Kremlin Ankaraya qarşı “Su-24" isterikası davam edir. Davam etdikcə də daha çox özünə ziyan vurur. Çünki olan-qalan tərəfdaşı və müttəfiqlərinin də itirilməsinə aparır. Onsuz da Krımın işğalına görə dünyanın 3/4-ü Rusiyaya pis gözlə baxırdı, bu yandan da Moskva özü-özünün təcridini gücləndirməklə, barmaqla sayılacaq ənənəvi tərəfdaş ölkələri də özündən itələməklə məşğuldur.
Yada iki gün öncə Putinin köməkçisi Yuri Uşakovun açıqladığı “Rusiyaya dost ölkələr” siyahısı düşür. Siyahıya Avrasiya İqtisadi Birliyi ölkələri - Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Ermənistan, həmçinin Suriya, İran, Azərbaycan kimi ölkələr daxildir. Necə deyərlər, şərhə ehtiyac qalmır. Hərçənd, bir azca ehtiyac var.
İş ondadır ki, Azərbaycan da daxil, sadalanan dövlətlərin mütləq əksəriyyəti Moskva ilə zorən dostluq-müttəfiqlik münasibətlərindədir. Onları həqiqi dost ölkələr kimi, ciddi iqtisadi əlaqələr və ortaq dəyərlər birləşdirmir. Üstəgəl, Kremlin imperiya ambisiyaları və postsovet məkanında yeni ilhaqçılıq siyasəti hətta kağız üzərində olan Avrasiya Birliyi üzvlərini də ciddi qorxudub.
Başqa yandan, Moskvanın Ankaraya qarşı qaz şantajı artıq qardaş ölkəni yeni qaz təchizatçıları axtarmaq zorunda qoyub. Türkiyə bu yöndə Qətərlə ilk anlaşma əldə edib və sırada nəhəng qaz ölkəsi olan qonşu İrandır. Tehran isə buna məmnuniyyətlə, razılıq verəcək. Demək, İran da ənənəvi dostlar siyahısından çıxacaq. Kim qaldı yerdə?..
Yaxşı deyiblər, hirsli başda ağıl olmaz. Söz yox ki, Moskvanın isterikası prezident Rəcəb Tayyib Ərdoğanın daxili dayaqlarını laxlatmağa yönəlib. Bunu Putinin son açıqlamasından aydınca görmək mümkündür. Türkiyə rəhbərliyini növbəti dəfə terrorçulara dəstək verməkdə günahlandıran Kreml başçısı deyib: “Türkiyə xalqı bizə dost xalqdır. Mən hələ də anlaya bilmirəm ki, nəyə Türkiyə bu addımı atıb. Təkcə Allah bilir Türkiyə bunu niyə edib. Biz bilirik ki, Türkiyədə kim öz ciblərini doldurur, terrorçulara pul qazanmağa kömək edir. Bununla belə, Türkiyə xalqı mehriban, əməksevər və istedadlı xalqdır. Biz onunla Türkiyə iqtidarını eyniləşdirmirik”.
Putin əlbəttə ki, blef edir. Əvvəla, rəsmi Ankara açıq şəkildə bəyan edib ki, Rusiya tərəfi dəfələrlə edilən xəbərdarlığa məhəl qoymadığı üçün imicini qorumaq məcburiyyətində qalaraq təyyarəni vurub. Bəs Moskva bu xəbərdarlıqları bilə-bilə nədən yenidən Türkiyə dövlətinin səbrini sınağa çəkib və bu təxribata gedib? Putinin təbirincə desək, bunu tək Allah bilir.
Bax, Rusiyada bu suala cavab verməyi xoşlamırlar. Halbuki, sonradan özləri də etiraf etdilər ki, “təyyarə cəmi 17 saniyə Türkiyə hava məkanını pozub”. Lap bir saniyə olsun, hər halda pozub ki - özü də bundan əvvəlki bir neçə xəbərdarlıqlar fonunda!
O ki qaldı Rusiya liderinin Türkiyə xalqı ilə hökumətini fərqləndirməsinə, bu da təbii ki, Ərdoğana daxildə etimadsızlıq yaratmağa hesablanmış hiyləgər və təbliğati gedişdir. Yəni “Ey Türkiyə xalqı, ondan imtina etsəniz, qısa zamanda hər şey qaydasına da düşə bilər”. Fəqət, qardaş ölkədə bu insidentdən dolayı nəinki cəmiyyət, bütövlükdə siyasi müxalifət də Türkiyə hökumətinin yanındadır...
Türkiyə toplunmu gerçəyi, o sırada İŞİD-lə kimlərin neft alveri eləməsini də Putindən və onun əsabələrindən yaxşı bilir. Odur ki, Rusiya siyasi-hərbi rəhbərliyi terrorçularla müəmmalı neft alverinə dair abstrakt şəkillər nümayiş etdirməkdənsə, qoy öncə öz qeydinə qalsın, öz dərdini çəksin. Məsələn, ABŞ-ın kosmosdan çəkdiyi və Rusiya qoşunlarının Ukraynaya soxulmasını təsdiqləyən foto-faktlara münasibət bildirsin. Hansı faktları ki, Moskva hələ də israrla danır. Ancaq bütün dünyaya bəllidir ki, Rusiya qoşunları Ukraynaya girib, Krımda, Donbasdadır.
Hər halda, qonşu ölkələrin (Gürcüstan, Ukrayna) suveren ərazisinin bir parçasını zorla özünə birləşdirib beynəlxalq hüquqa və normalara tüpürmək daha ağır cinayətdir, nəinki Türkiyə dövlətinə və xalqına dəxli olmayan hansısa yaramaz ünsürlərin İŞİD-lə neft alveri.
