Medianews.az
Bir səs - bir kilo şor, seçki yengəliyi və toplanan təcrübə
206 baxış

Bir səs - bir kilo şor, seçki yengəliyi və toplanan təcrübə

images_dekabr_kose samir sari
Deyirdilər, inşallah, bir sonu olar, əl-əlbət, bizim məhəlləyə də şorsatan gələr. 
(Bu sözü ilk dəfə kim deyibsə, güman ki, yuxarı məhəllədən olub şor yaxmacı yeyə-yeyə ona acıq verən şəxsə aşağı məhəlləli adam deyib. Yəni şorsatanla alış-veriş edərək şor sahibi olmağın yüksək rifah halı sayıldığı vaxtlar olub. Siz də deyirsiniz, dolanışıq çətindir).
Amma şorsatan bu dəfə də gəlmədi. Ümumiyyətlə, iyirmi ildən çoxdur bizim məhəlləyə şorsatan üzükmür, hər cür şarlatan gəlir, torpaqsatan, mandatsatan, lidersatan gəlir, amma şorsatan gəlmir.
Burada əlbəttə ki, “şorsatan” təşbehdir, söhbət heç də heyvandarlıqla dolanan rayonlardan motalını, bidonunu götürüb gələn xalalardan, əmilərdən getmir. Əcnəbilərdə uğur simvolu Fortuna olduğu kimi, bizdə də Şorsatandır, o məhəlləyə gələndə bayram olur, yəni işlər uğurlu gedir.
O da ki illərdir gəlmir. Arada bir-iki dəfə (1995, 2000) məhəllənin girəcəyində göründüyü oldu, onda da hər dəfə həvəskar komsomolçu gənclərin 4-5-nə bir nəlbəki şor dadızdırıb aradan çıxdı. Bir dəfə də (2005) 3-4 siyasi funksioner hərəyə bir dürməklik şor qoparda bildilər. Odu-budu, ta məhəlləyə şorsatan gəlmir. Lavaşı, təndir çörəyini, fətiri, ləzgi xərəyini hazırlayıb gözləməklə deyil, şor yoxdur.
Ona görə də ta camaat onu gözləmir, çörəyini yavan yeyir. İnsanlar anlayır ki, bu ölkədə çətindir, nə seçməyə qoyurlar, nə də seçilməyə. Ən pisi odur ki, heç prosesi axıracan müşahidə etməyə də qoymurlar. Bizdə seçki, sanasan, toy mərasimidir, əvvəldən axıra iştirak edə, deyib-gülə, tamaşaya dura bilərsən. Amma elə ki, saat 18 oldu, 18+ söhbəti aktuallaşdı, hamı dağılışıb getməlidir və komissiya üzvləri seçki qutularıyla baş-başa qalmalıdır. Ta onlar surğucu necə açacaqlar, qutunu necə boşaldacaqlar, nəyi neçə dəfə sayacaqlar, özləri bilərlər. Çox intim məsələdir, bunu heç kəs görməməlidir.
Budur, deyirlər, budəfəki seçkidə MDB-dən gələn müşahidəçi MnSK üzvünə saxtakarlıq öyrədirmiş, deyirmiş, bu işi belə eləsən, protokolla qutudakı səslərin sayı taraz olar. Görünür, yerli komissiya üzvü yeniymiş, naşıymış, yaxşı tutuzdura bilmirmiş. Beləsinə kömək lazımdır axı. Vaxtilə 15 müttəfiq, qardaş respublika olmuşuq, belə günlərdə bir-birimizə “injener” köməyi etməyəkmi? Bu köməyin də adını seçki yengəliyi qoyaq, getsin.
Seçkilərin nəticələrinə görə pərt olanlar var, deyin ki, üzülməsinlər, qarşıda hələ nə qədər pərtliklər, nə qədər umsuqluqlar var.
ur, gələn dəfə də olacaq. Startda çoxu ümid edir ki, bəlkə bu dəfə məhəlləyə şorsatan gələcək, uğur ilahəsi - Fortuna üzünü bizə döndərəcək. Amma çifayda, nə Fortuna, nə şortuna... Gün gəlir, həvəsli namizədlər də əfruzların, məzahirlərin Bozdağ qayaları kimi boz sifətini görür və... təcrübə toplayırlar. Gələn dəfə onlar artıq seçki məzhəkəsində rol almaq üçün çox həvəsli olmayacaqlar. Əvəzində yeniləri gələcək. Hər şey Kürdəmir yolunun üstündəki pavilyonlarda olduğu kimidir: buranın dadını bir dəfə bilən bir də qapıdan girmir, amma hər dəfə təzə sərnişinlər girir.
Bir müşahidəçi də danışır ki, Sabirabadda camaata seçkiyə gəlib səs vermək üçün pul paylayırdılar, amma çox az, 3 manat. Bəzi yerlərdə 10 manat olub, amma çox kəndlərdə məzənnə 3 imiş. 10 manatı o adama verirmişlər ki, ailə üzvlərinin üçünün əvəzindən səs verəcək. Düzdür, orada bir manat artıq gedir, amma eybi yox, qoy o 1 manat demokratiyaya, şəffaflığa qurban olsun. İtən yerə getmir, dolayısıyla xalqımızın rifahına gedir, ailə büdcəsinin artmasına sərf olunur.
Yeri gəlmişkən, bazarda yaxşı şorun qiyməti təxminən 3 manatdır. Bu üzdən sabirabadlı seçicilər fəxr edə bilərlər ki, bəzi yerlərdən fərqli olaraq builki seçkilərdə onların məhəlləsinə şorsatana ödəmək üçün pul paylayanlar gəlib. Başqa yerlərdə heç o da olmayıb, peşəkar seçiciləri müftə işlədiblər.
Bir şair dostum var, 1 noyabr haqq-hesabına görə pərt və umsuq olanlara şeirlə təsəlli verərək yazıb: “Murtuza qalmayan dünya əfruza da qalmayacaq, qırğı gözlü siyah quşa, novruza da qalmayacaq”.
Gələn seçkilərdək!

Bizə qoşulun