Medianews.az
Tutulanlar artacaqmı, azalacaqmı?
325 baxış

Tutulanlar artacaqmı, azalacaqmı?

xalid kazimli kose 1
MTN-də yuva salmış “reket-şantaj çetesi”nin işi ilə bağlı həbs edilənlərin dairəsinin məhdud qalması ictimaiyyətdə narahatlıqla qarşılanır. Həmişə olduğu kimi, yenə də “hər şeyin ört-basdır ediləcəyi” ilə bağlı şübhələr var.
Gerçəkdən də Baş Prokurorluq tərəfindən verilən açıqlamadan da aydın olur ki, söhbət mütəşəkkil cinayətkarlıqdan gedir. İşdə sabiq nazirin, onun müavinlərinin, idarə rəislərinin adı çəkilir.
Bunlar general, polkovnik rütbəsi daşıyan şəxslərdir, adi adam deyillər. Adi kriminal ünsürlərin təşkil etdikləri mütəşəkkil cinayət qruplaşmaları ifşa olunan zaman həbs edilənlər bundan daha çox olur. Necə ola bilər ki, söhbət general nazirdən və onun general, polkovnik rütbəsi daşıyan adamlarından getdiyi halda ortada cəmi yeddi-səkkiz nəfərin adı var?
Hər halda məhz generallar özləri “Topaz” məntəqəsinə gedib, aylıq 15 min haqq qoymayıblar, bunu edən və aybaay gəlib xəracı götürən daha kiçik fiqurlar olub. İş adamlarını intim həyata aid video və fotolarla şantaj edənlər də, bir çox sahibkarları qandallayıb təcridxanaya salanlar da, onların qohum-əqrəbasını soyanlar da polkovniklər özləri olmayıb.
Söz yox, mütəşəkkil cinayət qrupunun başında yüksək rütbəli adamlar durublar, amma bu cinayətləri icra edən aşağı rütbəli işçilər də olub. Hələlik onların həbs edilməsi, zərərsizləşdirilməsi ilə bağlı xəbərlər yoxdur.
Ola bilər ki, hazırda reket-şantaj çetesinin üzvü olan aşağı ranqlı şəxslərin kütləvi şəkildə tutduqları vəzifələrdən azad edilməsi prosesi gedir, amma bu, onları məsuliyyətdən azad edə bilməz. Hər kəs öz əməlinə görə cavab verməlidir, kriminal ierarxiyada tutduğu mövqeyə uyğun olaraq cəza almalıdır.
Artıq ilk günlərdə verilən rəsmi açıqlamalarda adı çəkilən bəzi yüksək rütbəli şəxslərlə bağlı düzəlişlərlə süslənmiş yeni açıqlamalar  yayılır. Bu adları o siyahıya kim daxil etmişdi, kim çıxardı, niyə daxil etmişdilər, niyə çıxardılar - bəlli deyil.
İctimaiyyətdə, siyasi fəal dairələrdə belə bir rəy güclənməkdədir ki, istintaq “MTN çetesi” ilə bağlı məsələni dərinləşdirmək, onların bütün cinayətlərini açıb-tökmək niyyətində deyil. Düşünülür ki, bəlli bir mərhələdən sonra istintaq durdurulacaq, çete üzvləri tam zərərsizləşdirildikdən sonra onlara o qədər də ağır cəzalar verilməyəcək, bunun qarşılığında isə onlar ömürlük susacaqlar.
Mahiyyətcə, bu kriminal qruplaşma 10 il öncə ifşa olunan Zakir Nəsirov- Hacı Məmmədov qruplaşmasından daha güclü şəbəkə olub.
Düzdür, 10 il öncəki çetenin ayağında xeyli ölüm işləri və girovgötürmə faktları vardı. Bəlkə MTN çetesinin fəaliyyət dairəsində ölüm işləri olub? Araşdırılmalıdır.
Girov götürməyə gəlincə, təhlükəsizlik zabitlərinin yaratdığı qrupun girovluğunda olanlar qat-qat, hətta yüz qat artıq olub. Özü də Hacı Məmmədov öz girovlarını gizli mənzillərdə saxlayırdısa, MTN çetesinin girovları dövlətin xüsusi mühafizə olunan təcridxanasında saxlanılıb - həm də dövlətin adından.
Bu, onların işini daha da ağırlaşdırır. Ortada dövlətin nüfuzu, MTN-in reputasiyası məsələsi var. Bu şəxslər dövlətin sütunlarından birini sarsıdıblar, təmsil etdikləri strukturun etibarını zədələyiblər.
İndi ortada belə replikalar da var ki, guya başqa nazirliklərdə vəziyyət normaldırmı, onlar xalqı, dövləti talamırlarmı?
Əlbəttə, aşağı-yuxarı hər kəs, az qala hər bir məmur korrupsiya bataqlığının içindədir. Söhbət ondan gedir ki, hər bir dövlətdə elə dərin strukturlar olmalıdır ki, məhz onlar heç bir halda korrupsiyanın qır qazanına girib ləkələnməsinlər və dövləti qoruya, toparlaya bilsinlər. MTN-in vəzifə funksiyalarından biri və ən əsası dövlətin təhlükəsizliyini qorumaqdır.
Ancaq MTN-də yuva salmış çetenin özü digər nazirlikləri, idarələri korrupsiya ilə daha çox məşğul olmağa vadar edib. Onlara xərac verən vəzifəlilər, sahibkarlar heç də həmin pulları öz zirzəmilərində kəsdikləri qəlp pullarla verməyiblər, xalqın cibindən zorla, kələklə çıxararaq, toplayıb, birikdirib çete üzvlərinə veriblər.
Bu məsələnin bir sonu olmalıdır. Ya dövlət onun əsaslarını sarsıdan şəxsləri ciddi cəzalandırmalı, çeteləri dağıtmalıdır, ya da çetelər xalqı cəzalandıracaq, dövləti dağıdacaqlar.

Bizə qoşulun