Medianews.az
Sərkisyanın təxribatçı yanlışı, yoxsa..
233 baxış

Sərkisyanın təxribatçı yanlışı, yoxsa..

zahid yeni razmer Və ya biz müharibəyə hazırıqmı? Qarabağ cəbhəsində vəziyyət yenidən ağırlaşıb, canlı itkilər var. Hələlik bizim üçün təsəlliverici məqam budur ki, düşmənin itkiləri qat-qat böyükdür. Elə ən önəmlisi də belə konfrontasiyalı vəziyyətlərdə daim düşmənin daha çox itki verməsinə nail olmaqdır. Niyə? Çünki hər necə olmasa, hələ ki, isti müharibə yox, əsəb savaşı gedir və itkilərin sayı istər-istəməz tərəflərdəki hərbi və ictimai ovqata birbaşa təsir edir - ya ruhdansalıcı şəkildə, ya da stimulverici formada. Biz isə üstəlik, revanş hissi ilə alışıb-yanan uduzan tərəfik. Hərbi ekspertlər təsdiqləyər, müharibələrin taleyini bir qayda olaraq əsgərin və onun mənsub olduğu cəmiyyətin mənəvi-psixoloji durumu həll edir, nəinki silah-sursat arsenalının, ordunun say tərkibinin genişliyi, yaxud müasir silahlara nə dərəcədə malik olub-olmaması. Ordudakı və cəmiyyətdəki qələbə ovqatını, müharibəyə psixoloji hazırlığı isə ilk növbədə hakimiyyətin doğru-düzgün daxili siyasəti formalaşdırır. Azərbaycanda da belədirmi? Əfsuslar olsun ki, suala birmənalı “hə” demək olmur. Ona görə ki, uğurlu hərbi əməliyyatların əsas şərti sayılan hakimiyyət-xalq vəhdətindən danışmaq indilikdə mümkünsüzdür. Səbəbkar təbii ki, dövlətin sükanı arxasında duran siyasi qüvvədir. Mən bilmirəm, 3-cü ildir məhbus həyatı yaşayan Qarabağ veteranı Tofiq Yaqublunun cəbhə xəttindəki durumdan xəbəri varmı? Və niyə o, vəziyyəti zindandan izləməlidir? Bunun özü Qarabağa münasibəti göstərmirmi? Qarabağ veteranına, Qarabağ qazisinə münasibət elə Qarabağ məsələsinə münasibət deyilmi? Sualların cavabını az qala, uşaq da bilir. O zaman erməni üzərində qalibiyyətli müharibənin şərtlərini necə təmin olunmuş saymaq olar ki. Əlbəttə, heç kim iddia eləmir ki, Tofiq bəy azadlığa çıxan kimi təzədən cəbhəyə, döyüşə yollanacaq. O, artıq belə bir formada deyil, yaş da öz işini görüb. Amma... Əmması odur ki, yuxarıda vurğulandığı kimi, ordumuzun, gənc hərbçilərimizin döyüş ovqatına, mənəvi-psixoloji durumuna təsir edən məsələlər var ki, onlardan biri də keçmiş Qarabağ döyüşçülərinin, Qarabağ qazilərinin varlığıdır, onlara dövlət səviyyəsində göstərilən qayğıdır. Hər halda, Tofiq Yaqublunun illərdir heç nə üstə zindanda saxlanması bir siqnaldır ki, Azərbaycanda vətənpərvərlik məsələsi arzu olunan səviyyədə, yerində deyil, ələlxüsus da hakimiyyət tərəfdən baxanda. Elə olmasaydı, bu yandan da Qarabağ qaziləri Bakıda etiraz aksiyasına hazırlaşmazdılar - bu da başqa bir neqativ siqnal... ***** Şəksiz, düşmən də yatmayıb və bizim ağlımıza gələnlər onların da beynindən keçir. Düzdür, ötən həftə İrəvanda bir erməni Qarabağ veteranı vəhşicəsinə döyülüb və hakimiyyət faktı araşdırmağa qərar verib. Başqa yandan, erməni hələ ki, qalib tərəfdir və müəyyən məğlubiyyət kompleksi yaşayan bizlərdən fərqli olaraq bu, onlara yeni müharibə ərəfəsində istər-istəməz müəyyən təbii avantaj yaradır. Son günlər bu xüsusda gündəmdə olan məsələlərdən biri də düşmən ölkənin başçısı Serj Sərkisyanın cəbhədəki ağır itkilərdən sonra verdiyi “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” bəyanatıdır. Zənnimizcə, bu bəyanat 3 hədəf güdür: 1. Dağlıq Qarabağı Ermənistan torpağı elan eləməklə Rusiyanı müttəfiqlik müqaviləsi, KTMT çərçivəsində münaqişəyə cəlb edib ondan zəruri kömək almaq. Çünki məntiqlə Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistana hücum KTMT-yə hücumdur. 2. Daxili auditoriyanı, qəzəbli əsgər analarını sakitləşdirmək və daxili siyasi təzyiqlərdən yayınmaq. 3. Dağlıq Qarabağın da “ana vətən” olduğunu erməni toplumuna xartladıb onu müharibəyə həvəsləndirmək - yəni yenə mənəvi-psixoloji ovqatı yaxşılaşdırmaq məsələsi... Düşmən ölkə başçısının öz hədəflərinə nə dərəcədə çatacağı bilinmir. Amma bir şeyi hamı bilir ki, Qarabağı işğal altında olan Azərbaycanda Qarabağ veteranı hələ də həbsdədir. Özü də əsassız yerə həbsdədir.

Bizə qoşulun