Medianews.az
Yetim uşaqların efirdə diləndirildiyi günlərdə hardaydın, ay MTRŞ?
204 baxış

Yetim uşaqların efirdə diləndirildiyi günlərdə hardaydın, ay MTRŞ?

samir sari kose 1 Uzun illər milli televiziyalardakı verilişlərdə yer alan biabırçılıqlardan, bayağılıqdan, şitlikdən, düşüklükdən, əttökənlikdən o qədər danışdıq, yazdıq ki, axırda  MTRŞ bu cəncələ bir əncam çəkmək istəyir.
Hərçənd MTRŞ düz 15 il gecikib. Televiziyaların zayı o vaxtdan çıxmağa başlamışdı. Ancaq insaf və ədalət naminə deyək ki, 13 yaşlı MTRŞ 15 il öncə teleməkanda çəki-düzən yarada bilməzdi, sadə bir səbəbdən ki, özü hələ yaranmamışdı.

Bir neçə ili də MTRŞ-nin yeni yarandığı illərdəki formalaşma, strukturlaşma prosesinə görə keçək, amma 2005-ci ildən başlayaraq MTRŞ ayrı-seçkilik etmədən indi etdiyi kimi etsəydi, telekanalları cərimələyə-cərimələyə bir tele-əndazə yaratsaydı, belə olmazdı. 
Məsələn, 6-7 il öncə “Space” telekanalı kimsəsiz uşaqları toplayıb “Sən bir nəğmə, mən bir nəğmə” adlı, əslində isə “Sən bir yetim, mən bir yetim” məzmunlu musiqi yarışması keçirəndə, xalqı ağlada-ağlada, aldada-aldada SMS dilənçiliyi edəndə bu işə bir əncam çəkilməliydi.

O haqq-hesab bu səhər işə gələndə sırf İbrahim Tatlısəsin yanıqlı-yanıqlı oxuduğu “Anam, anam” şarkısını eşidərkən və bir az sonra saytlarda MTRŞ-nin bəzi telekanallara irad tutduğu barədə oxuyarkən yadıma düşdü. Bu mövzuda o vaxtlar yazmışdım, indi bir daha təkrar etməkdə yarar var. 

Dediyim kimi, kimsəsiz uşaqlar arasında yarışma keçirirdilər. Yarışmaya cəlb olunan uşaqların çoxunun səsi yox idi. Ancaq onların hərəsinə bir yanıqlı şarkı əzbərlədib oxudurdular, sonra kövrələ-kövrələ xalqdan bu uşaqlara SMS istəyirdilər. Özləri istəməyə qane olmurdular, yazıq kimsəsiz körpələri də öyrədib camaatdan SMS diləndirirdilər.
“Anam-anam”ı da həmin yarışmada Fərid adlı bir oğlan oxudu. Pis oxumadı. Şarkının sözləri də beləydi: “Ağlarsa, anam ağlar ardımdan, göylərdən ağıt yağar yağmurla. Dost üzlü yalançılar qapımda, yalnızlıq çırıl-çıplaq qoynumda. Gül çiçək qoxan yanaqları, ninniylə umud verən dodaqları, heç bir şeydə yox ana sıcaqlığı. Anam, anam, anam, qərib anam, anam, sən yoxsan yanımda, kimə dərd yanam”. Üstəlik şarkının melodiyası da həzin idi. Fərid bu mahnını sakit şəkildə oxusa da, studiyaya toplaşan insanlar, əsasən də qadınlar ağlaşdılar.  Mahnı bitdikdən sonra aparıcı kədərli səslə dedi: “Ooff, of, sən neynədin, Fərid?” Fərid uşaq idi, çox da neynədiyinin fərqində deyildi, küt-küt aparıcıya baxdı. Aparıcı xanım davam etdi: “Hamımızı ağlatdın, Fərid, ekran başındakıları da, studiyadakıları da”. Bu yerdə Fərid bir az tutuldu. Xanım ondan bu mahnını oxuyarkən öz anasını düşünüb-düşünmədiyini soruşdu, uşaq cavab verməmiş eyham etdi ki, bu, anası olmayan, atılmış uşaqdır, ona görə bu mahnını ürəkdən, içdən oxudu. Amma Fəridin cavabından məlum oldu ki, anası onu uşaq evinə müvəqqəti verib, tez-tez də gəlib baş çəkir.

Mənzərə açıq şəkildə ortadaydı. Layihənin rəhbərləri eynilə körpə uşaqları metroda diləndirib mərhəmətli insanlardan pul yığan dələduzlar kimi hərəkət edərək, kimsəsiz uşaqlara kədərli mahnılar oxutdurur, onların diliylə xalqdan SMS (50 qəpik, 5 manat, 10 manat)  istəyir və yığırdılar. 

Bax, o vaxt bu dələduzluğa lazımi qiymət verilməliydi. Burada uşaq əməyinin istismarı da vardı, xalqı kədərə boğub acındırmaq, duyğularıyla oynayıb cibini soymaq alçaqlığı da. Fəqət MTRŞ bunu görməzliyə vurdu və layihə davam etdi - telekanal və layihə rəhbərləri bu veriliş iyrənc şəkil alana qədər kimsəsiz uşaqları itismar etdilər, mərhəmətli insanları soydular.

2010-cu ilin bu vaxtları, parlament seçkiləri kampaniyasında “Lider” televiziyasının efirində xüsusi şərhlə yayılan sənədli pornosüjetlər yaddan çıxıbmı? Xeyr. Hər kəs xatırlayır. Çünki minlərlə insan həmin biabırçı, dünyanın heç bir televiziyasında açıqlığı ilə göstərilməyən kadrların nümayişindən sonra “Lider” telekanalına baxmır. Adamlar tanıyıram ki, bu kanalın peyk frekansını televizorun yaddaşından silib ki, birdən barmağı pulta toxunar, “Lider” açılar, qanqaraçılıq olar.

Seriallarda vulqar danışıqlara irad tutmaq da vacibdir, amma arada  xalqın tərbiyəsini pozanlara da göz ağartmaq lazımdır.  Yoxsa bir yetim ANS tapmısınız, sağdan da döşəyirsiniz, soldan da...

Bizə qoşulun