Medianews.az
Nəticəsi bəlli oyunlara görə mərc qoşmazlar
238 baxış

Nəticəsi bəlli oyunlara görə mərc qoşmazlar

images_0 kose samir sari
O gün, “Qalatasaray” - “Fənərbağça” derbisindən öncə beynəlxalq bukmeker kontorları bu oyunla bağlı yeni və unikal mərc lotları təqdim etmişdilər. Mərcqoyanlar “cim-bom”un forvardı Burak Yılmazın penalti qazanmaq qəsdi ilə özünü yerə atacağı təqdirdə sarı kart alıb-almayacağı üzrə mərc qoymalıydılar. 
Daha bir mərc isə “Fənər”in qapıçısı Volkanın üstünə gələn topu dalıyla saxlayıb-saxlamayacağı üzrəydi.
Yeri getməmişkən, deyim ki, oyunun gedişində rəqibləri Burakı babat yıxdılar, amma hakim nə penalti vermədi, nə də Buraka sarı kart. Ta orasını da bilmirəm ki, kim bu lota mərc qoymuşdu, kim uddu.
Ümumiyyətlə, bu əcnəbilərdə qaydadır, hər şeyə görə mərc qoşurlar. Amerikanın növbəti prezidentinin kim olacağıyla bağlı mərc lotu təklif edən kontorlar var, “Eurovision” musiqi yarışmasının növbəti qalibinin hansı ölkə olacağı ilə bağlı da. Udanlar xeyli pul qazanır.
Təbii ki, udanlardan qat-qat artıq miqdarda uduzanlar da olur. Çünki 7-8 namizədin qatıldığı seçkidə kimin qalib olacağını öncədən söyləmək çox çətindir. Hətta axıra iki namizəd qalanda da udub-uduzmaq ehtimalı 50:50-yədir. “Eurovision” da onun kimi. Hər il 45-50 ölkə yarışmaya qatıılır, hamısı da öz musiqi nömrəsini favorit sayır, amma axırda biri qalib gəlir.
Bu baxımdan bir qayda olaraq bu qumarda oynayanlar yox, qumarı təşkil edənlər qazanır. Bütün qumarlarda belədir, zatən.
Ancaq sizi inandırıram ki, o beynəlxalq bukmeker kontorları 3 gündən sonra ölkəmizdə keçiriləcək parlament seçkilərində 125 dairə üzrə kimlərin deputat seçiləcəyi ilə bağlı mərc qoysalar, müflis olarlar.
Ona görə ki, bu ölkədə seçicilər də, müşahidəçilər də, politoloqlar da, hətta namizədlərin özləri də kimlərin deputat seçiləcəyini öncədən yüzdə doxsan doqquz faiz dəqiqliyi ilə bilirlər.
Bu, heç kəsə sirr deyil. Bunu bilmək üçün uzun-uzadı analizlər aparmağa ehtiyac yoxdur.
Zatən, futbolda da belədir, satılmış oyunlara dair proqnozlar yüzdəyüz düz çıxır. Burada üzərimə məsuliyyət götürüb “satılmış mandatlar”dan bəhs edə bilmərəm, amma peşkəş edilmiş mandatlardan danışa bilərəm.
Məsələn, kim istəyir gəlsin 10 min dollardan mərcləşək, mən deyirəm, Siyavuş Novruzov bu il də deputat seçiləcək, kim əksini söyləyirsə, çıxsın qabağa.
Talıbov Vasif Yusif oğlunun mandat alacağı gözəgörünməzə də agahdır, amma kim iddialıdırsa, gəlsin, İsa Həbibbəylinin deputat seçilib-seçilməyəcəyi ilə bağlı mərcə girək. Mən deyirəm, seçiləcək.
Mixail Zabelinin qabağını kim ala bilər, üst-üstə yeddi səs almasa da, mandatın biri onundur. Mərcə girən varmı?
56 saylı seçki dairəsindən Əliyev İlham Əlisəttər oğlunun mandat alıb-almayacağı ilə bağlı mərc qoşmaq istəyən varmı? Varsa, mən hazır, “alacaq” deyirəm.
Əslində bu proqnozları verərkən Cəmil müəllimin açıqladığı siyahıya istinad etmək olar, amma orda 3-4 faiz yanlışlıq da ola bilər, amma 125 dairənin 120-si üzrə artıq məsələ məlumdur.
Təsəvvür edin, hər bir adamın 125 proqnozunun 120-si doğru çıxsa, buna hansı bukmeker kontoru dözər? Heç biri. Hamısı bankrot olar.
Bu “Barselona”, “Real”, “Bavariya” deyil ki, bu güclü komandaların oyununa dair proqnoz verərkən qələbə ilə yanaşı, heç-heç və məğlubiyyət variantlarını da gözə alasan və bəzən iş elə gətirə ki, o güclü komandalar oyunu uduzub sənin proqnozunu yandıralar.
Bu, Siyavuş Novruzovdur, o “Real”dan da güclüdür, Ceb Buşdan da, o, həmişə seçilir və namizədliyini verdiyi bütün seçkilərdə seçiləcək. Amma ola bilər ki, Ceb Buş seçilməsin, heç namizəd olmasın - nə olsin ki, onun atası və qardaşı prezident olublar. Amma Cavanşir Paşazadə necə seçilməyə bilər. Göydən daş yağar.
Dediyim odur ki, bizdə seçki bax bu cürdür. Mübahisəlik, bəhslik, mərclik bir şey yoxdur. Hər şey öncədən bəllidir.
Əslində bunun özü də bir növ xoşbəxtlikdir, mərcə girib özünü yandıran olmur. Baxın, srağagün bir türkiyəli futbol fanatiki öz avtomobilini bazarda satıb, bütün parasını da “Fənərbağça”nın qələbəsinə qoyub. “Fənər” də heç-heçə etməklə adamı uduzdurub. Di get.

Bizə qoşulun