Medianews.az
Dəniz fırtınası və dalğalar qoynundakı binəsiblər
432 baxış

Dəniz fırtınası və dalğalar qoynundakı binəsiblər

xalid kazimli kose 1 Rəhmətlik yazıçımız Manaf Süleymanovun (1912-2011) “Fırtına” və “Dalğalar qoynunda” adlı iki romanı var, ikisini də 50-55 il bundan əvvəl yazıb. Bu əsərlərdə söhbət dənizdə çalışan neftçilərin gərgin, məşəqqətli əməyindən, təlatümlü Xəzərin azman dalğaları ilə çarpışa-çarpışa neft hasil edən insanların mübarizəsindən, təhlükələrə məruz qalmasından gedir. Xüsusilə “Fırtına” əsərində neftçilərin dalğalı dənizdə dəfələrlə ölüm təhlükəsilə üzbəüz qalmaları realistcəsinə təsvir olunub. Yazıçı özü ixtisasca geoloq-mühəndis olduğundan bu işləri yaxşı bilirdi. O əsərləri 33-35 il əvvəl oxumuşam, personajlar, dialoqlar yadımda qalmayıb, ancaq neftçilərin şimal küləyinin təsiri ilə qudurmuş dənizdə ölüm-qalım savaşı vermələrini əks etdirən epizodlar yadımdadır. Srağagün “Günəşli” neft yatağınının 10-cu platformasında Xəzərdəki fırtına üzündən baş verən faciəvi qəzadan xəbər tutanda yadıma “Fırtına” düşdü. Dünən dənizdə qeyb olan zəhmətkeşlərin siyahısına, təvəllüdlərinə baxıram: 1961, 1966, 1969, 1971, 1975, 1979 və s. Demək ki, Manaf Süleymanov dənizdə neft çıxarmağın necə təhlükəli bir iş olduğunu yazanda bu şəxslər hələ anadan olmayıbmış. Bəlkə də onların çoxu barələrində bu cür romanın yazıldığından xəbərsiz idilər. Belə romanların mövcudluğunu sovet dövrünün neftçiləri bilərdilər. O vaxt müəssisələrin qırmızı guşələrində, kitabxanalarında bu kitablar mühəqqəq olardı. Budur, indi dənizdə faciə ilə üzləşən zavallı insanların öz həyatı xəbər, məqalə, oçerk, roman mövzusu oldu. Çünki elmi-texniki tərəqqinin bunca inkişaf etdiyi bir vaxtda yenə də, eynilə 55-60 il qabaq olduğu kimi qurbansız ötüşmək mümkün olmadı, dəniz onları uddu. Təsəvvür edin, Marsa aparat göndərib şəkil çəkən insan hələ də təbiəti ram edə bilmir, onun zaman-zaman oyanan dağıdıcı gücünün qarşısında aciz qalır. Belə vəziyyətlərdə adətən faciənin baş verməsi üç faktorla bağlı olur: təbii fəlakət, texnogen qəza, terror aktı. İlkin informasiyalar göstərir ki, “Günəşli” yatağındakı faciə təbii fəlakətin yaratdığı texnogen qəza nəticəsində baş verib. Ancaq komplo nəzəriyyələri sevən, hər işdə mütləq “dünyanı fırladan dairələrin uzun barmağı”nı axtaran və “tapan” adamlar bu faciədə də eyni təşəbbüsü göstərirlər və ortaya fantastik ehtimallar atırlar. Bircə şeyi düşünək ki, o cür fırtına, qasırğa zamanı təlim görmüş xilasedicilərin belə platformaya yaxın düşə bilmədiyi durumda diversantlar heç kəsin gözünə görünmədən, obyektə heç bir xüsusi texnika cəlb etmədən necə təxribat törədə bilərdilər? Bu qorxunc təbiət hadisəsinin əsəridir. Bəs Xəzərin xasiyyətini bilə-bilə fırtınaların içində, dalğaların qoynunda iş görən, milyardlar qazanan dövlət təhlükəsizlik texnikası baxımından bütün işləri görübmü? Harada yanlışlıqlara yol verilib? Faciədən yayınmaq mümkün idimi? Bu suallara texniki araşdırmalar nəticəsində cavab vermək olar. Ölkə insanlarının isə nə araşdırma aparanlara, nə təhqiqatın nəticələrini elan edənlərə güvəni yoxdur. Təsadüfi deyil ki, hər kəs bu cür böyük faciəvi hadisəyə görə hansısa kiçik ranqlı adamların – mühəndisin, briqadirin cəzalandırılacağını gözləyir. Bundan əvvəl dəfələrlə elə olub. Milyonları dartıb-dağıdanlar qıraqda qalır, haqq-hesab zamanı ən aşağı vəzifəli adamların yaxasından yapışırlar. Sanki hər şeyə cavabdeh odur. Məsuliyyət daşıyan baiskar böyüklər bir-birini ayağa vermirlər, su boğazlarına çıxanda ayaqlarının altına kiçikləri qoyurlar. Elə faciə baş verən gün də elə olub. “Titanik” filmindəki gəminin batmasını, insanların təlaş içində xilas olmağa çalışmalarını göstərən epizodlardakı kimi can hövlü yaşanıb, ancaq nə faydası, suya tökülən binəsib fəhlələr olub. Norveçlilər də neftin bir hissəsini bu cür çıxarırlar. Barens dənizi Xəzərdən də dəlidir, baxaq görək, orda bu cür faciələr baş verirmi? Olsaydı, yazardılar, bilərdik. Necə ki buzların arasında qalan balinaları çəkib göstərirlər, bunu da edərdilər. O bizimkilərdir, faciə baş verəndə panikaya düşür, informasiya yaymır, bir müddət həqiqətləri təkzib etməklə məşğul olur, sonra da malalaya-malalaya faciənin miqyasından danışırlar. Bu dənizdə fırtına həmişə olub, həmişə də olacaq. Əsas məsələ fırtınalara qurban verməməkdir. Onu da hələ bacarmırıq.

Bizə qoşulun