Medianews.az
Birini martda baltaladıq, amma yıxılmadı...
340 baxış

Birini martda baltaladıq, amma yıxılmadı...

images_dekabr_kose samir sari Son günlər saytlarda sabiq nazir Eldar Mahmudova məxsus olduğu deyilən (güman ki, həqiqətdir) imarətin şəkilləri yayılır və sosial şəbəkələrdə buna bəzən heyrətlə, bəzən də heç nəymiş kimi rəy bildirənlər var. Bəziləri özlərini elə aparırlar ki, sanki 20 milyon dollar civarında qiyməti olan bu villalar kompleksinin, ərəb şeyxlərinə məxsus saraylara bənzəyən tikilinin varlığından çoxdan xəbərdar imişlər və bu, onlar üçün yeni xəbər deyil. Bəziləri şəkilli xəbəri yayanları qınayırlar: indiyəcən niyə yazmır, çəkib yaymırdınız, guya xəbəriniz yox idi? Adam hər iki halda xəcalət çəkir. Birinci halda hamının bildiyi bir şeyi bilmədiyinə görə, ikinci halda - bunu vaxtında edərək səlahiyyət həddini aşmış, hüquq-qanun tanımayan nazirlə ağac-ağaca durmağa cəsarət etmədiyinə görə. Əlbəttə, biz gərək o vaxt özümüzə qeyri-bərabər döyüşə ataraq, “demokratiya şəhidi” olaydıq, əlimizə fotoaparat götürüb bu cür nazirlərin villasını çəkəydik, “qoy bizi öldürsünlər bir alagöz qız üstə”-filan söhbəti çıxaraydıq. Sanki elə bir şey etsəydik, yəni hansısa nazirin milyonluq villasını çəksəydik və o, ifşa olunsaydı, ertəsi gün xalq ayağa qalxacaq, korrupsioner nazirin istefasını tələb edəcək, dövlət başçısı da xalqın haqlı tələbinə, şiddətlənən təzyiqinə dözməyərək qudurmuş naziri istefaya göndərəcəkdi. Təbii ki, elə olmayacaqdı. Əksinə, ya buna cəsarət edən jurnalistləri 3-4 il əvvəl Ziya Məmmədovun hansısa imarətini qoruyan qoçuların Elmin Bədəlov və Anar Gəraylını saldığı günə salacaqdılar, ya da başqa şey edəcəkdilər. “Başqa şey” deyərkən çox şeylər nəzərdə tutulur, detallara girməyək. Amma o vaxt jurnalist qardaşlarımızı villa şəkli çəkmək istədikləri yerdə hasarın başında tutmuşdlar və çəkib salmışdılar aşağı, asfaltın üstünə. Hətta bir dəfə bəs eləməmişdi, onları təzədən qaldırıb, bir neçə dəfə də asfaltla bir eləmişdilər. Hadisədən sağ-salamat qurtarıb gəlmiş Elmin başına gələnlərin şokundan çıxa bilmirdi, bütün əməkdaşlara təkrar-təkrar danışırdı ki, mühafizəçilər onları belə-belə ediblər (yaxşı mənada). Bu, hələ adi nəqliyyat naziridir, mülki nazirdir, hesabını götür ki, çiynində iri ulduzlu poqon olan nazir adama nə etdirər. Bax, “başqa şeylər”in hamısı ola bilər - pazdan, mazdan tutmuş ta CM maddələrinə qədər. Yəni villa şəkli çəkmək, nazirlərin malikanəsindən yazmaq sizə asan gəlməsin. Yazsan da, gərək faktı yazasan, amma bu faktın kimə aid olduğunu yazmayasan. Çəksən də, gərək çəkdiklərini yaymayasan, oturub əlindəki baltanı itiləyə-itiləyə adamın yıxılmağını gözləyəsən. Əl-əlbət, bir gün yıxılacaq, onda baltala, getsin. Düzdür, elə ağıllı nazirlər var ki, uzun illərdir yıxılmırlar, əksinə, başqaları gəlib onlara dəyib yıxılır, baltalanırlar. Eləsi də var ki, o yıxılanda onu baltalayan olmayacaq, birbaşa “Drujba” motomişarı ilə qol-bud edəcəklər. Möhtəşəm kaşanələrdən yazanları qınayan və “niyə vaxtında yazmırdınız” sualı qoyan adamların qeydlərini oxuyanda qəfildən yadıma düşdü ki, özcə vicdanım təmizdir, mən bu il martın 22-də o cür, analoqu olmayan imarətlərə dair yazmışam. Düzdür, ad çəkməmişəm, amma o da ona görə olub ki, işlədiyim qəzeti bağlamasınlar, ya da baş redaktorumuzu üçüncü dəfə tutmasınlar. İndi o yazıdan bir abzas iqtibas eləyim, yenidən oxuyun. Həmin sarayı şəxsən görmüş həmsöhbətim danışırdı: “Biz o nazirin Mərdəkan tərəflərdəki villasının həyətinə əl işi görməyə getmişdik. Həyət deyəndə, elə bilərsən, botanika bağıdır. Hər cür meyvə ağacları, bəzək kolları var, hamısı da cərgə ilə əkilib. Hətta 40 dənə Misir palması da var. Özü də bu palmanı köklü-köməcli çıxarıb Azərbaycana 40 vaqonda gətiriblər. Hərəsi üçün bir vaqon da həmin ölkədən xüsusi torpaq gətiriblər. Bundan əvvəl həyətin torpağı təxminən iki metr dərinlikdə qazılıb çıxarılıb, yerinə Şamaxıdan ”Şaqman" maşınları ilə meşə torpağı gətirilib tökülüb. ... Bağbanlar üçün həyətin aşağısında xüsusi bir ev var. Oranı da villa saymaq olar. Əsas villadan onun darvazasına qədər məsafə o qədər uzaqdır ki, gələn qonağı qarşılamaq üçün mühafizə xidməti xüsusi maşınla darvazanı açmağa gedir “. Bu, əhatəli məqalə idi. Amma korrupsiyayla mübarizə aparan idarədən zəng edib soruşmadılar ki, kimdən bəhs edirsən. Soruşsalar, deyəcəkdim. Bax, onda indi ölkədə yaranmış vəziyyət martda yarana bilərdi.

Bizə qoşulun