Medianews.az
Cəng hazırlığı, qədim padşahlar ritorikası
174 baxış

Cəng hazırlığı, qədim padşahlar ritorikası

xalid kazimli kose 1
Rusiya və Türkiyə arasında yüksələn xətt üzrə gərginləşməkdə olan münasibətlər regionda, Avropada olduğu kimi, ölkəmizdə də ciddi narahatlıqla izlənir. 
İki ölkə arasında olası müharibə təhlükəsinin ölkəmiz üçün nə qədər ciddi fəsadlar törədə biləcəyini uzun-uzadı izah etməyə ehtiyac yoxdur.
Dünya üzərində Azərbaycana ən yaxın, onun vətəndaşlarının taleyinə təsir edə biləcək cəmi üç ölkə var, ikisi bunlardır – Rusiya və Türkiyə.
Bu dövlətlərdən biri hələ də “böyük qardaşlıq” etmək istəyən keçmiş qardaşdır, biri isə uzun ayrılıqdan sonra yenidən yaxınlaşan qardaşdır.
Hər iki dövlətin bizə xüsusi münasibəti var. Biz də hər ikisinə xüsusi münasibət bəsləyirik.
Hər ikisində çox sayda azərbaycanlı yaşayır – birində çox, birində nisbətən az. Amma hər ikisi ilə gediş-gəliş intensivdir.
Rusiya ilə də iqtisadi əlaqələrimiz, ticarətimiz güclüdür, Türkiyə ilə də.
Azərbaycan hakimiyyəti məcburiyyət qarşısında qalaraq Rusiyanın kaprizləri ilə hesablaşdığı üçün ruspərəst görünürsə, Azərbaycan xalqı heç bir təzyiq-filan olmadan, səmimiyyətlə Türkiyəyə rəğbət bəsləyir.
Ölkəmizin əhalisi kütləvi şəkildə hər iki ölkənin dilini bilir, biz həm rusdilliyik, həm də türkdilli. Bu üzdən hər iki məkanda özümüzü rahat hiss edirik.
Ona görə də Rusiya və Türkiyə arasında münasibətlərin gərginləşməsi, müharibə həddinə çatması, gerçəkdən də həmin ölkələrinin vətəndaşları qədər xalqımızı da qayğılandırır.
İki böyük, qüdrətli ölkənin çarpışmasından ziyanı ən çox bizim kimi kiçik ölkələr görə bilər – bunu artıq hamı bilir. Biz arada qalmış kimi oluruq.
Tərəflər isə bir-birinə qarşı sərt, təhdid dolu ritorikalarını davam etdirirlər. Söhbət bəzən sırf təhqiramiz xarakter alır.
Hər şey orta əsr padşahlarının müharibə etməzdən əvvəl bir-birinə təhqir dolu namələr göndərməsini xatırladır. Sadəcə, indi elçilərin, çaparların qonşu dövlətin paytaxtına həftələrlə yol getməsinə ehtiyac yoxdur, hər mesaj anındaca ünvanına çatır.
Srağagün Rusiya prezidenti Putinin keçirdiyi ənənəvi mətbuat konfransında Türkiyə prezidenti Ərdoğanın ünvanına səsləndirdiyi təhqiramiz fikirlər artıq hədəfinə çatıb və
Türkiyə tərəfi də ən yüksək səviyyədə 6 saatlıq məşvərət keçirib.
Bu artıq cəng hazırlığıdır, bircə “Cəngi” sədaları çatışmır.
Əslində, Rusiyanın bir qırıcı təyyarə söhbətini bu qədər böyütməsi o qədər anlaşılan deyil.
Aydın məsələdir ki,qırıcı təyyarələr müharibə üçün nəzərdə tutulub və Rusiya o hərbi maşını Suriyaya müharibəyə, hərbi əməliyyatlara göndərib. Deməli, o təyyarə hər gün bomba yağdırdığı kimi, bir gün də vurula bilərdi.
Ancaq Rusiya rəhbərliyi neçə vaxtdır bunu həzm edə bilmir, dönüb-dolaşıb o məsələnin üstünə qayıdır və özünü elə aparır ki, elə bil, Türkiyə Rusiyanın sərnişin təyyarəsini vurub, məsum insanları öldürüb.
Açıq-aşkar görünür ki, RF prezidenti Putin bu zərbəni dövlətin qüruru məsələsinə bağlayıb, namus-qeyrət söhbətinə çevirib, ona görə də əsəblərini cilovlaya bilmir, küçə ağzı ilə danışır.
Bəlkə də Türkiyə rəhbərliyi Rusiyanın qırıcı təyyarənin vurulması hadisəsinə bunca pis reaksiya verəcəyini bilsəydi, heç o təyyarəni vurmaz, pilotlarının bunu qəsdən yox, bilməzlikdən etməsi kimi yozub buraxardı.
Hər halda bir qırıcı təyyarə tərəfindən hava sərhədlərinin 3-5 dəqiqəlik pozulmasından dəyən ziyanla hazırda iki dövlətin uğradığı milyardlarla dollar həcmindəki maddi ziyan ölçüyəgəlməz miqyasdadır. Üstəlik, ortada böyük siyasi qalmaqal var və kəskin münasibətlər hər dəqiqə hərbi müstəviyə keçə bilər.
Ortada NATO amili olmasaydı, yəqin ki, Kreml hazırda düşdüyü ağır iqtisadi, siyasi, hərbi böhrandan çıxış yolunu “zəif bənd” hesab etdiyi Türkiyəyə hücum etməkdə görərdi.
Ancaq Türkiyə də nazik qabıqlı çeviz deyil ki, bir zərbə ilə sınsın. Bu, tarixi hərbi yürüşlərdə zəfərlər qazanan, hərbi blokların, koaisiyaların yürüşünə mətanətlə cavab verən bir dövlətdir, son illərdə bir qədər zəifləmiş olsa da güclü orduya, geniş səfərbərlik potensialına malik olan gücdür.
Rusiya-Türkiyə müharibəsinin başlanması böyük fəlakət olar və neçə vaxtdır sözü gedən III dünya müharibəsinin rəsmən başlanması anlamına gələr.
Ümid edək ki, sonra sağlam düşüncə qalib gələcək, illərdən bəri qonşularına caynaq atan aqressor yumşalıb özünə gələcək.

Bizə qoşulun