Medianews.az
Mənim yubileyim
228 baxış

Mənim yubileyim

samir sari kose 1 Dünən öz dilimizdə desək, den rojdeniyam idi (vaxt vardı, hamı elə deyirdi), çoxlu təbriklər aldım. Dostlar sağ olsun, xeyli təriflədilər, elə sözlər yazdılar ki, vallahi, zarafatcıl damarım olmasa, havalara girərdim. Amma bilirəm, qayda budur, yubiley yaşı çatan adam təriflənməlidir. Əgər adamın ortalıqda beş-altı yazı-pozusu da varsa, onda tərifin dozası çox olacaq. İntəhası, sevgidən, rəğbətdən, dostluqdan irəli gələn tərifli sözləri adam özü çox da ciddiyə almasın. Düzdür, xoşdur, adamın kefi kökəlir, özünü vacib persona saymağa başlayırsan, amma əndazəni gözləmək lazımdır. Yoxsa elə yazıçılar var, ad günlərində (ya da imza günlərində) o qədər təriflənirlər ki, ertəsi gün yanlarında Markesin, Heminqueyin adını çəkmək olmur, deyirlər, Markes kimdir, əə, yazdığı nədir onun, “Patriarxın payızı”ını yazıb də, orta səviyyəli bir şeydir. Adam o saat bilir ki, dünən hansısa yaltaq buna “sən Markesdən də yaxşı yazırsan” deyib. Doğrusu, arada mən də dostlara ad günlərində xoşagələn, tərifli sözlər deyirəm, amma çalışıram, çox da şişirtməyim, insana problem yaratmayım. Allah eləməsin, dediklərimə inanar, sonra gedib hər yerdə lovğalanar, ərşlə-gürşlə əlləşər. Hamı Şərif Ağayar qardaşım deyil ki, onu ciddi-ciddi “21-ci əsrdə ən istedadlı yazarımız” adlandırsam da, lovğalanmaya, utancaq-utancaq “abi” deməkdə davam edə. Lovğalıq pis şeydir, bilirsiniz. Amma ifrat təvazökarlıq da bir şey deyil. Bundan daha pisi də var: öz təvazkarlığınla lovğalanmaq. Yəni, baxın, mən təvazökar insanam, çox sadəyəm, tərifdən ötrü ölmürəm, baxın, ibrət götürün, siz də belə olun. Şükür yeri-göyü yaradan qüvvələr sisteminə ki, mən dünən o qədər tərifə mətanətlə dözdüm. Nəyi var, dirəşdim. Sizə deyim ki, tərifə dözmək tənqidə dözməkdən heç də asan deyil. Yoxsa mənim yerimə kim olsa, gördüyü hörmət və iltifatın qarşısında baş redaktoruna şeir yazardı, deyərdi, bəlkə sənə görə açılır sabah-zad. (Hərçənd borclu-borclunun sağlığını istər, mən də onun yubileyini gözləyirəm, görüm, babat təşbehlər tapa biləcəyəmmi). Hətta mənim yerimə başqaları olsa, özü haqqında hazır təbrik mətni yazar, İsa Qəmbərə göndərər, imzalatdırardı ki, bəs, baxın, başqan (yəni sabiq başqan) məni təbrik etdi. İndini bilmirəm, amma keçmişdə belə edənlər vardı. Çox acığım tutardı belə təbriklərə. Dostlar deyərdi, qoy sənin də yubiley yaşın çatsın, sən də təbrik umacaqsan. Budur, yubiley yaşım çatdı, təbrik ummasam da, İsa Qəmbər daxili poçtuma mesaj yazaraq məni təbrik etdi, yazdı ki, 50 yaxşı yaşdır. Mən də yazdım ki, daha yaxşı ola bilərdi, məsələn, prezident İsa Qəmbər məni ad günümdə “İstiqlal” ordeni ilə təltif edərdi. Başqandan “İstiqalal” ordeni ummağım boşuna deyil, 27 ildir ki, “istiqlal-istiqlal” deyirəm, ölkəmizin müstəqil olması üçün çabalamışlığım var. Həlledici illərdə müstəqilliyimizin bərpasına qarşı olan, ancaq sonradan “İstiqlal” ordeni alanlardan o ordenə beşqat artıq layiqəm (göründüyü kimi, artıq təvazökarlıq yeri deyil, bu, haqq davasıdır). Hərçənd biz 1989-da ayağa qalxanda dırnaq içində olan istiqlal istəmirdik ki, dırnaqsızını istəyirdik, onu da almışıq. Ancaq başqan xəsislik etdi, yazdı ki, 50 yaşa “İstiqlal” düşmür, “Şöhrət” ordeni düşür. Neynək, “Şöhrət” də pis deyil. Allah bərəkət versin. YAP hakimiyyəti gəlmişdi də, gördük, adama Allahın “Tərəqqi” medalını da vermir. Yayda Rauf Arifoğluna bir döş nişanı verdilər, düz bir ay söyüldük. Xüləs. Yubileydə şərəfimə tort da kəsildi. Uşaqlar nuş canlıqla yedilər. Halal xoşları olsun. Ələsgər dedi ki, adamın aşı yeyilincə tortu yeyilsə yaxşıdır. Əsas məsələ budur, hörmətli oxucular. Allah hamınıza tort qismət eləsin. Təbrik edənlərə bir daha təşəkkürlərimi yetirirəm.

Bizə qoşulun