Çox təəssüf ki, dünyanı mat qoyan, region ölkələrini (Rusiya, İran) qıcıqlandıran, bəzi qonşularda (Ermənistan, Gürcüstan) həsəd yaradan total dollarsovurma kampaniyasına dur deyən yox idi.
Hələ də yoxdur. Sabah neftin qiyməti yenidən 100 dollara qalxsa, yenə ölkəmizə xarici valyuta sel kimi gəlsə, yenə də əski yola müraciət ediləcək.
Çünki bu ölkənin iqtisadiyyatını qurmalı olan iqtisadçılar komandası yoxdur, ayrı-ayrı dərin zəkalı iqtisadçılar ola bilər, amma onlar həm təşəbbüskar deyillər, həm də iqtidar komandasının hərbi-siyasi qanadının, oliqarxlar çetesinin basqısı altındadırlar.
Ona görə də dövlət başçısı hələ 5-6 il öncədən ölkənin, iqtisadiyyatımızın, manatın bu günlərini görərək dəqiq proqnozlarla çıxış edən gənc iqtisadçılar liqasını iş başına gətirməlidir, onlara səlahiyyət verməlidir ki, çoxşaxəli iqtisadiyyat qurulması üçün ortalığa proqramlar qoysunlar.
İqtisadiyyat dəqiq elmdir - fəlsəfə, tarix, ədəbiyyat deyil ki, burada fərqli prizmalardan yanaşmalar, arqumentləşdirmələr olsun. İqtisadiyyatda ikinin üstünə iki gələndə mütləq dörd edir, dörddən də iki çıxanda mütləq iki qalır. Ancaq bizimkilər dörddən dörd çıxanda ortada 0 qalacağını bilmirdilər.
Çox şükür ki, ölkəmizdə gənc (əslindəsə artıq ortayaşlı) iqtisadçılar var. Onlar Cənubi Koreyadan, Malayziyadan Çiliyə, Kanadaya qədər onlarla ölkənin iqtisadi inkişafını öyrəniblər, bütün iqtisadi təmayülləri, ölkələrin öz resurslarından, potensiallarından necə istifadə edərək böhrandan çıxmalarını incələyiblər, bilirlər.
Ölkənin iqtisadi sahəsini bu işi bilən adamlara, biləndarlara etibar etmək lazımdır. Başqa yolu yoxdur.
Ancaq məsələnin başqa bir tərəfi də var: mövcud siyasi komanda, oliqarxlar güruhu bu ölkədə hansısa iqtisadi islahatlara imkan verəcəkmi? Bax, burası daha qəliz məsələdir.

Bizə qoşulun