Medianews.az
Baxçəlinin vədi - Türkiyənin şansı...
249 baxış

Baxçəlinin vədi - Türkiyənin şansı...

zahid
Türkiyə müasir tarixinin bəlkə də ən qəliz dönəmindən keçir. Bu dönəmi onun uğurla adlayacağı cəmi bir neçə gündən sonra keçiriləcək erkən parlament seçkiləri və həmin seçkilərin nəticələrinə Türkiyənin aparıcı siyasi güclərinin nə dərəcədə məsuliyyətli yanaşmasından asılı olacaq. Kaş ki, qardaş cümhuriyyət təzədən yağışdan çıxıb yağmura düşməyə, çoxdan gözlənilən günəşli havaya tuş gələ.
Vaxta çox az qalıb. Bölgədə sürətlə cərəyan edən proseslər diktə edir ki, ölkə qısa müddətdə stabil, legitim hökumətə sahib olub üzləşdiyi son dərəcə yeni təhlükələrə, daxili və xarici təhdidlərə, o sırada terror şantajına qarşı hərəkətə keçsin, onlara qarşı təcili və effektli kontr-mexanizmlər hazırlasın. Bu mənada  vəziyyəti sürətli şahmat oyunu ilə müqayisə eləmək olar: “şahmat taxtası” arxasında düşünüb qərar vermək üçün oyunçulara çox az vaxt ayrılıb...
“Hər kəs arxayın olsun, 1 noyabrdan sonra Türkiyə hökumətsiz qalmayacaq”. Bu sözləri MHP lideri Dövlət Baxçalı Ankaradakı son möhtəşəm mitinqdə çıxışı zamanı bildirib. Türklər demiş, “pek iyi”. Hörmətli Dövlət Baxçəlinin çıxışındakı başqa bir pozitiv və ümidverici məqam isə onun ölkənin düşdüyü vəziyyəti və üzləşdiyi təhdidləri dəqiq təsvir edərək sıralamasıdır. Hərçənd, Türkiyənin aylardır hökumətsiz qalmasından qaynaqlanan mövcud əlverişsiz vəziyyətə görə aparıcı siyasi güclərdən biri kimi MHP də məsul sayılır.
Təəssüf ki, 7 iyun parlament seçkilərindən sonra ən real koalisiya formatlarından hesab edilən AKP-MHP ortaq hökuməti qurulmadı. Beləcə, Azərbaycan da daxil, dost-müttəfiqlər məyus oldu, rəqiblər və türk düşmənləri isə sevindilər. İndi xalq belə daha bir şansı noyabrın 1-də verə bilər, çünki bir sıra ekspertlərə görə, erkən seçkilərin nəticələri əvvəlkindən ciddi fərqlənməyə bilər.
Amma yenə əndişə var. Bu da odur ki, sayın Baxçəli öz çıxışında hakim APK-nin ünvanına sərt ittihamlar yağdırıb. Ola bilsin MHP bununla koalisiya məsələsi yenidən gündəmə gələrsə, ənənəvi mövqe sərgiləyəcəyinin anonsunu verib. Keşkə, yanılaydıq. Keşkə, həqiqətən Türkiyəmizin siyasi taleyi bu iki siyasi qüvvədən asılı duruma gələrsə, onların hər ikisi bir addım geri verib, xalqın da, regionun və dünyanın da intizarla gözlədiyi yeni hökumətə “hə” deyə biləydi, sayın Baxçəli demiş, 1 noyabrdan sonra Türkiyə gerçəkdən, hökumətsiz (əslində - başsız) qalmayaydı...
Əlbəttə, siyasətçi öncə ölkənin düşdüyü durumdan çıxış etməlidir. Türkiyə isə hazırda ideoloji baxışlarından asılı olmayaraq sağlam qüvvələrin hamısının dövlətin və millətin təhlükəsizlik məsələsi ətrafında, ön şərt qoymadan bir araya gəlməsini tələb edir. Belədə şərt qoymaq əslində elə millətə, dövlətə minnət qoymaq kimi çıxır. Hər halda, hökumətlər, partiyalar gəldi-gedərdi, Türkiyə dövləti isə - qalıcı. Onu sonrakı nəsillərə daha qüdrətli, basılmaz, demokrat qiyafədə təhvil vermək ölkənin hazırkı siyasi kəsiminin boyun borcudur.
Obrazlı desək, “qasırğalı dəniz”də mənzil başına çatmaqdan ötrü ən mühüm məsələ hamının yer aldığı “Türkiyə” adlı gəmini təhlükələrdən, aysberqlərdən, qayalıqlardan salamat qurtarmaqdır. Əsas hədəf budursa, o zaman siyasi liderlərdən kimin gəminin hansı hissəsində qərar tutmasının önəmi qalmır.
Onu da unutmaq olmaz ki, Türkiyə xalqı milli maraqlar naminə ortaq mövqeyə gələ bilməyən qüvvələrə bir dəfə artıq dərs verib - 2001-ci ildə onların hamısına etimadsızlıq göstərərək AKP-ni təkbaşına iqtidar etməklə. Bu dəfə təhlükə var ki, AKP də “qara siyahı”ya düşsün, əgər o da koalision hökumət yönündə bir neçə addım geri durmaq iradəsi göstərməsə...
***
Türkiyənin ayaqda olması sözsüz ki, Azərbaycanın da ayaqda olması deməkdir. Türk dünyasının, regionun favorit dövlətinin zəifləyib sıradan bir dövlətə çevrilməsinə bais olanları nə xalq, nə də tarix bağışlamaz. Hər halda, şər deməsən, xeyir gəlmir. Bu xüsusda MHP liderinin vədinin - Türkiyənin gerçək şansının reallaşacağına inanmaq istərdik.

Bizə qoşulun