Nəticələri faktiki, bəlli olan növbəti parlament seçkiləri 23 günlük formal təbliğat mərhələsinə girib. Amma yenə də ölkədə seçki ab-havasının qoxusu belə gəlmir. Əsas səbəb deyildi - seçkilərin həmişəki kimi Azərbaycansayağı keçməsi və bu üzdən xalqın ədalətli seçkiyə inamının qalmaması.
Amma yenə bəzi xüsusatlara əlahəzrət tarix naminə toxunmağımız lazım gəlir.
Məsələn, MSK-nın rəsmi açıqlamasına görə, 1 noyabr seçkilərində hakim YAP-dan 116, Müsavat Partiyasından 23, “Azadlıq” blokundan 19, Ümid Partiyasından 17, AMİP-dən 12 namizəd qeydə alınıb. Sözsüz ki, bundan qat-qat böyük sayda müxalifət iddiaçısı ən müxtəlif bəhanələrlə seçki marafonundan kənarda saxlanılıb (Əslində canları qurtarıb).
Bununla işimiz yox. İşimiz indi seçkiyə buraxılan namizədləri gözləyən saysız-hesabsız qanunsuz maneələrlə bağlıdır.
Kontur-üsulların və vasitələrin çoxu isə bəllidir: qohum-qardaşla, ələlxüsus da dövlət qulluğunda işləyənlərlə təzyiqlər, birbaşa və ya dolayı şantajlar, fiziki-mənəvi hədələr, hətta sui-qəsd cəhdləri, real şansa malik alternativ namizədin seçicilərlə görüşünə min cür əngəlin yaradılması, insanların pulla, yalan vədlərlə ələ alınması və s. Nəticədə də haqqında danışılan siyahının növbəti dəfə öz təsdiqini tapması. Buna da durub deyəcəklər demokratik seçki.
O da məlum olacaq ki, reytinqi “fontan vuran” YAP-ın 116 namizədindən ən azı 2/3-si, “bir papka bir sədr”dən ibarət olan yedək “müxalifət” partiyalarının hərəsinin 1 namizədindən biri (yəni 100 faiz), yaxud 2-dən ikisi də qalib gəlib, fəqət qos-qoca Müsavatın 23, “Azadlıq” blokunun 19, Ümidin 17, AMİP-in 12 namizədinin hamısı nədənsə uduzub! Və ya onlardan uzağı, 1 nəfər parlamentə keçə bilib.
İnandırıcı görünürmü? Əlbəttə ki, yox. İnanan daşa dönsün. Fəqət, inanmayanlar 18 gün sonra Xanhüseyn Kazımlı başda olmaqla, yedək partiya rəhbərlərinin hamısının “möhtəşəm” qələbələrinə, “heç bir elektoratı olmayan” gerçək müxalifətin isə növbəti “acınacaqlı məğlubiyyəti”nə bir daha şahid və əmin olacaq.
Bu da olacaq növbəti parlamentin də təyinat əsasında formalaşdırılacağının daha bir sanballı dəlil-sübutu.
Ancaq şəxsən mənim acığım xalqın yerinə bəlli siyahını tərtib edənlərdən çox, ora öz adlarını yazdıranlara tutur. Yaxşı, lap elə “yuxarılarda” məsləhət görüblər, bəs sizin özünüzə, insaf-mürüvvətinizə nə gəlib? Niyə özünüzə sual etmirsiniz ki, bəlkə yetər başqasına çatacaq halal mandatı 10-15, hətta 20 il cibdə gəzdirmək və ən əsası, heç bir iş görməmək?!
Axı, Bakı da daxil, o dairələrin mütləq əksəriyyətində sizi yaxşı mənada tanıyan, hansısa müsbət işinizi xatırlayan, sizin üçün əldən gedən və “sizin başınıza and içən” kimsə yoxdur. Nəsə etmisinizsə belə, müstəsna olaraq özünüz, yaxın ətrafınız və qanunsuz biznesiniz üçün etmişiniz də.
Acı gerçək belədir ki, 10-15-20 ildir ardıcıl saxta mandat gəzdirənlərin dairələrinin, demək olar, hamısında insanlar səfalət içindədir, onların həyat şəraiti, dolanışığı ümum-Azərbaycandakı kimi seçkidən-seçkiyə pisləşib, rayonlar boşalıb, gənc ailə başçıları işsizlikdən, bekarçılıqdan öz evlərini, uşaqlarını tərk edərək Rusiyaya, Türkiyəyə, Avropa dövlətlərinə üz tutublar; bölgələrdə əsasən təqaüdçülər qalıb, hətta ölü dəfn eləməyə də düz-əməlli adam qalmayıb...
*****
Doğrudan da insan üçün ən güclü və ədalətli hakim öz vicdanıdır - təbii ki, əgər o, yatmayıbsa. Bundan da betəri isə onun yoxluğudur.
Allah hidayət eləsin.
